İqtisadiyyat

Yunanlar TAP-a görə küçələrə çıxır

1 Dekabr 2015 21:27
1 Şərh     Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik Qaz Kəməri (TAP) qarşı Yunanıstanda etiraz aksiyası olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Yunanıstanda kəmərin keçəcəyi Kavala şəhərində yerli fəallar əllərində TAP layihəsinə qarşı şüarlar yazılmış plakatlarla küçələrə çıxıblar.

Onlar kəmərin kənd təsərrüfatı əhəmiyyətli torpaqlara və arxeoloji abidələrə ziyan vuracağını iddia edirlər.

İndiyədək İtaliyanın Salento vilayətində TAP-a qarşı aksiyalar təşkil olunurdu. Yerli fəallar, bələdiyyə və "5 Star" siyasi hərəkatı kəmərin ətraf mühitə, zeytun bağlarına ziyan vuracağını iddia edərək onun çəkilməsinə qarşı çıxırdılar. Bu etirazlar hələ də davam edir.

Analitiklərin qənaətinə görə, əslində TAP-ın ətraf mühitə zərər vurması haqdakı iddialar bəhanədir və layihəyə qarşı yaradılan əngəllərin arxasında Azərbaycan qazının Avropa bazarlarının çıxmasının əleyhinə olan siyasi maraqlar dayanır.

TAP layihəsinə əsasən kəmər Türkiyənin Yunanıstanla sərhədindən yunan qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin kəmərlər şəbəkəsinə birləşdiriləcək. Lakin qazı daha sonra Yunanıstan üzərindən İtaliyaya ötürmək üçün Egey dənizi sahili boyu yunan yarımadasından yeni yeraltı kəmər çəkilməlidir.

Kavala şəhəri bu yarımadada, Egey dənizinin şimal-şərq sahilində yerləşir. Şəhər o qədər də məşhur deyil, ancaq orada mühüm tarixi və arxeoloji abidələr yerləşir. Kavala şəhəri qədim Roma imperatorunun varisləri Qay Oktavianla Mark Antonionun qoşunlarının  Yuli Sezarı qətlə yetirən Detsim Brutun qoşunları ilə döyüşün baş verdiyi yer kimi tanınır.

Bundan əvvəl - 2013-cü və 2014-cü illərdə yerli fermerlər və hakimiyyət orqanları etiraz edərək TAP konsorsiumunu kəmərin arxeoloji abidələrə ziyan vurmaması üçün marşrutun şimala doğru dəyişdirilməsinə nail olublar.

Lakin bu ilin sentyabrında TAP konsorsiumu bu razılaşmadan çəkilib və əvvəlki marşrutun seçildiyini bildirib.

Digər məlumata görə, Yunanıstanın özəlləşdirmə komissiyası DESFA şirkətinin səhmlərinin 17 faizinin satılmasına dair tender prosesini başladıb. Şirkətin səhmlərinin 66 faizini SOCAR almışdı, lakin Avropa Komissiyası razılaşmanı təsdiqləmədi və Yunanıstan qaz kəmərləri sisteminin operatorunun nəzarət səhm paketinin Azərbaycan şirkətinə satılmasını "Üçüncü enerji paketi"nə zidd hesab etdi.

Nəticədə SOCAR səhmlərin 17 faizini Avropa şirkətlərinə satmağa razılıq verib. Tenderə üç şirkətin qatıldığı məlumdur: FLUXYS( Belçika), ENAGAS (İspaniya) və CNAM (İtaliya).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.