Cəmiyyət

Metronun bağlı qaldığı hər gün bu qədər pula qənaət edilir - Açılmama səbəbi budur?

23 Fevral 2021 14:48
Baxış: 1 089

Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq uzun müddətdir ki, Bakı metropoliteninin fəaliyyəti dayandırılıb. Metronun bağlanması virusa yoluxanların sayının azaldılması tədbirləri ilə əlaqələndirilir.
 
Bəs, metronun bağlı qalması ona iqtisadi cəhətdən hansısa zərər və ya fayda gətirirmi?
 
Milli.Az sfera.az-a istinadən bildirir ki, "Bakı Metropoliteni" QSC zərərlə işləyən dövlət müəssisələrindən biridir. Dövlətin ayırdığı subsidiya nəzərə alınmasa metronun gəliri xərclərindən 3 dəfə azdır. Metro faəliyyət göstərmədikdə xərclər xeyli azalır və nəticədə büdcədən daha böyük subsidiya ayrılmasına ehtiyac qalmır.
"Bakı Metropoliteni" QSC-nin 2020-ci ildəki maliyyə vəziyyətinə dair hesabatı hələlik açıqlanmayıb, Son hesabat məlumatı 2019-cu ilə aiddir.
 
2019-cu ilə dair olan hesabata əsasən deyə bilərik ki, metronun bağlı qalması onun zərərlərini xeyli azaldır. Həmin ildə metronun illik gəliri 124 milyon manat təşkil edib. Gəlirin 68,92 milyon manatı sərnişindaşımadan, 5,7 milyon manatı sair əməliyyat (reklam, xidmət və s.) gəlirlərindən, 49,4 milyon manatı dövlət büdcəsindən ayrılan subsidiyadan ibarətdir. Buradan aydın olur ki, metronun günlük gəliri orta hesabla 340 min manat, yalnız sərnişindaşıma və digər gəlirlər nəzərə alınarsa, 204 min manat olub.
 
Xərclər daha böyükdür. Metronun xərcləri təxminən 179 milyon manat təşkil edir. Ən böyük xərc istiqamətləri amortizasiya (torpaq, tikili və avadanlıqlarla bağlı) (95,8 milyon manat), işçi heyəti üçün xərclər (46 milyon manat), elektrik enerjisi xərcləri (11,2 milyon manat), istifadə edilən materiallar (6,4 milyon manat), su və kanalizasiya xidməti xərcləridir (4,1 milyon manat). Metro fəaliyyət göstərdikdə bir gündə orta hesabla 490 min manat xərcləyir. Əmək haqqı nəzərə alınmadıqda isə günlük xərc 364 min manatdır.
 
2019-cu ildə metropolitenin zərəri 55,1 milyon manat, gündəlik zərər orta hesabla 151 min manat olub.
 
Metronun uzun müddət bağlı qalması onu günlük 204 min manatlıq subsidiyadan kənar (sərnişindaşıma və digər gəlirlər) gəlirdən məhrum etdiyi kimi 364 min manatlıq əmək haqqından kənar olan gündəlik xərclərin böyük hissəsindən də azad edir. Metro istifadə edilmədikdə gündəlik 262,4 min manatlıq amortizasiya xərclərinə, 30,7 min manatlıq elektrik enerjisi, 17,5 min manatlıq material, 11,2 min manatlıq su və kanalizasiya xərclərinin böyük hissəsinə qənaət olunur. Nəticədə metronun işləmədiyi hər gün üzrə adıçəkilən xərcləri dəfələrlə azalır. Ən yaxşı halda bu növ gündəlik xərclər 30-35 min manatı ötmür.

Beləliklə, metro fəaliyyət göstərmədikdə onun yeganə gəliri subsidiya olur. Subsidiyanın günlük məbləği 135 min manatdır. Əmək haqqı (günlük 135 min manat) və digər xərclər (30-35 min) nəzərə alınarsa cəmi gündəlik xərclər 161 min manatı ötmür. Deməli, metro işləmədikdə gündəlik zərər 26 min manat səviyyəsinə düşür ki, bu məbləğ metro işlədikdə qeydə alınan 151 min manatlıq gündəlik zərərdən təxminən 6 dəfə və ay 125 min manat azdır.
 
2020-ci ildə metro uzun müddət bağlı olub. Ötən ilin martın 31-dən mayın 9-na kimi, iyulun 4-dən sentyabrın 14-nə kimə və oktyabrın 19-dan ilin sonuna qədər bağlı qalıb. Ümumilikdə 2020-ci ildə metro 186 gün bağlı qalıb. Amma fəaliyyətinə icazə verildiyi dövrlərin bəzi şənbə və bazar günlərində də metro işləməyib. Bu da nəzərə alınarsa ötən il metro 200 gündən çox bağlı qalıb.
 
Hər gün zərərin 125 min manat azalmasını nəzərə alsaq, aydın olur ki, yalnız ötən il metro bağlı qaldığından zərəri 25 milyon manatdan çox azalıb. 2021-ci ildə metro artıq 54 gündür ki, işləmir və bu müddətdə metropolitenin zərəri 6,75 milyon manat azalıb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.