Ölkə

Məktəb və xəstəxanaların işıq, su, qazının kəsilməməsi üçün nə etməli?

8 Noyabr 2016 21:02
Baxış: 2 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaranmış borca görə Ağsu Rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi 4 gün dayandırıldı və yalnız dünən borcun böyük hissəsi ödənildikdən sonra yenidən bərpa edildi. Lakin bu hadisə xəstəxana, məktəb, bağça və s. kimi sosial obyektlərə işıq, su, qaz, istiliyin verilməsində dövlət sosial müəssisələri ilə kommunal xidmət orqanları arasında münasibətlərin tənzimlənməsi zərurətini yenidən aktuallaşdırdı.

Hamıya məlumdur ki, belə sosial təmayüllü obyektlərin kommunal xidmətlərə görə borcu yarandıqda, ilk növbədə, xəstələr, şagirdlər, körpələr susuz, qazsız, işıqsız, istiliksiz qalır və bəzən həyatı təhlükə altına atılır. Bəs bu cür borcların yaranmaması və xoşagəlməz halların yaşanmaması üçün nə etməli?

Bununla bağlı Milli.Az-a dünya təcrübəsini nümunə göstərən iqtisadçı-ekspert Qalib Toğrul hesab edir ki, vəziyyətdən çıxış yolu var:

"İlk növbədə, iqtisadiyyatın tənzimlənməsində dövlətin rolunu minimuma endirmək lazımdır. Yəni qarşılıqlı borcların yaranmaması, büdcəyə yük olmaması üçün bazarda təbii inhisarçı olan kommunal xidmət müəssisələri, məsələn, "Azəriqaz", "Azərsu", "Azəristiliktəchizat", "Azərişıq" və s. qurumlar tender əsasında özəl sektorun nümayəndələrinə verilməlidir. Bizdə artıq belə bir nümunə olub. Vaxtilə elektrik şəbəkəsinin idarə olunması özəl şirkətə verilmişdi və çox səmərəli nəticəsi olmuşdu. Etiraf edək ki, Azərbaycanda elektrik enerjisinin əvəzinin ödənilməsi mədəniyyətini "Barmek" yaratmışdı. İndi də vəziyyətdən kommunal xidmət sektorunu dünya təcrübəsində olduğu kimi, müəyyən şərtlər əsasında bu cür özəl şirkətlərə həvalə etməklə çıxmaq olar.

Dünyada dövlətin özəl sektorla tərəfdaşlığına ayrıca bir hal kimi baxılır. Bunun özünün xüsusi seçim meyarları, idarəetmə prinsipləri, dövlətin və özəl şirkətlərin məsuliyyəti ilə bağlı məqamları var. Hesab edirəm ki, dövlət-özəl tərəfdaşlığına dair 20-yə yaxın mexanizmlərindən istifadə etməklə, konsessiya müqaviləsi imzalaması nəticəsində kommunal xidmətin özəl sektora verilməsi həm onların idarə olunması problemi, həm də borcların yaranmaması üçün fəaliyyətlərinin daha səmərəli olmasına gətirib çıxara bilər".

Ekspertin sözlərinə görə, dövlət başçısı bu yaxınlarda dövlətin payı olan açıq tipli səhmdar cəmiyyətlərdə korporativ idarəetmənin prinsiplərinin tətbiq olunmasına dair ayrıca sənəd də imzalayıb: "Çox təəssüf ki, Azərbaycanda bu prinsiplər hələ də tətbiq olunmur. Amma ümid edirik ki, prezidentin müvafiq sənədi imzalamasından sonra bu məsələnin tətbiqinə başlanılacaq. Çünki bunlar dünyanın əksər ölkələrində dövlət və özəl şirkətlərində tətbiq olunan, hesabatlılığı və şəffaflığı nəzərdə tutan korporativ idarəetmə standartlarıdır".

Təhsil, səhiyyə və digər sosial obyektləri ilə kommunal xidmətlər arasında qarşılıqlı borcların yaranmasına və nəticədə problemlərin ortaya çıxmasına gəlincə, Q.Toğrul hesab edir ki, bunun da çıxış yolu publik hüquqi şəxslərin yaradılmasındadır: "Artıq Azərbaycanda publik hüquqi şəxslərin yaradılmasına dair ilk addımlar atılıb. "Publik hüquqi şəxslər haqqında" Qanunun tətbiqi ilə bağlı prezidentin imzaladığı sənəddə nəzərdə tutulurdu ki, təkcə səhiyyədə deyil, təhsilin də bütün səviyyələrində həmin publik hüquqi şəxslərin yaradılmasına başlanılsın. Səhiyyə ilə bağlı əsasnamədə də publik hüquqi şəxslərin yaradılması ilə əlaqədar müvafiq dəyişiklik edilib. Hesab edirəm ki, bu, xüsusi idarəetmə forması olduğundan indiki şəraitdə bizə hərtərəfli faydalı olar. Bu, həm büdcənin yükünün kifayət qədər azalmasına səbəb olar, səhiyyə və təhsil müəssisələrinin maliyyələşməsində əlavə xərclərin qarşısını alar. Belə olsa, biz həm onların idarə olunması, həm göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı gözəl nəticələr əldə edə bilərik".

İlkin İzzət
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.