Mədəniyyət

Vətən və hürriyyət nəğməkarı

24 Oktyabr 2014 13:37
0 Şərh     Baxış: 1 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
XX əsrin mürəkkəb ədəbi-tarixi və ictimai-siyasi şəraitində bütün zəkasını və enerjisini doğma xalqının mədəni tərəqqisinə, mənəvi və fiziki sağlamlığı uğrunda mübarizəyə həsr edərək şəxsi həyatını ictimai məsləkə, əqidəyə çevirib inamla "məsləkim tərcümeyi-halımdır" deyə bilən Abbas Səhhət Azərbaycan ədəbiyyatının orijinal, sayılıb-seçilən simalarındandır. Yaşadığı dövrün bədii fikir tarixində istedadlı şair, poetik tərcümələr, elmi-publisistik məqalələr müəllifi, şeir nəzəriyyəçisi, Yaxın və Orta Şərqdə yeni tipli poeziyanın banisi - dahi Mirzə Ələkbər Sabirin ən yaxın dostu və ilk bioqrafı, nəhayət, bütün qüvvəsini yaşadığı şəhərdə əhalinin sağlamlığı və savadlanması yolunda sərf edən fədakar həkim və yorulmaz müəllim kimi A.Səhhət dərin sevgi, sonsuz məhəbbət hədəfidir. Bu sevgini o, çoxtərəfli yaradıcılıq fəaliyyətindən başqa, həm də bənzərsiz tərcümeyi-halı, təkrarsız ömür yolu, böyük şəxsiyyəti, vətəndaş qeyrəti ilə qazanmışdır. Mərhum ədəbiyyatşünas, akademik Kamal Talıbzadə doğru deyirdi ki, Səhhətin yığcam tərcümeyi-halı onun vətəndaş və şair ideallarının aynasıdır.

Abbasqulu Molla Əlabbas oğlu Mehdizadə - Səhhət Azərbaycanın çox qədim mədəni-siyasi mərkəzlərindən olan Şamaxı şəhərində doğulmuş (1874), ilk təhsilini atasının Sarıtorpaq məhəlləsində açdığı mollaxanada almış, ərəb, fars dillərini öyrənmiş, Quranı və Sədinin "Gülüstan" əsərini oxumuşdur. Yeniyetməlik dövründə Şamaxıda şair Hacı Cabbar Sabitdən bədii yaradıcılığın sirlərini, əruz qaydalarını öyrənmiş, atasının istəyi və ustadının məsləhəti ilə təhsilini artırmaq, elmini dərinləşdirmək üçün müsəlman Şərqinin dini-mədəni mərkəzlərindən sayılan Məşhəd şəhərinə getmiş (1894), az müddət Məşhəddə Mirzə Cəfər mədrəsəsində oxuduqdan sonra buradakı təhsil onu təmin etmədiyi üçün Tehrana köçmüş, atasının yaxın dostlarından birinin köməyi ilə "Mədrəseyi-nizamiyeyi-Nasiriyyə" adlanan, Tehran darülfünununun tibb şöbəsinə daxil olmuşdur. Altı il bu darülfünunda təhsil alan Səhhət həkimlik peşəsi ilə yanaşı fransız dilini də öyrənmiş, ərəb, fars dillərində biliyini təkmilləşdirmiş və 1900-cü ildə həkim diplomu ilə bir yerdə naiblik rütbəsi də almışdır. Şairin ömür yolunun və bədii irsinin ən yaxşı və nüfuzlu tədqiqatçısı K.Talıbzadə onun təhsil və ilk qulluq illərindən bəhs edərək yazır: "Səhhət çalışqanlığı və istedadı, elmi və nəzakətiylə yoldaşları, müəllimləri, eləcə də darülfünunun müdiri yanında hörmət qazanmış, özünü məlumatlı bir gənc həkim kimi tanıda bilmişdi. Odur ki, müəyyən bir iş üçün Tehrana gəlmiş Qaşqay xanı Zərğamüs-Səltənə özü ilə bərabər aparmaq məqsədilə darülfünunun müdirindən savadlı bir həkim istədikdə müdir onu təriflə xana təqdim etmişdi. Beləliklə, Səhhət 1900-cü ilin axırlarında xanla birlikdə türkdilli Qaşqay tayfaları içinə getməli olmuşdu... Bir ilə yaxın xanın sarayında həkimlik edən Səhhət xanla onun arasında baş verən bir tibbi mübahisə nəticəsində döydürülür. Nadan və cahil xandan öz xidmətinin "mükafatını" alan, təhqir olunmuş gənc həkim artıq orada qala bilməyib, 1901-ci ildə doğma yurduna - Şamaxıya qayıtmalı olur".

Sənədlərdə A.Səhhətin tələbə olarkən Parisə getməsi və oradakı xəstəxanalardan birində təcrübə keçməsinə dair də məlumat var. Bu haqda məşhur tədqiqatçı Salman Mümtaz yazır: "Səhhət Nasiriyyə mədrəsəsinin klinikasında işlədiyi vaxt oraya Hülaku nəslindən bir cavan xan gəlib öz gözlərini müalicə etdirir. Sonra həmin cavan xan Parisə getməli olur. O da Parisə gedəndə gözlərinə qulluq eləmək üçün öz yanıyca bir nəfər aparmalı imiş. Professor Mirzə Abdullanın mərufluğu ilə həmin xan Səhhəti özü ilə bərabər Parisə aparır. Xan orada bir iləcən müalicə ilə məşğul olur. Mərhum Səhhət də Paris xəstəxanalarının birində təcrübəsini artırmaq üçün çalışmağa davam edir. Həmin xan qayıtdığı vaxtda Səhhət dəxi qayıdıb gəlib İrana".

Tehranda təhsil alarkən Səhhət İranın Məşhəd, Şiraz, İsfahan kimi böyük şəhərlərini gəzir, Sədi və Hafizin qəbirlərini ziyarət edir, əhalinin yaşayış tərzi və dolanışığı ilə tanış olur. 1901-ci ildə doğma vətənə qayıdan gənc həkim-şairi Şamaxı camaatının əksəriyyəti, o cümlədən yaxınları və doğmaları da çox soyuq, hətta qaşqabaqla qarşılayır. Dini təhsili buraxıb həkim olması məhəllənin köhnə zehniyyətli adamlarında və ruhani ata-anasında ona qarşı möhkəm bir narazılıq əmələ gətirir. İkinci tərəfdən, Tehran darülfünunun diplomu ilə Rusiya torpağında həkimlik etməyə ixtiyarı olmadığı üçün işsiz və tənha qalan Səhhət bir müddət atasının və kiçik qardaşının maddi köməyi ilə yaşayır. 25 yaşı tamam olanda dayısı qızı Səkinə xanımla ailə qurur. Lakin gənc ər-arvadın xasiyyəti uyğun olmadığından az sonra onlar ayrılırlar. 1902-ci ildə şair ikinci dəfə Soltan Nisə adlı bir qızla evlənir. K.Talıbzadə yazır ki, Soltan Nisə "kasıb və savadsız idi. Ancaq səmimi, xoşrəftar və mənən zəngin bir qadın olduğundan tezliklə şairin həssas, qayğıkeş dostuna çevrilir. O, Səhhətin köməyi ilə az zaman içərisində savad öyrənir, şairin əsərlərinə maraq göstərib oxumağa başlayır".

Bu vaxtdan Səhhətin tərcümeyi-halının yeni mərhələsi başlayır. Şair tənhalığa son qoyur, Sabir, Tərrah və Nasehlə yaxınlıq-dostluq edir, şeir məclisləri düzəldir, tamaşalar hazırlayır. Səhhətin geniş ədəbi-ictimai, müəllimlik fəaliyyəti də bu zamandan başlayır. O, Şamaxıda açılan gimnaziyaya Azərbaycan dili, yaxud o zaman deyildiyi kimi, "tuzemnıy yazık" müəllimi təyin olunur. Bu zamandan şair-həkim Abbasqulu həm də Mirzə Abbasqulu kimi tanınır və sevilir. O zaman rus məktəblərində və gimnaziyalarda çalışan "tuzemnıy yazık" müəllimlərinin çoxu başlıca olaraq müsəlman şagirdlərə islam şəriəti qaydalarını öyrətməklə məşğul olurdular. Rus dilində təhsil alan şagirdlər "tuzemnıy yazık" fənninə məzmunsuz, yalnız mollalıq öyrədən maraqsız, cansıxıcı fənn kimi baxır, çox vaxt bu dərslərdən yayınmaq istəyirdilər. A.Səhhət isə "öz dərslərində rusca təhsil alan şagirdləri o dərəcədə maraqlandırmışdı ki, dəfələrlə müraciət edib dərsdənxaric vaxtlarda da onu dinləmək, onun şirin nitqini, gözəl şeirlərini eşitmək istəyirdilər" (C.Cəbrayılbəyli).

Səhhətin ictimai fəaliyyətinin mühüm sahəsi onun həkimliyi ilə bağlıdır. Artıq deyildiyi kimi, həkimlik diplomunu Tehranda aldığı üçün ona Rusiya ərazisində işləməyə icazə verilməmişdi. Buna baxmayaraq, xalqını dərin məhəbbətlə sevən şair həmvətənlərinin fiziki sağlamlığı üçün də bacardığını edir, müxtəlif səbəblərdən ona müraciət edənlərə böyük qayğı ilə yanaşırdı. Müasirlərindən biri öz xatirələrində yazır: "Səhhət təcrübəli, bilikli və vicdanlı bir həkim idi. Öz ixtisasını, hər şeydən qabaq, gəlir mənbəyinə çevirən bəzi həkimlərə qətiyyən oxşamazdı. Onu xəstənin əsil-nəsəbi, var-dövləti qətiyyən maraqlandırmazdı. Xəstə kim olursa-olsun, dərhal üstünə gələr, diaqnozu düzgün təyin edər, müalicəsinin yolunu göstərər, sağalacağına ümid verər, xəstəni və onun qohumlarını fərəhləndirərdi. Bir çox hallarda yoxsul xəstələrə evdən dərman gətirdiyinin və ya öz pulu ilə aldığının mən özüm dəfələrlə canlı şahidi olmuşam. Ona görə də o zaman Səhhəti çox sevirdilər və demək olar ki, əksər hallarda ona müraciət edərdilər. Səhhət isə gecənin nə vaxtı olursa-olsun heç kəsi rədd etməz, heç bir müraciəti cavabsız qoymazdı".

Həm həkimlik, həm də müəllimlik sahəsində qızğın və səmərəli fəaliyyətinə baxmayaraq, Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində ilk növbədə zəngin və orijinal bədii yaradıcılığı olan ədəbiyyat xadimi: şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasiridir. Həmçinin dramaturji əsərləri vardır. Özü də bu yaradıcılıq sahələrinin hər birində Səhhət milli mentala, Şərq bədii-estetik ənənələrinə, dini-fəlsəfi qaynaqlara: Qurana və "Gülüstan"a, "Xəmsə"yə və Füzuliyə, Mirzə Fətəli və Seyid Əzimə bağlıdır. Onun 1905-ci ildə "Həyat" qəzetində çap olunmuş "Təzə şeir necə olmalıdır?" məqaləsində irəli sürdüyü, müasirlərinə tövsiyə etdiyi "hissiyyatı bilmək", şeir yazarkən "hissiyyata tabe olmaq" tələbləri klassikaya: Sədiyə, Hafizə, Füzuliyə, Tofiq Fikrət bəyə möhkəm bağlılıqdan qaynaqlanırdı. İlk şeirlər kitabına yazdığı müqəddimədə böyük təvazökarlıqla özü barədə "şair deyilsəm də, bir az şair kimiyəm", deyən Abbas Səhhətin fikrincə, şairlər hissiyyatı bilməli, şeir yazarkən "hər şeydən müqəddəm hissiyyata tabe olmalıdır" ki, onun sözü oxuyanların qəlbinə təsir etsin və "başqasının hissiyyati-qəlbisini oyandırsın". Bu konseptual təlimə həmkarlarının hamısından artıq Səhhət özü əməl edərək, oxucuların "hissiyyati-qəlbisini oyandıran", onlara "mərifət və ibrət dərsi" verən şeirlər yazmaqla XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında yenilikçi-novator şair kimi tanınmışdır. O özünün sənətkar fərdiliyi, müstəqil düşüncəsi, sosial və siyasi görüşləri baxımından mollanəsrəddinçi realistlərdən də, füyuzatçı romantiklərdən də, klassik poeziya üslubunu davam etdirən qəzəl-qəsidə şairlərindən də ("Məcməüş-şüəra" üzvləri) kəskin fərqlənən "təzə səbk", "üsuli-cədid" tərəfdarı idi. Bu "səbki" və "üsuli-cədidi" tədqiqatçıların əksəriyyəti, adətən, romantizm, romantik üslub hesab edirlər. Abdulla Şaiq yazır: "Səhhətin yaradıcılığında fikirdən artıq hiss və xəyal hakimdir. "Şair və şeir pərisi", "Yuxu" kimi şeirlərində isə romantizm üslubu vardır. Fəqət o, müsaid (yüksələn, ucalan - Z.Ə.) romantiklər kimi xəyalın qanadları üzərində nə ülviyyəti təmsil edən fəzanın dərinliklərində qanad çala bilir, nə də əngin dənizlərin dəhşətli dalğaları arasında fırtına quşu kimi mübariz olmağı bacarır. O yalnız aşağılarda uçaraq həm yerdən, həm göydən ilham almağı bacaran mütənazil (yerə enmiş, həyati - Z.Ə.) romantikdir".

Bizcə, bu fikirdə Səhhət romantizminin və bütövlükdə Səhhət üslubunun səciyyəsi, onun romantizmini, məsələn, Hadinin və Cavidin romantizmindən ayıran, fərqləndirən əlamət dəqiq ifadə olunmuşdur. Doğrudan da Səhhətin romantik qəhrəmanı göylərlə yox, yerlə - içərisində yaşadığı cəmiyyətin ədalətsiz ictimai qanunları, sinfi bərabərsizlik, yoxsulluq içərisində qalıb əzilən, məhvə gedən kütlənin qayğıları, ağrı-acıları ilə maraqlanır. Onun dərin məhəbbətlə yaratdığı Şair surəti yer adamıdır, mövcud cəmiyyətin ictimai eybəcərliklərini, insanların əsarət altında yaşadığını görən və dərk edən ağıllı bir vətəndaş-ziyalıdır. O bilir ki, "şair vicdanının təlqin etdiyi bütün həqiqətləri" yazmalı, cəmiyyətin tərəqqisinə xidmət göstərməlidir. Lakin ədalətsiz ictimai quruluş onun sənətkar azadlığını, gördüyü həqiqətləri söyləmək imkanını əlindən almış, ilhamının qanadlarını əzib sındırmış, buna görə o, çarəsiz qalıb "nəğmə-qəzəl yazmağa məcbur olur".

Vətənə, millətə sanma deyiləm dildadə,
Yazmaq olmaz fəqət olmazsa qələm azadə.
Həqqə, namusa, nicata, qələmə and olsun,
Ərşə, fərşə, günəşə, sübhi-dəmə and olsun,
Çox həqiqət mənə təlqin eləyir vicdanım,
Yoxdur ondan birini söyləməyə imkanım.
Danışarkən həqi göydən yetişən buyruqla,
Tıxanıb sözlərim ağzımda qalır yumruqla.
Doğru söz söylədiyim halda məsul oluram,
Çarəsiz nəğmə, qəzəl yazmağa məşğul oluram.
İstərəm qoşmağı, lakin yük ağıryol da yoxuş,
Necə uçsun qanadı sınmış, əzilmiş bir quş?

Yer üzünün - cəmiyyətin eybəcərliklərindən bezmiş, usanmış Şairə Şeir pərisi əsarətdən qaçmağı, "cəfa aləmi"ndən uzaqlaşıb səfa aləminə getməyi, göylərə yüksəlməyi məsləhət bilir. Bu təklifi qəbul edən Şair "bihuşanə yıxılıb hərəkətsiz qalır və aşiqanə bir halda mat-məbhut qalmış ikən şəhərli qiyafəsində bir cavan zahir olub ona yaxınlaşır", vaxtı bihudə - boş, faydasız keçirdiyi üçün onu məzəmmətləyərək, "millət ilə nalədə həmavaz" olmağa çağırır:

İştə öz fikrini ibraz edərək mümtaz ol!
Laəql millət ilə nalədə həmavaz ol!
Sayılırsan vətən övladlarının bir fərdi,
Vətən imdadına çağırır iştə hər fərdi.
Ya ər ol, ortaya çıx, gəl kömək et qardaşına,
Ya gedib evdə otur, həm də ləçək sal başına.

Şair müsahibinin - Şəhərlinin tövsiyələrini qəbul edir və ürəyinin "tabavəri-qəm olmağıyçün dərgahi-həqdən səbir, mətanət diləyir". Şair yer adamı olaraq qalır. Onun xarakterində romantizmə xas olan əsas əlamət - müstəsnalıq yoxdur. Səhhətin yaratdığı Şair tipik surətdir; XX əsrin əvvəllərində ictimai əsarətin, istibdadın faciələrini görən, lakin irticaya qarşı heç nə edə bilməyən söz sənətkarlarının timsalıdır.

Əsərdə Səhhətin sənətkar ideallarını ifadə edən bədii surət Şəhərlidir. Onun da təbiətində və düşüncələrində qeyri-adi heç nə yoxdur. Əksinə, bəzi xüsusiyyətlərinə görə XIX əsr Azərbaycan poeziyasındakı maarifçi sələflərini - xeyirxah nasehləri xatırladır. Təsadüfi deyil ki, mürəkkəb, keşməkeşli şəraitdə Şairi vətən, millət üçün faydalı işlər görməyə Şəhərli çağırır:

Qalx, oyan, cürət elə, rəd kimi fəryad et!
Bu fəlakətdə qalan millətinə imdad et!
Ananın dərdinə övladı şərik olmazmı?
Ananın halı vəxlim olsa, oğul solmazmı?
Vətən uğrunda gərək şəxs fədakar olsun,
Belə mövsümdə yatan kimsələrə ar olsun

Abbas Səhhətin şeirləri həm ideya-məzmun, həm də bədii inikas üsulu baxımından zəngindir. O, romantik şairdir; şeirlərinin əksəriyyəti lirik üslubdadır. Lakin realist metodla epik və satirik üslubda yazılmış əsərləri də vardır: "Əhmədin qeyrəti", "Qış", "Yay şəhəri", "Özlərini sevənlərə", "Rövzəxan" və s. Bu şeirlərin bir qismində yoxsul camaatın güzəranı, ağır həyat, yaşayış tərzi əks olunur, başqa qismində xalqdan uzaq düşmüş, millətə biganə, günlərini eyş-işrətlə yola verən müftəxor, tüfeyli adamlar, öz dilinə xor baxan ürəfalar, əmmaməli, saqqallı alimnümalar tənqid edilir. Səhhət yoxsulluğun və mədəni geriliyin də xalqa, millətə biganəliyin və tüfeyli həyat sürməyin də, hətta əsarətdə qalıb kölə kimi yaşamağın da başlıca səbəbini elmsizlikdə və maarifsizlikdə görür. Buna görə elmə, təhsilə maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir: "Qanuni-həyatdır: yaşamaz cahil olan qövm, Səy eylə oxu, qeyrət elə, qardaş, amandır!"

XX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərmiş ziyalıların çoxu kimi, Səhhət də müsəlmanların mədəni-siyasi geriliyinin, onların əsarətdə qalmasının səbəbini maarifsizlikdə və elmsizlikdə görürdü. Onun fikrincə, xaricilər elmə yiyələndikləri üçün tərəqqidə "qabağa düşdü", müsəlmanlar isə elmsiz olduqlarına görə "yaman günlərə qaldılar". Bəs köləlikdən, əsarətdən çıxıb, diri qalmağın, həqiqi insan kimi yaşamağın yolu nədədir? Şair millətə müraciətlə yazır:

İndi, millət, mədəniyyət dəmidir,
Rahi-hümmətdə həmiyyət dəmidir.
Qədəməndaz olalım meydanə,
Kəsbi-ürfan edəlim mərdanə,
Qalxalım, biz dəxi bir ad edəlim,
Dövri-əslafımızı yad edəlim.
Oxuyaq, elm oxumaqlıq dəmidir,
İndi aləm dəxi elm aləmidir...

Şair azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü:

A hürriyyət! A münfərid əməlim!
İştə sənsən səadəti bəşərin.
Könlümdəki ən istəkli gözəlim,
Rəfahəti, fəlahəti bəşərin.

Səhhətin azadlıq eşqi vətənə, yurda məhəbbət duyğuları ilə qırılmaz əlaqədə, möhkəm vəhdətdədir. Onun şeirlərinin lirik qəhrəmanı vətən dəlisi, yurd Məcnunudur: "Şişə çəksəz də diriykən ətimi, Atmaram mən vətənü millətimi" - "Tərcümeyi-halım, yaxud hululu" şeirində verilən bu poetik bəyanat şairin vətən haqqında başqa şeirlərinin də ana xəttini, ideya-bədii leytmotivini təşkil edir. Həmin şeirlərdəki lirik "mən" vətən yolunda "can isar etməyə" hazır olan fədakar bir aşiqdir:

Ey vətən, getmə ki, əldən gedəriz!
Biləriz fərz sənin xidmətini!
Nəqdi-can eşqinə isar edəriz,
İstəriz vəzi-fəlah heyətini!

Səhhətin şeirlərində tərənnüm olunan vətən konkret yerdir; şairin "vücudə və xalqına qarşı sücudə gəldiyi Qafqaz qitəsidir". "Vətən" (1914) şeirində bu yerin ecazkar gözəlliyini, füsunkar təbiətini, qalın ormanlarını, vəhşi ceyranlarını, sərin sularını, saf havasını, buludlara dəyən uca dağlarını, ətir saçan güllərini, çiçəklərini, qeyrətli, hünərli övladlarını böyük sövqlə, bəzən vəcdlə tərifləyən şair doğma vətənə dərin məhəbbət hissləri aşılayır:

Gözəl torpaq, gözəl ölkə, gözəl yer!
Dünya üzrə bimislü bibədəl yer!
Bu cür gözəl məmləkəti kim sevməz?
Buna firavan neməti kim sevməz?
Mən vətəni canım kimi sevərəm,
Ruhum, ətim, qanım kimi sevərəm.

Eyniadlı başqa bir şeirində vətən lirik qəhrəmanın könül dostu, insana süd verib qoynunda bəsləyən, onu boya-başa çatdıran ana, sevgili canan, əcdadların mədfəni, övladların məskəni deyə təqdim olunur. Belə təqdimatda vətənin insan üçün necə şirin, əziz nemət, əvəzsiz varlıq olması aydın görünür:

Könlümün sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim.
...Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə vətən.
Vətənin sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.

Abbas Səhhətin şəxsi bioqrafiyası kimi, yaradıcılıq tərcümeyi-halı da onun məsləkinin, ideallarının parlaq güzgüsünə çevrilib. Bu tərcümeyi-hal doğma Şamaxıdan - "ölü şəhər"in Sarıtorpaq məhəlləsindən başlanaraq, Xorasan, Tehran, Paris, Bakı, Tiflis, Petropavlovskdan keçməklə Gəncədə tamamlanıb. Şair 1918-ci ildə erməni vəhşiliyindən qurtarmaq üçün əvvəlcə Sabirabada, oradan Gəncəyə pənah aparır və burada yatalaq xəstəliyinin qurbanı olub dünyasını dəyişir. Onun işıqlı məsləki isə ürəklərə keçib yaşayır və həmişə böyük sevgilərlə xatırlanır...

"Azərbaycan"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.