Mədəniyyət

Görkəmli aktyorumuzun xatirə gecəsi keçiriləcək

9 Aprel 2014 16:27
0 Şərh     Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrında Mustafa Mərdanovun xatirə gecəsi keçiriləcək

10 aprel tarixində saat 19:00-da Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Mustafa Mərdanovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Yubiley tədbirində aktyorun teatr və kino fəaliyyətini əks etdirən videoçarx, eləcə də onun iştirak etdiyi tamaşalardan və filmlərdən parçalar nümayiş olunacaq.

Milli.Az xəbər verir ki, 1894-cü ildə Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olan Mustafa Mərdanovun uşaqlıq və gənclik dövrü Qafqazın mədəniyyət mərkəzi sayılan Tiflisdə keçib. Uşaq yaşlarından teatr sənətinə maraq göstərən M.Mərdanov Tiflisdəki müsəlman dram dərnəklərində çıxış edib, 1921-1922-ci illərində Tiflis Azərbaycan Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.

1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib Bakıya gələn M.Mərdanov və Azərbaycan Dövlət Dram Teatrında teatr fəaliyyətini davam etdirib. Malik olduğu yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, yumşaq yumor kimi xüsusiyyətləri Mustafa Mərdanovu tamaşaçılara sevdirib. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov kimi böyük sənətkarlarla bir yaradıcı mühitdə işləməsi onun zəngin təcrübə toplamasına və bir aktyor kimi püxtələşməsinə yardımçı olub. Hələ Tiflis Teatrında işləyərkən Kərəməli (M.F.Axundzadə "Hacı Qara"), Qəmbər (N.B.Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük"), Ədhəm (N.Nərimanov "Nadir Şah") kimi xarakterik rollar ifa edən aktyor Bakı teatrında daha ciddi səhnə uğurları qazandı.

Onun Milli Dram Teatrının səhnəsində ifa etdiyi rollar arasında Xlestakov (N.Qoqol "Müfəttiş"), İmamverdi (C.Cabbarlı "Sevil"), Luka (M.Qorki "Həyatın dibində"), Şmaqa (A.Ostrovski "Günahsız Müqəssirlər"), Əbdül (C.Cabbarlı "Solğun çiçəklər"), Poloni (U.Şekspir "Hamlet"), Montekki (U.Şekspir "Romeo və Cülyetta"), Sadıq Sadıqov (İ.Əfəndiyev "Atayevlər ailəsi") xüsusilə böyük maraqla qarşılanıb, ələlxüsus aktyorun Xlestakov obrazını tənqid çox yüksək qiymətləndirib.

M.Mərdanovun teatrla yanaşı, aktov kino fəaliyyəti ilə də məşğul olmuşdur. Aktyorun kinoda ifa etdiyi ilk rol A.M.Şərifzadənin kinoda ilk işi olan 1925-ci ildə çəkilmiş Bismillah" filmində Muzdur Qulu rolu olub. Növbəti ildə isə aktyor Aleksandr Litanovun "Müxtəlif sahillərdə" ("Əlbəyaxa") filmində Abbas roluna çəkilib. M.Mərdanovun kino fəaliyyətində dönüş nöqtəsi onun ifa etdiyi Kərəməli rolu hesab olunur. A.M.Şərifzadənin çəkdiyi "Hacı Qara" (1929) filmində ifa etdiyi bu rol tamaşaçılar və mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb və aktyor ard-arda filmlərə dəvət almağa başlayıb.

Daha sonra "Sevil"də Atakişi, "İyirmi altı komissar"da Menşevik, "Kəndlilər"də Təhməz, "Yeni horizont"da Trest müdiri, "Səbuhi"də Akademiya rəisi, "Görüş"də Kolxozçu, "Qara daşlar"da Dəmirov, "O olmasın, bu olsun"da Həsən bəy, "Əhməd haradadır"da Məhəmməd kişi, "Qanun naminə" filmində Murtuzov rollarını ifa edib. Aktiv teatr və kino fəaliyyəti ilə yanaşı M.Mərdanov həm də iki kitabın müəllifidir. 1959-cu ildə nəşr olunan "50 il Azərbaycan səhnəsində xatirələrim" və ölümündən sonra - 1973-cü ildə işıq üzü görən "Mənim müasirlərim" xatirə kitabları dövrün teatr prosesini əks etdirən dəyərli kitablardır.

M.Mərdanov aktyor istedadı ilə yanaşı həm də çox güclü təşkilatçılıq qabiliyyətinə malik olmuş, xarici qastrolların təşkilində yaxından iştirak etmiş, teatr sənətinin təbliği üçün əlindən gələni əsirgəməyib. Aktyor bir neçə il Teatr Xadimləri İttifaqına rəhbərlik edib.

Sənətkarın Azərbaycan teatr və kino sənəti sahəsində xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib, aktyor 1943-cü ildə Xalq artisti fəxri adına, "Qırmızı əmək bayrağı" ordeninə və müxtəlif medal və mükafatlara layiq görülüb.

1968-ci ildə dünyasını dəyişən aktyorun qazandığı ən böyük mükafat tamaşaçı sevgisi, xalqın məhəbbətidir. Artıq uzun illərdir ki, fiziki olaraq, aramızda olmasına baxmayaraq, sənətkarın Azərbaycan xalqı üçün qoyub getdiyi zəngin mədəni irs onun xatirəsini əbədi olaraq yaşadır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.