Ölkə

"Tax free" nədir və ondan necə bəhrələnmək olacaq?

8 Avqust 2016 14:33
Baxış: 3 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz "Tax free" məsələsində gecikmişik. Bu, əcnəbi turistləri cəlb eləmək üçün bütün dünyada istifadə olunan çox populyar alətdir. Hazırda sistemin ilkin olaraq hava limanında qurulması həyata keçirilir.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qalib Toğrul bildirib.

İqtisadçı qeyd edib ki, prezident İlham Əliyevin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamında nəzərdə tutulur ki, Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ("Tax free") sistemi hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunsun. Bundan əlavə, prezident ötən ayın 12-də "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nı təsdiq edib. Qaydaya görə, sistemin operatoru Vergilər Nazirliyidir. Proqram təminatını, xdiməti, müvafiq sistemlerin inteqrasiyasını o həyata keçirəcək:

"ƏDV-nin qaytarılması bütün mağazalardan alınan mallara şamil edilmir. Yalnız Vergilər Nazirliyindən "Tax free" stikeri alan, yəni bu fəaliyyəti həyata keçirmək üçün Nazirlikdə qeydiyyatdan keçən pərakəndə satış müəssiəsi müvafiq xidməti göstərə bilər. Belə müəssisənin vergi borcu olmamalı, kassası və post-terminalı olmalıdır. Əcnəbi turist əgər ölkəni tərk edərkən ödədiyi ƏDV-ni geri almaq istəyirsə, mütləq malı aldığı yerdən 2 nüsxədə elektron vergi hesab fakturası (VHF) götürməlidir. Onu ölkədən çıxararkən gömrük orqanına təqdim edib, pulunu geri almalıdır. VHF-nın biri gömrükdə, digəri turistdə qalır. Bir VHF-dakı məbləğ ən azı 300 manat (ƏDV ilə birlikdə) olmalıdır. Nağd və köçürmə yolu ilə qaytarılması nəzərdə tutulan ƏDV-nin 20 faizini Vergilər Nazirliyi xidmət haqqı kimi tutacaq, pulu qaytaran bank isə həmin məbləğdən komissiya haqqını çıxacaq".

Ekspert hesab edir ki, çox güman ki, ilkin olaraq hava limanında müvafiq infrastruktur, o cümlədən proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra onun bütün sərhəd-buraxılış məntəqələrində qurulması hissə-hissə həyata keçiriləcək: "Bütün sərhəd-buraxılış məntəqələrində bu sistemin qurulması çox vacibdir. Çünki ölkəmizə daxil olan və sərhədlərimizi tərk edən əcnəbilərin heç də hamısı hava nəqliyyatına üstünlük vermirlər. Bircə faktı deyim ki, bəzi xarici ölkələrin vətəndaşları üçün sərhəddə viza alınması qaydasının tətbiqinin yalnız hava limanında həyata keçirilməsi çox kəskin problemlərin ortaya çıxmasına səbəb olmuşdu. Nə qədər təəssüfedici olsa da, onları sərhəddə düşürüb geri qaytarırdılar. Xüsusilə, qatarla ölkəmizə Gürcüstandan daxil olan xaricilər bu problemi yaşamışdılar. Çox yaxşı olardı ki, Bakı dəmiryol vağzalında da hava limanındakı kimi müasir avadanlıqlar qurulsun, vağzalın müvafiq sistemlərə inteqrasiyası təmin edilsin".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.