Dünya

Ermənistan daha böyük problemlərlə üzləşir

2 Avqust 2013 14:29
Baxış: 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağır sosial-iqtisadi durum bu ölkədə baş verən cinayətlərin də sayını artırır

Ermənistanda ağır sosial-iqtisadi durum bu ölkədə həm də kriminal ünsürlərin sayının artmasına, cinayətlərin çoxalmasına rəvac verməkdədir. Digər tərəfdən, ailələrini dolandıra bilməyənlər ya çıxıb xaricə gedir, ya da ailələrindən imtina edirlər. Bu xüsusda "Joxovurd" qəzeti Arutil Arzumanyan adlı şəxsin timsalında olduqca dəhşətli bir vəziyyətin yarandığını yazır.

Qeyd olunur ki, Ermənistanda psixi xəstələrin sayı günbəgün artır: "Onlardan biri olan Arutil Arzumanyan küçədə əlində bıçaqla gəzərək bir neçə saat ərzində gəlib-keçənləri hədələyib. Ancaq ərzaq mağazasının satıcısına bir neçə bıçaq zərbəsi vurandan sonra Yerevan polisi tərəfindən saxlanılıb. Müəyyən edilib ki, bu vətəndaşın ciddi psixi problemi olub və buna görə də təcili olaraq psixi xəstəxanaya çatdırılıb. Bu, psixi problemi olanların ətrafdakılara təhlükə törətməsi ilə bağlı ilk və son hal deyil. İşsizlik, pul çatışmazlığı, elektrik, qaz, nəqliyyat tariflərinin qalxması, eləcə də tələbat məhsullarının qiymətinin kəskin artması ruhi xəstələrin sayını artırır. Ermənistandakı mövcud hakimiyyət isə öz vətəndaşlarını və ruhi xəstələrini taleyin hökmünə buraxır".

Maraqlıdır ki, iş dalınca xaricə üz tutan ermənilər arasında da cinayətkarlıq halları artıb. Hətta bu günlərdə Rusiya 9 nəfər Ermənistan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib. Məlumata görə, Rusiyanın hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən axtarılan ermənilər qanunsuz silah gəzdirmə və xüsusi amansızlıqla adam öldürmə, sağlamlığa ağır zərərvurma, xuliqanlıq, oğurluq və saxtakarlıq kimi cinayətlərdə təqsirli bilinirlər. Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ da 6 nəfər Ermənistan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.

Ermənistanın öz daxilində isə sosial-iqtisadi durum getdikcə pisləşir. Yeri gəlmişkən qeyd edək ki, ağır sosial-iqtisadi vəziyyətə görə ölkədə etiraz aksiyaları ara vermir. Xüsusən də ictimai nəqliyyatda gediş haqqı tariflərinin artırılması ilə bağlı yaşanan narazılıq hələ də səngimir. Belə ki, ictimai nəqliyyatda gediş haqqı tariflərinin artırılmasına etiraz edən fəallar Yerevan meriyasının nəqliyyat idarəsi rəisinin və "Yerevantrans" direktorunun vəzifədən azad edilməsi tələbi ilə paytaxt küçələrində vərəqələr paylayırlar. Bununla yanaşı, Yerevan meriyasının binası qarşısında adıçəkilən şəxslərin vəzifədən azad edilməsi tələbi ilə oturaq tətil davam edir.

Son araşdırmalar bir daha göstərir ki, əvvəlki kimi Ermənistandan miqrasiya xeyli artıb. Belə ki, cari il ərzində təkcə hava yolu ilə ölkəni 40 minə qədər insan tərk edib. Ölkənin Mülki Aviasiya Baş İdarəsinin ilin birinci yarısının yekunlarına dair açıqladığı hesabat belə deməyə əsas verir. Hesabatda deyilir: "Qeyd edilən dövr ərzində "Zvartnos" aeroportundan 363099 nəfər getdiyi halda, 330484 nəfər gəlib. "Şirnak" aeroportunda bu rəqəm müvafiq olaraq, 19693 və 12339 nəfərdir". Məlumata görə, bu, yalnız hava yolu ilə bağlı statistikadır, halbuki bir çox insanlar avtobusların köməyilə miqrasiya edirlər. O da bildirilir ki, ölkə hakimiyyəti istənilən yolla bu qanqaraldıcı statistikanın nəşrini təxirə salmağa çalışır.

Ölkədə az sayda qalan müəssisələr isə sürətlə iflas edir. Hətta ən böyük şirkətlərdən olan Ermənistanın "Armavia" aviaşirkəti öz təyyarələrini satmağa başlayıb. Xatırladaq ki, Ermənistanın "Armavia" şirkəti aprelin 1-dən iflas olduğunu bəyan edib və bütün istiqamətlərdə uçuşları dayandırıb. Digər sahələrdə də gərgin vəziyyət yaranıb.

Xatırladaq ki, baş verənləri şərh edərkən erməni ekspert Qranuş Haratyan belə bir maraqlı fikir səsləndirmişdi ki, qazın, elektrik enerjisinin, nəqliyyatın və digər zəruri malların qiymətlərinin artması onsuz da yoxsulluq vəziyyətində yaşayan Ermənistan əhalisinin güzəranını daha da ağırlaşdıracaq. Onun sözlərinə görə, belə şəraitdə təbii resursları, xüsusilə də meşələri qorumaq mümkün olmayacaq. Çünki su isitmək, yemək hazırlamaq, çay qaynatmaq üçün hamı odundan istifadə edəcək. Əhali qazdan odun yanacağına keçəcək.

Hətta o da məlumdur ki, Suriyada davam edən vətəndaş müharibəsindən qaçaraq Ermənistana sığınan erməni əsilli ailələr bu ölkənin Suriya ilə müqayisədə daha acınacaqlı şəraitdə olduğunu bildirirlər. Gümrü şəhərində məskunlaşmış Ovsepyan ailəsi də bu ölkəyə sığınmaqlarından peşman olduğunu bildirib. Ailənin üzvü Astxik Ovsepyan burada gördüyü vəziyyəti qızğın müharibə şəraitində olan Suriya ilə müqayisə edərək deyib ki, burada iş tapmaq nəinki çətindir, ümumiyyətlə, mümkün deyil. Hətta qızğın müharibə şəraitində olan Suriyadakı əhalinin vəziyyəti buradan qat-qat yaxşıdır. Əslində, bunu sadə ermənilər də etiraf edir və vəziyyətin getdikcə pisləşdiyini bildirirlər.

"Azərbaycan"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.