Ölkə

Qadınların pensiyaya çıxması qaydası DƏYİŞİR - ÖNƏMLİ DETALLAR

9 Aprel 2025 17:38
Baxış: 1 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekspert uşaqların sayına görə qadınların pensiya yaşının azaldılması təklifindən danışdı: "Təklif verərkən iqtisadi və maliyyə əsaslandırması da təqdim edilməlidir"

Pensiya yaşında işləmək istəyənlər olduğu kimi, erkən dövrdə pensiyaya çıxmağı arzulayanlar da var. Bundan başqa, 5 və daha çox uşaq dünyaya gətirib, övladlığa və ya qəyyumluğa götürüb onları 8 yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Eyni zamanda əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş  anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ mövcuddur.

Qadınların pensiyaya çıxması qaydasının uşaqların sayına görə müəyyənləşdirilməsi təklif olunur. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin iclasında "Əmək pensiyaları haqqında" Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanunda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yalnız kəmiyyət deyil, keyfiyyət prinsipi ilə müəyyən edilməlidir: "Çoxuşaqlı ailələrdə valideynlərin pensiyaya tez çıxmaq müddəti uşaqların sayına uyğun müəyyənləşdirilməlidir. 5 və daha artıq uşağı olan şəxslər daha tez pensiyaya çıxa bilirlər. Lakin bəzi ailələrdə 5-dən çox uşağı olanlar var. Təklif edirəm ki, pensiyaya tez çıxmaq üçün nəzərdə tutulan güzəştlər ailədəki uşaq sayına görə müəyyənləşsin".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Əmək pensiyaları haqqında" Qanunun müzakirəsi zamanı deyib: "Hazırda xanımlara pensiya hesablayarkən, fərz eləyin ki, qadın 30 yaşında ailə qurub, birinci uşağı fiziki qüsurlu dünyaya gəldi və anadangəlmə birinci qrup əlil oldu. Amma bu xanım evlənən vaxt işləyirdi. Birinci qrup əlil uşağına baxmaq üçün o, işdən çıxmaq məcburiyyətində qalır. O qadın 65 yaşına çatanda onun evlənənə qədərki işlədiyi dövrü sığorta stajı, üstəgəl həmin o əlil uşağa baxdığı dövrü onun stajına sayırıq və pensiya hüququ yaradırıq. Amma şərt budur ki, o uşaq anadangəlmə və ya 18 yaşa qədər qazanılmış birinci qrup əlil olsun. Yaxud da ahıl şəxslərlə bağlı, gəlin qayınatasının 70 yaşı var və ona baxmaq üçün iş yerini tərk etmək məcburiyyətində qalır. Onun da 70 yaşdan yuxarı ahıla baxdığı bütün illəri sığorta stajına sayırıq. Bu, bu gün belədir, sabah da belə olacaq. Sadəcə, biz Maliyyə Nazirliyi ilə onu razılaşmışıq ki, həmin uşaq və ya ahıla baxılması dövrlərini ki, biz staja sayırıq, onu qadın özü qazanmayıb, dövlət onu güzəşt edir deyə bunu dövlət ödəyir".

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov "Yeni Müsavat" a mövzunu şərh edərkən bildirdi ki, qanunvericilik təşəbbüsü hüququ olan şəxs hər hansı təklif verərkən iqtisadi və maliyyə əsaslandırmasını da təqdim etməlidir: "Uşaqların sayına görə qadınların pensiya yaşının azaldılması məsələsi ilə bağlı əsaslandırma varmı? Məlumdur ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, 2017-ci ildən başlayaraq hər il qadınların pensiya yaşı 6 ay artırılır. Bu proses 2027-ci ilə qədər davam edəcək. Beləliklə, 1 iyul 2024-30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı dəyişməz qalaraq 65, qadınların pensiya yaşı isə 6 ay artırılaraq 64 olacaq. Bu prosesin 2027-ci ildə yekunlaşacağı və nəticədə həm kişilərin, həm də qadınların pensiya yaşının 65-ə bərabərləşəcəyi bildirilir. Eyni zamanda "Əmək pensiyaları haqqında" Qanunda uşaqların sayına görə əmək pensiyası hüququ nəzərdə tutulub. Fikrimcə, hazırda təklifin reallaşması qeyri-mümkündür, çünki DSMF-də yığım azdır, 5 milyon məşğul insan olmasına baxmayaraq, onlardan yalnız 1 milyon 800 mini muzdlu işə cəlb olunanlardır. Özəl sektorda ikili mühasibatlıq, aşağı maaş göstərmə ilə bağlı yığım böyük deyil, amma olsa idi, yaxşı olardı".

O ki qaldı 65-dən daha erkən dövrlərdə pensiya hüququ qazanan kişilərə, Dövlət Sosial Müdafiə Fondunun departament müdiri Rəşad Mehdili Bizim.Media-ya açıqlamasında pensiya yaşı azaldılan şəxslər barədə bunları deyib: "Məsələn, qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla pensiya hüququna baxılır.

Bundan başqa, əmək şəraitinin zərərli və ağır olmasına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sahələrdə 12 il 6 ay çalışmış kişilərin fərdi hesabında minimum pensiya təminatına imkan verən pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, bu kapitalı olmadıqda 25 il ümumi sığorta stajı olduqda  yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var".

Rəşad Mehdili eyni zamanda diqqətə çatdırıb ki, bir çox halda pensiya yaşı 15 il azaldıla bilər: "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan kişilər, həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Hipovizqanizm xəstəliyinə tutulan kişilərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy kişilərin azı 5 il sığorta stajı olduqda yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər qanunvericiliyə uyğun olaraq tələb olunan xidmət müddəti olduqda onların yaş həddindən asılı olmayaraq (hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur) pensiya hüququ yaranır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.