Ölkə

Hansı ərazilərdə siqaret çəkmək qadağandır?

9 Aprel 2025 17:24
Baxış: 1 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İctimai yerlərdə, xüsusilə insanların sıx toplaşdığı ərazilər, avtobus dayanacaqlarında siqaret çəkən şəxslərin bu hərəkəti digər vətəndaşların haqlı narazılığına səbəb olur. Buna görə də həmin şəxslər barəsində inzibati məsuliyyət tədbirləri görülür. Bəzən isə məsuliyyətə cəlb olunan şəxslər etdikləri qanun pozuntusu ilə razılaşmırlar.

Bəs maraqlıdır, hansı yerlərdə siqaret çəkmək qanunla qadağandır? Qadağan olunmuş yerlərdə siqaret çəkənləri hansı cərimələr gözləyir?

Mövzu ilə bağlı vəkil Turan Abdullazadə oxu.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanununa əsasən, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə aşağıda göstərilən yerlərdə siqaret çəkmək qadağandır:

- Təhsil və tərbiyə müəssisələri və onların əraziləri;

- Tibb və tibbi-reabilitasiya müəssisələri və onların əraziləri;

- İdman yarışları və digər kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər;

- Restoranlar, kafelər, barlar daxil olmaqla ictimai-iaşə obyektləri;

- Ticarət obyektləri;

- Məişət obyektləri;

- Sosial xidmət müəssisələri;

- Yerləşdirmə vasitələri;

- Mədəniyyət obyektləri (teatr, kinoteatr, muzeylər və s.)

- Uşaq meydançaları;

- Yerüstü və yeraltı piyada keçidləri;

- Nəqliyyat vasitələri (avtobuslar, minik avtomobilləri, dəmir yolu, hava nəqliyyatı və s.)

- Yanacaqdoldurma məntəqələri və digər təhlükəli obyektlər;

- Çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri.

O əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə üç yüz manat məbləğində cərimə edilir:

"Bu əməl bir il ərzində təkrar törədilərsə, yeddi yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur.

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə otuz manat məbləğində cərimə edilir.

Bundan başqa, hava nəqliyyatında tütün çəkməyə görə yüz manat, dəmir yolu nəqliyyatında və dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkməyə görə qırx manat məbləğində cərimə nəzərdə tutulub.

Avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir. Metroda tütün çəkməyə görə əlli manat məbləğində cərimə edilir.

Bundan əlavə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bu yerlərdə tütün çəkmək qadağan edildiyini göstərən lövhələrin olması da qanunla tələb edilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.