Cəmiyyət

"Ailədən uzaq qalmaq asan deyildi..." - Örnək - FOTO

10 Noyabr 2019 06:30
0 Şərh     Baxış: 1 690

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.   

Deyir ki, bəzi kənd yerlərində qızların təhsil alması o qədər də yaxşı qarşılanmır. Əksər ailələr, "qız uşağı məktəbə getməz, qız nədir, oxumaq nədir" deyib, qızlarını təhsildən yayındırırlar. Buna görə də, hər zaman ailəsinə minnətdar olduğunu söyləyir. Düşünür ki, valideynlərinin dəstəyi olmasa, yəqin ki, heç vaxt bu yerə gəlib çıxa bilməzdi. Müsahibim Xaçmaz rayonunun Yergüc kənd məktəbinin ibtidai sinif müəlliməsi Vəfa Poladlıdır.
 
1993-сü ildə Quba rayonunun Qacar Zeyid kəndində anadan olan müsahibim, orta təhsilini elə həmin kənd məktəbində alıb. 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisasının qiyabi şöbəsinə qəbul olub. 2013-cü ildə Qacar Zeyid kənd orta məktəbində laborant vəzifəsində çalışıb. Bakalavr təhsilini bitirdikdən sonra 2015-ci ildə ADPU-da metod və metodologiya ixtisası üzrə magistr təhsili almağa başlayıb. Təhsilini bitirdikdən sonra Quba rayonunun Möhüc kəndinə gələrək, ibtidai sinif müəllimi işləməyə başlayıb. Bu ildən isə Xaçmaz rayonunun Yergüc kəndində ibtidai siniflərə dərs deyir.
 
- Deyirlər ki, müəllimlik ən müqəddəs peşələrdən biridir. Bəs sizin bu sahəyə marağınız necə yarandı?

- Əslində, müəllimliyə uşaq yaşlarımdan böyük həvəsim var idi. Ona görə də, indi müəllim işləmək mənim üçün çox maraqlıdır. Uşaq vaxtı hər kəs müxtəlif əyləncəli oyunlar oynayarkən, mən balaca uşaqları ətrafıma yığıb müəllimlik edirdim. Tabaşirlə lövhədə nəsə yazmaqdan çox xoşum gəlirdi. Tabaşirlə özümü əsl müəllim kimi hiss edirdim. Fikirləşirdim ki, balaca uşaqlara dərs keçmək daha maraqlıdır. Orta məktəbdə oxuyanda Azərbaycan dili və ədəbiyyat fənlərinə böyük marağım var idi, müxtəlif müsabiqələrdə qalib gəlirdim. Hətta ibtidai sinif müəllimliyi ixtisasına qəbul olanda müəllimim təəccüblənmişdi ki, mən sənin ədəbiyyat müəllimi olacağını gözləyirdim. Bəlkə də, uşaqlıqdakı arzum gerçəkləşdi və ibtidai sinif müəllimi oldum.

- Gənc müəllimlərin əksəriyyəti şəhərdə işləmək arzusundadır. Siz niyə kənd məktəbini seçdiniz?

- Gənclərin bu istəyi anlaşılandır. Mən 2016-cı ildə Bakının 328 saylı məktəbində dərs deyirdim. Həmin ərəfədə müqavilə ilə bir il müddətində həm oxuyub, həm də işləyirdim. Yəni hər iki mühitə yaxından bələdəm və deyə bilərəm ki, şəhər məktəblərinin xüsusi üstünlüyü yoxdur. Əgər müəllim təhsil verməyi qarşısına məqsəd qoyubsa, bunu istənilən şəraitdə edə bilər. Mühit insana mənfi təsir göstərə bilməz. Kənddə dərs keçirəm deyə, mənim məqsəd və hədəflərim dəyişmir. Möhücdə dərs keçdiyim uşaqlar məktəbəqədər hazırlığa getməmişdi. İndi görürəm ki, həmin uşaqlar ikinci sinif səviyyəsindədir. Öyrətmək istəyən müəllim ucqar kənddə, dağın başında da öyrədə bilər. Məncə, müəllimlik peşəsinin heç bir bəhanəsi yoxdur. Sadəcə olaraq, həyat standartlarını gənclər qəbul edə bilmir. Əslində, hamıya çətin görünən kənd həyatının öz maraqlı tərəfləri var. Təhsil vermək biz müəllimlərin borcudur.
 
- Bir müddət Qubanın Möhüc kəndində dərs deyibsiniz. O təcrübənizi necə xatırlayırsınız?

- Özüm Quba rayon Qacar Seyid kəndində qalırdım. Bir müddət Qubanın Möhüc kəndində dərs demişəm. Eyni rayondan olmağımıza baxmayaraq, məsafə çox uzaq idi. Ona görə də, mən həftənin beş günü Möhüc kəndində qalırdım. Bu kənd dağlıq ərazidə yerləşir. İş elə gətirdi ki, bir neçə ay sonra ailə həyatı qurdum. Yol uzaq idi deyə, müxtəlif problemlər yaranırdı. Ona görə də, təzə başlayanda hər şey mənə çətin gəlirdi. Ailədən uzaq qalmaq asan deyildi. Xüsusilə kənd həyatının bir sıra çətinlikləri var. Bizim əsas çətinliyimiz isə yol ilə bağlı idi. Buna görə də, Xaçmaz rayonuna gəldim. Amma Möhüc kəndinin xatirələri heç vaxt yadımdan çıxmayacaq. Dağlıq ərazidə olmasına baxmayaraq, orada həyat tamam başqa cür idi. Kəndin mənzərəsi, uşaqları mənim həmişə yadımda qalacaq. O kəndin uşaqları bir çox xüsusiyyətlərinə görə, şəhər uşaqlarından seçilir. Onlar çox saf və təmiz idi və bu saflıq uşaqların üzündən oxunurdu. Kəndin əhalisi həddən artıq qonaqpərvər və istiqanlı idi. Məktəbin direktoru Zakir müəllim bizim üçün ata əvəzi idi. O, bütün müəllimlərin problemləri ilə yaxından maraqlanırdı. Müəllimlər də çox gözəl kollektiv yaratmışdı.

- Müəllimlik peşəsinin hansı çətin tərəfləri var?

- Erkən yaşda bu sahəyə həvəsim yarandığı üçün müəllim işləmək mənə çətin gəlmir. Sevdiyim işlə məşğul oluram deyə, hər bir çətinlik asan görünür. Bəzən elə olur ki, başqa ixtisasa hazırlaşan abituriyentlər təsadüfən müəllimliyə qəbul olur. Onların müəllimliyə heç marağı da olmur. Bu, elə bir peşədir ki, gərək özünün həvəs və potensialın olsun. Şagirdlərlə ünsiyyət qurmağı bilmək lazımdır. Əgər valideyn bir uşağın öhdəsindən gələ bilmirsə, biz müəllimlər 25-30 şagirdlə işləyirik. Onların suallarını cavablandırmaq, dərsi izah etmək heç də asan deyil. Bəzən elə olur ki, dərsdə bir uşaq məni əsəbiləşdirir, evə gələndə artıq bu hadisəni xatırlayanda gülürəm.
 
- Necə düşünürsünüz, sizcə, müəllim hansı fərdi keyfiyyətlərə malik olmalıdır?

- Müəllim özünü elə aparmalıdır ki, şagirdlər ona hörmət etsin. Yəni belə demək olarsa, bizim səhv etmək şansımız yoxdur. Şagirdlərlə münasibətdə sərhədi qorumaq da vacib məsəlidir. İndi kurrikulum sistemi ilə dərs keçirik. Bu sistem şagirdlərə həddən artıq sərbəstlik verir. Şagirdin üstünə qışqırmaq, döymək, təhqir etmək yolverilməz haldır. Hər bir uşaq sərbəst şəkildə öz fikrini ifadə edə bilməlidir. Çünki şagird də bir şəxsiyyətdir. Müəllimdən qorxmaq yox, ona hörmət etmək lazımdır. Müəllimlik peşəsinin əsas keyfiyyəti mehriban və ünsiyyətcil olmaqdır. Amma nə qədər mehriban davransan da, öz ciddiliyini qorumalısan. Dərsdə həddən artıq ciddi olsan da, dərsdən kənarda şagirdlərimlə zarafatlaşıram da. Müəllim uşaqda dərsə sevgi yaratmalıdır. Şagird başa düşməlidir ki, müəllim onu nahaq yerə danlamır. Bütün uşaqlara eyni cür yanaşmaq lazımdır.

- Kənddə şagirdlərin oxumağa meyli varmı?

- Bəzən deyirlər ki, kənd uşaqlarının oxumağa həvəsi yoxdur. Bu fikirlə qətiyyən razı deyiləm. Hər bir uşaq öyrənmək, təhsil almaq istəyir. Biz müəllimlər onlara bu şansı verməliyik. Burada valideynin də rolu böyükdür. Kurrikulum sistemi şagird-müəllim-valideyn münasibətlərini tənzimləyir. Bu üçlü münasibət tamamlananda uğurlu nəticə əldə etmək olur. Bəzən valideynin biganəliyi müəllimin əziyyətini yerə vurur. İstər kənd, istər şəhər uşağı, onların təhsilə marağını müəllim və valideyn yaradır. Möhücdə işlədiyim məktəbdə qadın müəllim yox idi. Orada qadının dərs deməsinə yaxşı baxmırdılar. Dərs dediyim müddətdə birinci və ikinci iclasıma ancaq atalar gəlmişdi. Uşaqlara tapşırdım ki, valideyn iclasına analar gəlməlidir. Beləcə, valideynləri həvəsləndirdim. Əlifba bayramında qadınlar da iştirak edirdi. Dərs dediyim müddətdə ciddi irəliləyiş əldə etmişdim. Artıq qız uşaqları ali məktəblərə hazırlaşırdı. Valideynlər də öz qızlarını oxutmaq istəyirdi.
 
- Hər bir müəllimin özünəxas metodikası olur. Siz hansı prinsipləri əsas götürürsünüz?

- Düzdür, hər bir müəllimin öz metodikası olur. Elə savadlı müəllim var ki, metodologiyanı bilmir deyə, istədiyi nəticəni qazanmır. Önəmli olan, müəllimin təcrübəsi və metodikasıdır. Mənim ilk ilimdəki ilə indi dərs dediyim metod fərqlidir. Bu da mühitlə bağlıdır. İndi özümü daha da təkmilləşdirmişəm. Ən böyük metodum uşağı dərsə həvəsləndirməkdir. Müxtəlif yarışmalar, oyunlar təşkil edirəm. Yarışmanın qalibi olan şagirdlərə hədiyyələr verirəm. Bu, uşaqların həvəsini daha da artırır. Bir dəqiqəyə kim çox söz oxusa, imla yarışmasının qaliblərinin adını sinifdə hazırladığımız plakatda qeyd edirik.
 
- Dərs dediyiniz məktəbin şəraiti necədir?

- Şəhər məktəblərində ağıllı lövhələrdən, yeni texnologiyalardan istifadə edilir. Məktəblərin şəraiti də qat-qat yaxşı idi. Kənd məktəbləri bu cəhətdən bir qədər geridədir. Məktəbimizdə cəmi bir proyektorumuz var. İstərdim ki, tədrisdə yeni texnologiyalardan istifadə edilsin. Möhücdə işlədiyim vaxt direktora müraciət etmişdim. 2018-ci ilin fevral ayında gənc müəllimlərlə təhsil naziri Ceyhun Bayramovun görüşü keçirilmişdi. O görüşdə gənc müəllimlərə planşet hədiyyə edildi. Bu planşet indi də mənim dərsdə işimə yarayır. Şəhər məktəblərində bu, adi haldır. Bizdə isə yeni texnologiya təəccüblə qarşılanır.

- Bu təcrübə sizə nə öyrətdi?

- Mən burada həyatı dərk etdim. Çətinliklərin öhdəsindən gəlməyi kənddə öyrəndim. Kənddə qaz yox idi deyə, odun sobası yandırırdıq. Hər gün səhər tezdən oyanıb otağı odunla qızdırır, doğranmış odunları otağıma daşıyırdım. Yollar qarla örtülürdü, yağış yağanda isə hər yer palçıq olurdu. Palçıq ayaqqabıları sıradan çıxardığına görə, evdən çıxanda qaloş geyinirdim, məktəbdə ayaqqabılarımı dəyişirdim. Şagirdlərin də əlindəki çantada əlavə ayaqqabıları olurdu. Kənd məktəbində işləmək mənə əsl müəllim olmağı öyrətdi. Bakıda işlədiyim dövrdə təcrübə yığırdım. Kənddə isə dərslə yanaşı, başqa qayğılarım da var idi. Hansı ki, bu qayğıların öhdəsindən təkbaşına gəlməli idim. Qarlı yollar, soyuq hava çətinlik yaratsa da, orada işləmək mənim üçün maraqlı idi.
 
- Gələcək planlarınız nələrdir?

- Bundan sonra da öz üzərimdə çalışacağam. Hər bir müəllim kimi, mənim də arzum əməkdar müəllim olmaqdır. Bir sıra təhsil forumlarında iştirak etmək niyyətim var. Bizim əsas məqsədimiz uşaqlara elm öyrətməkdir. Şagirdlərimin gələcəkdə uğur qazanmasını istəyirəm. Dərs dediyim şagirdlərimlə əlaqələrim həmişə davam edir. Bu, mənim üçün ən böyük hədiyyədir. Əgər hansısa şagirdin xatirəsində qalmışamsa, bu, böyük xoşbəxtlikdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.