Mədəniyyət

Yunan rejissor Akademik Milli Dram Teatrında tamaşa hazırlayacaq

9 Aprel 2014 16:24
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur yunanıstanlı rejissor Teodoros Terzopulos akademik milli dram teatrında tamaşa hazırlayacaq

Bu günlərdə məşhur yunan rejissoru Teodoros Terzopulos Akademik Milli Dram Teatrının direktoru İsrafilov İsrafilovun dəvəti ilə Bakıda olub.

Avropanın aparıcı rejissorlarından sayılan Teodoros Terzopulosla teatr arasında əldə olunan razılığa əsasən cari ilin sonlarında rejissor Akademik Milli Dram Teatrının səhnəsində Sofoklun "Antiqona" faciəsini tamaşaya hazırlayacaq. Bu gün dünya teatr məkanında birmənalı şəkildə qəbul olunan, Avropa ölkələrinin teatrları tərəfindən ard-arda dəvətlər alan, rejissorun Akademik Milli Dram Teatrında tamaşa hazırlaması faktı Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyasının və son illər ərzində əldə olunan yüksək inkişaf səviyyəsinin göstəricisidir.
T.Terzopulosun bu səfərində ilin sonlarında hazırlanması nəzərdə tutulan "Antiqona" tamaşasının detalları müzakirə olunub. Rejissor iki günlük gərgin qrafikli səfəri zamanı Akademik Milli Dram Teatrında gənc rejissor, aktyor və teatrşünaslarla da görüşüb, gəncləri maraqlandıran sualları cavablandırıb. Görüşdə qeyd olunub ki, tezliklə T.Terzopulosun Bakıya daha bir səfəri gözlənilir. Növbəti səfərdə rejissor "Antiqona" tamaşası üçün kastinq həyata keçirmək, eləcə də seminarlar və ustad dərsləri təşkil etmək fikrindədir.

Milli.Az xəbər verir ki, T.Terzopulos Yunanıstanın şimalında, Evripidin doğulduğu Makriqialos kəndində anadan olub. Teatr təhsilini Yunanıstanda və Almaniyada alıb. Berliner Ansamblda Rut Berqhauz, Benno Benson, Hayner Müllerin rəhbərliyi altında çalışıb. 1981-1983-cü illərdə Şimali Yunanıstan Dövlət Teatrının Dram məktəbinin rəhbəri olub.

1993-cü ildən Teatr Olimpiadası Beynəlxalq Komitəsinin prezidentidir. 1985-ci ildə Afinada Attis Teatrını yaradıb və Delf festivalını təşkil edib.1990-cu ildə Aralıq dənizi ölkələri teatrları beynəlxalq institutunu yaradıb və bu instututa rəhbərlik edib. Rejissorun bir çox tamaşası nüfuzlu mükafatlara layiq görülüb. "Vakxanqlar" Madriddə və Malaqada keçirilən festivalda, "Farslar" Karakasda, Monpelyedə Barselonada və Lissabonda ən yaxşı tamaşa mükafatına layiq görülüb. Rusiyada Alla Demidova ilə hazırladığı "Medeya", "Kvartet", "Hamlet - dərs" tamaşaları ilə məşhurdur. Yaradıcılığında daha çox klassik mətnlərlə - xüsusən də antik yunan dramaturgiyasının nümunələri ilə işləməyə üstünlük verir. Sofokl, Evripid, Esxil, Antik yunan dramaturqları ilə yanaşı, B.Brext, S.Bekket, H.Müller, R.Fassbinder, F.Q.Lorka, B.Pasternak, A.Stridberq, E.Arendt, kimi müəlliflərin də əsərlərinə quruluş verib. Sonuncu işi Rusiyanın Aleksandrinski teatrında S.Bekketin pyesi əsasında hazırladığı "Oyunun sonu" tamaşasıdır. Hazırda T.Terzopulos Avropa teatrında antik faciə üzrə ən yaxşı mütəxəssis hesab olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.