İdman

Xəyalların son damlası

14 Aprel 2017 11:31
0 Şərh     Baxış: 1 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki gün davam edəcək tur çempionatda bir sıra mətləblərə aydınlıq gətirə bilər.

Söhbət bir neçə komandanın nəzəri şansları, vəzifənin öhdəsindən gəlmək üçün son ümidləri ilə vidalaşmasından gedir. Bu üzdən də turu xəyalların son damlası uğrunda mübarizə kimi də dəyərləndirmək olar.
 
Turun ilk uğursuzu olmağa ən real namizəd "Neftçi"di. Adına və tarixinə yaraşmayan mövqedə qərarlaşan paytaxt təmsilçisi avrokuboklara vəsiqəyə olan cüzi ümidlər üçün döyüşür. Amma "ağ-qaralar"ın taleyinə başqaları aydınlıq gətirə bilər.
 
Günün ilk oyununda "Sumqayıt" "Zirə"ni sınağa çəkəcək. Qitə miqyaslı turnirlərə vəsiqə verən 4-cü yer üçün mübarizə aparan komandaların duelində qazanılacaq xallar hər iki tərəf üçün önəmlidi. Samir Abasovun yetirmələri ardıcıl 3-cü qələbə üçün meydana çıxacaq. 4 turluq qələbə seriyasını qırmaq əzmində olan qonaqlar meydanı 3 xalla tərk etsə, Avropaya yaxınlaşacaq. Bu nəticə "Neftçi" üçün 80 illik yubileyin uğursuzluqla müşayiət olunması anlamına gələcək. Çünki zirəlilərin qələbəsindən sonra Elxan Abdullayevin yetirmələri qəsəbə təmsilçisini keçmək imkanını itirəcək. Ən yaxşı halda, xallar bərabər olacaq ki, şəxsi oyunlarda Ayxan Abbasovun yetirmələri öndə qərarlaşacaq.
 
"Zirə"nin xal itirməsinə ümidli olan "Neftçi" isə turnir cədvəlindəki qonşusu ilə görüşəcək. Sonuncu pillədə qərarlaşan AZAL-la üz-üzə gələcək "ağ-qaralar" 11 turdu qələbə görməyən rəqibi yenməyə borcludu. İstənilən xal itkisi Avropa Liqası xəyalının üstündən xətt çəkəcək. Premyer Liqanı tərk etməsi dəqiqləşən Tərlan Əhmədov və yetirmələri üçün görüş formal xarakter daşıyır.
 
Turun ikinci günü isə medalların taleyi baxımından önəm kəsb edir. "Kəpəz"in qonağı olan "Qəbələ" çempionluğa olan nəzəri şanslarını qorumaq üçün qalib gəlməlidi. Əyalət klubunun istənilən xal qazancı "İnter"in gümüş xəyalı ilə vidalaşması ilə nəticələnməsi mümkündü. Təbii ki, bakılıların oyununun nəticəsi də önəmlidi. Belə olan halda, Roman Qriqorçukun yetirmələri ən azı gümüşü təmin edəcək.
 
Məğlubiyyət isə "qırmızı-qaralar"ın qızıl sevdasının sonu ola bilər. Amma bunun üçün digər oyunda da "Qarabağ"ın qalib gəlməsi lazımdı. Ağdamlıların qələbəsi turu xalsız başa vuran "Qəbələ"nin qızıldan əl çəkməsi, Qurban Qurbanovun yetirmələrinin ardıcıl 4-cü çempionluğu üçün yetərli olacaq.
 
Lakin Gəncədəki görüş meydan sahiblərinin avrokubok mübarizəsi baxımından da önəmlidi. "Kəpəz" qalib gəlməsə, Şahin Diniyev və yetirmələri "Əlvida, Avropa" deyə bilər. Amma bunun üçün Sumqayıtda tərəflərdən birinin qalib gəlməsi lazımdı.
 
Tura mərkəzi oyunla yekun vurulacaq. Artıq mükafatları təmin edən "İnter"lə "Qarabağ" paytaxt təmsilçisinin meydanında üz-üzə gələcək. Qızıl şansı qalmayan bakılılar cari mövsüm uduzmadığı rəqibi növbəti dəfə büdrətməyə çalışacaq.
 
"İnter" qələbə qazansa gümüş şansını da qoruyacaq. Zaur Svanadzenin yetirmələri heç-heçə etsə, "Qəbələ" qalib gəlsə və ya bakılılar uduzsa, "qırmızı-qaralar" xal qazansa, onda "bankirlər"in gümüş xəyalı sona çatacaq və bürüncün sahibi rəsmiləşəcək.
 
Ağdam klubu isə izləyicisi ilə 4 xallıq fərqi qorumaq üçün qalib gəlməlidi. Səfərə 3 xal üçün yollanacaq Qurbanovun yetirmələri Gəncədəki matçın nəticəsini bildiyindən meydana daha rahat çıxacaq. Qərbdəki qarşılaşmada "Qəbələ"nin uduzması "İnter Arena"dakı görüşə qızıl əhəmiyyəti verəcək. Çünki qazanılacaq 3 xal "Qarabağ"ı qızıl medallara və Çempionlar Liqasına daşıyacaq. Digər hallarda isə çempionluq intriqası ən azı növbəti turadək davam edəcək.
 
Azərbaycan Premyer Liqası
XXVI tur
15 aprel (şənbə)
 
16:30. "Sumqayıt" - "Zirə"

Mövsümün ilk 3 oyunu: 1:0, 1:0, 0:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim inspektor: Məlik Həsənov
Sumqayıt. Şəhər stadionu
 
18:30. "Neftçi" - AZAL
Mövsümün ilk 3 oyunu: 2:0, 0:1, 1:0
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim inspektor: Əhmədağa Cabbarov
8-ci km stadionu
 
16 aprel (bazar)
 
16:00. "Kəpəz" - "Qəbələ"

Mövsümün ilk 3 oyunu: 0:2, 1:2, 1:1
Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu
 
18:30. "İnter" - "Qarabağ"
Mövsümün ilk 3 oyunu: 2:1, 0:0, 1:0
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim inspektor: Kərim Ağayev
"İnter Arena"

1.

Qarabağ

25

16

5

4

39-12

53

2.

Qəbələ

25

13

10

2

43-14

49

3.

İnter

25

11

10

4

36-25

43

4.

Zirə

25

8

8

9

22-25

32

5.

Sumqayıt

25

8

7

10

24-31

31

6

Kəpəz

25

6

9

10

19-26

27

7.

Neftçi

25

8

2

15

19-40

26

8.

AZAL

25

1

7

17

12-41

10

Bombardir: Filip Ozobiç ("Qəbələ") - 11.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.