İdman

"Barselona"nın yeni ulduzunun Bakıda başlayan yolu

13 Yanvar 2018 14:34
14 Şərh     Baxış: 3 989

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Futbol üzrə Braziliya millisi qatıldığı bütün yarışların favoritidir. Bu il Rusiyada keçiriləcək dünya çempionatı da bu cəhətdən istisna olmayacaq. 2014-cü ildə keçirilən dünya çempionatında Braziliya seçməsi yarımfinala kimi irəliləsə də, bu mərhələdə sonradan dünya kubokunu qazanacaq Almaniyaya biabırçı - 1:7 hesabı ilə uduzaraq, çempionluqdan əlini üzmüşdü. Əslində, pentakampeonların çıxışının "biabırçılıq" kimi dəyərləndirilməsinə əsas səbəb, gələcək çempiona doğma meydanda uduzması yox, bu cür biabırçı hesabla məğlub olması idi. 1:7 hesabı Braziliya futbolu üçün "ləkə"yə çevrilib. Rusiyada keçiriləcək mundialda Braziliya millisinin üzvləri bu "ləkə"ni təmizləməlidirlər.

Əslində, "sarı-yaşılllar"ın  heyətində bu missiyanı yerinə yetirmək üçün yetərincə ulduz var - Neymar, Roberto Firmino, Qabriel Jezus, Vilian, Marselo və s. Ancaq "sambaçılar"ın heyətində bir futbolçu da var ki, son bir həftə ərzində bütün futbolu dünyası ondan danışır. Söhbət cəmi bir neçə gün öncə 160 milyon avro (!) qarşılığında "Liverpul"dan "Barselona"ya transfer olunan Filippe Koutinyodan gedir. 25 yaşlı futbolçu braziliyalı futbol azarkeşlərinin əsas ümidlərindəndir. Son illərdə Braziliya millisinin də əsas üzvlərindən birinə çevrilən Koutinyonu bir az da yaxından tanıyaq.

Kasıb uşaqlar üçün "mayak" - "Marakana"
 
Filippe Koutinyo 12 iyun 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində, kasıb ailədə dünyaya gəlib. O, ailənin 3-cü və ən kiçik övladı idi. Koutinyo ailəsi Rio-de-Janeyronun gecəqondular məhəlləsi kimi tanınan Roxa bölgəsində yaşayırdı. Ancaq səfalətin hökm sürdüyü bu yerləri gözəlləşdirən bir şey var idi - "Marakana" stadionu. Nəhəng arena Koutinyonun yaşadığı evin yaxınlığında yerləşirdi. Stadion sanki burda böyüyən uşaqlar üçün ümid abidəsi, səfillikdən xilas olmaları üçün yön göstərən "mayak" rolunu oynayırdı. 
 
Utancaq istedad 
 
Kasıblıqdan əziyyət çəkən bir çox braziliyalı uşaq kimi, Filippenin də əsas arzusu gələcəkdə güclü futbolçu olaraq, bu səfillikdən xilas olmaq idi. Ancaq onu tanıyanlardan kimsə çətin ki, Koutinyonun gələcəyin futbol ulduzu olacağını düşünərdi. Filippe uşaq vaxtı çox utancaq idi. Görmək istəmədiyi bir işə məcbur ediləndə isə bütün gün ağlayırdı. Çətin ki, bu dəymədüşər uşaqdan, çətinliklərə sinə gərərək zirvələrə yüksələcək futbolçu çıxardı...

Balaca Koutinyo hər bir braziliyalı uşaq kimi futbolu sevirdi. Lakin o, gecəqondu məhəlləsində futbol oynamaqdan daha çox, böyük qardaşları Kristiano və Leonardonun oyununu izləməyi üstün tuturdu.

Ancaq vaxt gəldi və Filippe özü də asfalt üzərində top qovmaq sevdasına düşdü. Əsas istəyi qardaşları kimi yaxşı futbol oynamaq idi. Lakin hələ ki, gecəqondu məhəlləsinin asfalt meydançasında top qovan uşaqların arasında ən yaxşı olduğunun fərqində deyildi. Onun istedadı 6 yaşında üzə çıxdı. Artıq məhəllədəki digər uşaqlardan seçildiyi aşkar görünürdü. Atası Xose Karlosun dostları, tanışları uşağın istedadı olduğunu, bu istedadın gecəqonduda "xərclənməsi"nin doğru olmadığını deyirdilər.

Nəhayət, Filippenin atası tanışların məsləhətlərinə qulaq asdı və onu futbola yazdırmaq qərarına gəldi. O, Koutinyonu evlərinə ən yaxın olan futbol qrupuna yazdırdı. Balaca Filippe burda özünü o qədər də yad hesab etmirdi. Çünki komanda yoldaşlarının bir çoxu elə məhəllə uşaqları idi. Onun istedadı, bacarıqlı seleksiyaçıların diqqətini çox tez çəkdi. "Vasko da Qama" klubunun məşqçiləri yerli turnirlərin birində Koutinyonu bəyəndi və onun bacarığına daha yaxından bələd olmaq üçün çıxış etdiyi komandanın məşqçilərinə oyun keçirmək təklif etdilər. Lakin bu məqamda yenə də Koutinyonun düzəlmək bilməyən şakəri özünü göstərdi. O, çoxlu tamaşaçı qarşısında, tanımadığı insanların gözü önündə futbol oynamağa utanırdı. Məşqçilərin də yardımı ilə bu fobiyanın öhdəsindən gələn balaca Filippe, "Vasko da Qama"nın çalışdırıcılarının rəğbətini qazanır. O, cəmi 7 yaşında klubun akademiyasına yazılır.

"Kiçik sehrbaz"
 
Koutinyo burda da məşqçilərin, tamaşaçıların sevimlisinə çevrilir. Hətta "Vasko"da çıxış etdiyi zaman ləqəb də qazanır - "kiçik sehrbaz". Zaman bu "kiçik sehrbaz"ın "böyük işlər"in öhdəsindən gələ biləcəyini sübut etdi. Braziliyada həmyaşıdlarından fərqlənmək çox çətindir. Çünki burda səninlə birgə top qovan hamı istedadlıdır. Həmin oyunçuların arasında fərqlənmək üçün qeyri-adi nə isə etməli, öz oyununu hər keçən gün bir az da inkişaf etdirməlisən. Məhz bu gerçəkliyi dərk edən Filippe, hər gün öz üzərində çalışır və yaxşı mənada yaşıdlarından fərqlənməyə çalışırdı. O, hətta öz oyun keyfiyyətini yüksəltmək üçün bir ara futzalla da məşğul olub. Kiçik meydançada oynamaq onu daha cəld, hərəkətli edib. 
 
Ailənin xilaskarı
 
Onun bu çalışqanlığı öz bəhrəsini verir. İtaliya nəhəngi "İnter"in seleksiyaçıları gənc istedadın izinə düşürlər. "Neradzurra" "Vasko da Qama" rəhbərliyi ilə razılığa gəlir. Milan təmsilçisi 16 yaşlı istedadın keçidi üçün "Vasko"ya 3,8 milyon avro ödəyir. Ancaq Koutinyonun daha çox təcrübə toplaması üçün onun keçidini 18 yaşına kimi təxirə salır. 18 yaşı tamam olduqdan sonra isə Koutinyo "İnter"ə yollanır. Artıq onun üçün yeni - Avropa macərası başlamışdı. Filippenin "İnter"ə keçməsi həm də, Koutinyo ailəsinin səfil həyatının sonu oldu. Ailənin ən kiçik üzvü onları kasıb həyatdan xilas edir.

Gənc futbolçunun "İnter"də əsas heyətə düşməsi heç də asan deyildi. İtaliya nəhəngində bir çox təcrübəli futbolçu çıxış edirdi ki, Koutinyonun onları ehtiyata göndərməsi o qədər də real görünmürdü. Bundan əlavə, daim texnikalı, hücum futbolu görmüş Filippe üçün İtaliyadakı müdafiəyəmeyilli və arxa xətt oyunçularının çox sərt oyun tərzinə uyğunlaşmaq heç də asan deyildi. Lakin buna baxmayaraq, o, az da olsa şans qazanır, meydana çıxdığı qarşılaşmalarda isə ən fəallardan olurdu.

Barselonaya ilk səfər, Bakıda "siftə"
 
2011/12 mövsümündə Koutinyo "Espanyol"a icarəyə verilir. O, sonradan müsahibəsi zamanı İspaniyaya yollandıqdan sonra özünü meydanda daha rahat hiss etməyə başladığını deyir. Barselona təmsilçisindən qayıtdıqdan sonra isə "İnter"də yarım mövsüm keçirir. Koutinyo bu müddətdə "neradzurra"nın heyətində Avropa Liqasının qrup mərhələsində çıxış edir. Həmin vaxt "İnter"lə bir qrupda Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələdə çıxış edən "Neftçi" də var idi. Yeri gəlmişkən, həmin mövsümdə avrokuboklarda ilk qoluna imza atan Filippe, məhz təmsilçimizin qapı torunu titrətmişdi. O, Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçın 10-cu dəqiqəsində hesabı açaraq, komandasının 3:1-lik qələbəsinə töhfə vermişdi.
 
Braziliyalı futbolçu "İnter"də çox çalışır, meydanda bütün qüvvəsini səfərbər edirdi, ancaq Milan təmsilçisinin rəhbərliyinin onun böyük istedad olacağına inamı itmişdi. Elə məhz buna görə, Koutinyo 2013-cü ilin qışında, cəmisi 13 milyon avro qarşılığında "Liverpul"a satılır.
 
"Enfild"də yüksəliş, Barselonaya qayıdış
 
"Qırmızılar"a keçidi onu çox inkişaf etdirir. O, artıq əvvəlkindən daha sürətli oyun nümayiş etdirməyə başlayır. Koutinyonun özünü tapmasında möhtəşəm "Enfild"in də böyük rolu olur. Braziliyalı futbolçunu daim irəli səsləyən azarkeşlər, onda özünəinamın formalaşmasında böyük rol oynayırlar. Koutinyo "qırmızılar"da çıxış etdiyi vaxtda nəinki komandanın ən fəal üzvlərindən birinə, hətta liderinə çevrilir. Yüksələn oyun səviyyəsi onun qiymətinə də təsir edir. Tezliklə, Avropanın başqa nəhəng klubları da Koutinyoya "elçi düşürlər".

"Barselona" ötən ilin yayında bir neçə dəfə Koutinyonu transfer etməyə cəhd etsə də, son anda keçid alınmamışdı. Hətta "Barsa"ya keçidinin alınmamasından təəssüflənən Filippe bir müddət yaşıl meydanlarda görünməmişdi. Ancaq nəhayət, bu mövsümün qış transfer pəncərəsində Koutinyo arzusuna çatır. "Barselona" 25 yaşlı futbolçunun transferi üçün "Liverpul"a nə az, nə çox, düz 160 milyon (!) avro ödəyir.
 
Reallaşan xəyal
 
Ancaq onun transferi "qırmızılar"ın bəzi qatı fanatlarının ürəyincə olmur. Onlar doğma komandasını pula dəyişən Koutinyoya etiraz olaraq, onun adı yazılmış formaları yandırırlar. Bundan sonra Filippe sosial şəbəkədəki hesabında azarkeşlərə müraciət ünvanlayır:

"Liverpul"a keçdikdə, mən və ailəm burda çox isti qarşılandı. Həm meydanda, həm də kənarda klubun azarkeşlərinin dəstəyini tam hiss etdim. "Liverpul"un böyüklüyünü və tarixini yaxşı bilirəm. Burda illər ərzində çox şeylər öyrəndim. "Liverpul"dan ayrıldım, çünki "Barselona" mənim xəyalım idi. Vaxtilə eyni hadisə "Liverpul"la bağlı da baş vermişdi. Mən bu komandada 5 il çıxış etdim. Bir futbolçunun karyerası elə də uzun deyil, "Barselona"da oynamaq şansını əldən verə bilməzdim".
 
İdeal ailə başçısı
 
Koutinyonu ideal ailə başçısı saymaq olar. Çox gənc yaşlarından ailəsinin yükünü öz çiyinləri üzərinə götürən Filippe, özü də çox erkən ailə qurub. O, hələ "Vasko da Qama"da top qovduğu zamandan sevgili olduğu Aine münasibətləri rəsmiləşdirib.  Cütlüyün maraqlı tanışlıq hekayəsi var. Belə ki, Aine ilə Filippe partidə tanış olublar. Lakin Koutinyonun ənənəvi utancaqlığı ürəyini Aineyə açmasına mane olurdu. Belə olan təqdirdə, bütün məsuliyyəti Aine üzərinə götürüb. Cütlüyün elə həmin vaxt başlayan münasibəti 2012-ci ildə nikahla nəticələnib. Filippe cəmi 20 yaşında ailə başçısı olub. Hazırda cütlüyün bir qızı var.

Ailəsinə bağlı olan Koutinyonu barlarda, gecə gəzintilərində görmək mümkün deyil. O, hətta spirtli içki də qəbul etmir. Onun bədənindəki tatular diqqət cəlb edir. Koutinyo bu döymələrin hər birində ailəsinə olan sevgini nümayiş etdirib.
  
Onun sevimli oyunçusunun Ronaldinyo olduğunu desək, heç kim təəccüblənməz. Ötən ilin ilin yayına kimi "Barselona"nın əsas simalarından olan Neymar isə Filippenin uşaqlıq dostudur. Maraqlıdır ki, keçmiş dostların yolu Barselonada kəsişmədi. Neymar "Barsa"dan ayrıldıqdan 6 ay sonra Koutinyo Kataloniya paytaxtına yollandı. 
 
İlk dəfə mundialda
 
Filippe Braziliya millisinin aşağı yaş qruplarından U-17 və U-20 komandalarında çıxış edib. Əsas millidə debütü isə 2010-cu ildə, İranla yoldaşlıq görüşündə baş tutub. İlk qolunu isə bir qədər gec - bundan 5 il sonra, 2015-ci ildə Meksika ilə yoldaşlıq görüşündə (1:0) vurub. Ümumilikdə isə Braziliya millisində 31 oyun keçirmiş Koutinyo, 8 dəfə rəqib torunu titrədib.

Bu il o, karyerası ərzində ilk dəfə dünya çempionatının final mərhələsində çıxış edə bilər.

Portret 

Hazırda zədəli olan Koutinyo yanvarın sonlarında yaşıl meydanlara qayıdacaq. "Barselona"lı futbol azarkeşləri onun "Nou Kamp"ın yaşıl örtüyün üzərinə çıxacağı günü səbirsizliklə gözləyirlər. Braziliyalı fanatlar isə gözlərini yaydakı mundiala dikiblər. O isə fanatların ümidlərini doğrultmaq üçün daim öz üzərində çalışır. Elə bu günə kimi əldə etdiyi uğurların demək olar, hamısını məhz çalışqanlığı hesabına əldə edib. 2013-cü ilin qışında cəmi 13 milyona Liverpula yollanan "kiçik sehrbaz", 5 il ərzində öz qiymətini dəfələrlə yüksəltməyi bacardı.

Ancaq o, hələ yolun əvvəlindədir. Onun hələ cəmisi 25 yaşı var. "Kiçik sehrbaz" yaşıl meydanlardakı əsl "fokus"unu hələ  göstərməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Barcelona · 13 Yanvar 15:3016

    Dünya ulduzları ancağ və ancağ Barcelonada olmalıdır superrr

    Cavab yaz
  • Anonim
    Barcelona · 13 Yanvar 15:3327

    Yaşa sən Barcelona sənnən yoxdur sənnən ola bilməz,kamp nou stili,Barcelona stili Barsa oyun tərzi gozəl paslar dribinglər usda futbolçular dahi futboıçular Hücuma meyilli oyun sən palnetin yeganə klubusanki hərbir futbol sevgisi olan sənin futbolçunu olmağı xəyaı edir afərin sənə barsa,deyəsi sozlərim bitmir barsam

    Cavab yaz
    • Anonim
      Yağmur · 13 Yanvar 16:1932

      Guya.Havada yazan sənsən mənəə

      Cavab yaz
      • Anonim
        Barcelona · 13 Yanvar 17:2402

        hə mənəm

        Cavab yaz
    • Anonim
      Yağmur · 13 Yanvar 16:3053

      Real Madridim canım,.sən yeganəsən,bu klubda dahi və əvəz edilməz futbolçular oynayır,dünyanın ən gözəl Nömrə 1 klubu Real Madrid qələbəsi özü kimi gözəl,o qələbə qazanarkən,ya kuboku qaldırarkən,sanki qaranlıq səmaya bir günəş doğur bu isə Real Madridin parlayan qələbələridir.!!! Yaşa Realım,Canım Realım..Səninlə qürur duyuruq.Hər bir oyunçun ayyzülüdür,,Hər biriisi əvəz edilməzdir,,,Hala Madrid.!!

      Cavab yaz
  • Anonim
    Tənqidçi · 13 Yanvar 16:2543

    Əsl həqiqətdə mən Real Madridlə Brazilya komandaların azərkeşiyəm amma bu zəhləm getmiş Barsanın idarə heyətinin üzüvləri çox ağıllıdılar...onlar həmişə hər şeyin yaxşısını seçirlər...

    Cavab yaz
  • Anonim
    Barcelona · 13 Yanvar 17:1602

    Barsa stili nou kamp sitili

    Cavab yaz
  • Anonim
    Barcelona · 13 Yanvar 17:1602

    Barcelona oyun quruluşu

    Cavab yaz
  • Anonim
    Barcelona · 13 Yanvar 17:2412

    Yağmur menim senden xosum gelir

    Cavab yaz
  • Anonim
    Barcelona · 13 Yanvar 18:1703

    Kimdi mənim nikiylə yağmur mənim səndən xoşum gəlir deyən,neynirəm mən yağmuru davakar qızıd

    Cavab yaz
    • Anonim
      Yağmur · 13 Yanvar 18:4900

      Bildim o saniyə bildim ) adınla yazılıb )) Mən ölürdüm sənin üçün

      Cavab yaz
  • Anonim
    Barcelona · 13 Yanvar 22:3400

    Ayqlz mən yazmamışam başqası yazıb sən niyı mənə gılib sataşırsan sıni gormuşəmmiki sənəndə xoşum gəlir deym,bəkə sən olarsan adımla yazan

    Cavab yaz
    • Anonim
      Yağmur · 14 Yanvar 09:5200

      Ya yemin edermin mən yazmamışam bəs yaxşı havada yazan sən idin sulıma cavab verrr...Arda Turan səhifəsində yazan sənsən

      Cavab yaz
  • Anonim
    Yağmur · 13 Yanvar 22:3400

    Barcelona sənən çox xoşum gılir))))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.