Cəmiyyət

Düşmənə sipər Qarağac

30 Avqust 2015 17:16
0 Şərh     Baxış: 2 126

Bir ildə 16 şəhid verən bu kəndin sakinləri 22 ildir ki, Sumqayıt şəhərində səbirsizliklə torpaqlarına qayıdacaqları günü gözləyirlər

Şər yenə qanlı qılıncını ovxarlayaraq ortaya düşmüşdü. Yəhərsiz, yüyənsiz atını sağa-sola çapır, hansı yolla olursa-olsun insanlara bədlik gətirmək istəyir, ovunu arayırdı. Onsuz da günləri narahatlıq içərisində, səksəkədə keçən insanlar hər an qarşılaşacaqları şərdən gələn sürprizə hazır idilər. Ona görə ki, artıq onlar 1988-ci ildən başlayaraq yuxusuz gecələrə, elə-obaya gələn ölüm xəbərlərinə, güllə səslərinə vərdişli idilər. Şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəd olan Qubadlı rayonunun, demək olar ki, bütün yaşayış məntəqələri oxşar aqibəti yaşayırdı.
1992-ci ilin may ayının 18-də dağlar qoynunda bərqərar olan, strateji əhəmiyyətə malik Laçın rayonu mənfur ermənilər tərəfindən işğal olunduqdan sonra vəziyyət daha da ağırlaşmışdı. Yalnız Yuxarı Fərəcan, Səfiyan, Türklər, Güləbird, Qazıdərə, Aşağı Cicimli və Yuxarı Cicimli kəndləri Milli Ordunun nəzarətində idi. Qubadlının şimal qapısı, demək olar ki, tam olmasa da, əsasən zəif halqaya çevrilmişdi. Ağırlıq Qubadlıda formalaşdırılmış ordunun əsgərlərinin üzərinə düşmüşdü. Əsasən könüllülərdən ibarət ordunun texniki təminatı, demək olar ki, ən aşağı səviyyədə idi. Laçın dəhlizinin alınması ermənilərin əl-qolunu daha da açmışdı. Yerli hərbi birləşmələr isə qeyri-bərabər qüvvəyə malik düşmənlə üz-üzə qalsalar da, mübarizliklərini itirmir, yeri gəldikcə əks həmlələrlə düşmənin hücumlarının qarşısını alırdılar. 
Avqustun 7-də dəhşətli bir xəbər bütün rayonu sarsıtdı: Laçın rayonu ərazisində həyata keçirilən Suarası-Susuzdağ əməliyyatında ağır itkilərimiz olub. Şəhidlərin əksər hissəsi isə Qarağac kəndindən olan könüllülərdir. 
Qarağaclılar artıq daha ağır və asanlıqla çıxmaq mümkün olmayan imtahanla üz-üzə qalmışdılar. Ermənilərin hərisliklə torpaqlarımıza susaması, bir sıra yurd yerlərinin işğala məruz qalması bu obanın da igid oğlanlarını ayağa qaldırmışdı. Təkcə kənddə yaşayanlar deyil, Bakı və Sumqayıt kimi iri şəhərlərdə məskunlaşmış gənclər də könüllü olaraq Milli Orduya yazılırdılar. Fikirləri qəti idi: əvvəl ata-baba yurdumuzu qoruyacağıq, sonrası isə ya qismət. Bəxtimizdə sağ qalmaq varsa, o halda yarımçıq işlərimizi davam etdirərik.
Amma Qarağac əhli haradan biləydi ki, onların taleyində bir gündə kəndin 8 ərənini itirmək də varmış. Avqustun 5-dən 6-na keçən gecə onsuz da quş kimi ayıq yatmağa öyrəşmiş kənd sakinləri az müddətə gözlərinin acısını almaq istəsələr də, gördükləri qarışıq yuxular onların şüurunu qarışdırmışdı. Hər kəsin qulağı səsdə idi. Sanki hər kəs alacağı müdhiş, qəlbləri parçalayacaq xəbərə özünü hazırlamaq istəyirdi. 
Novruz Məmmədov (həmin dövrdə N saylı hərbi hissənin 3-cü taborunun qərargah rəisi, istefada olan kapitan): - Qubadlı rayonu üçün olduqca acınacaqlı günlər idi. Laçının işğal olunması vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Ona görə də Laçının hələ işğal olunmamış kəndlərində olan yerli ordu hissələri və Qubadlının hərbi birləşmələri əsas diqqəti bu səmtə yönəltmişdi. Məqsəd Laçın dəhlizinə nəzarəti ələ keçirmək, eyni zamanda Laçının qalan kəndlərinin və Qubadlının bu əraziyə yaxın yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək idi. Ona görə də qeyd olunan istiqamətdə ordu intensivliyi artırmışdı. 1992-ci ilin avqust ayının 4-də Laçın istiqamətinə hərəkətdə olan Biləsuvar bölüyünün hərbi maşını Suarası kəndi yaxınlığında minaya düşdü. Ölən və yaralananlar oldu. Meyitlər və yaralılar ərazidən çıxarıldıqdan sonra avqustun 5-də həmin ərazilərdə kiçik qruplarla kəşfiyyat aparıldı. Məlum oldu ki, qeyd olunan sahələr ermənilər tərəfindən minalanıb. Ərazi təmizlənməsə, hərəkət mümkünsüz olacaq. 
Buna görə Ağdamdan minaaxtaranlar dəvət olunur və briqada komandiri polkovnik Nüsrət Namazovun yanında Suarası-Susuzdağ əməliyyatının keçirilməsi ilə bağlı müşavirə keçirilir. Müşavirədə əməliyyatın həyata keçirilməsi ilə əlaqədar iki qrup yaradılır. Öndə gedən qrupda minaaxtaranlar və o dövrdə rayonda uğurlu hərbi əməliyyatların həyata keçirilməsində xüsusi rolu olmuş kəşfiyyat dəstəsinin əsgərləri, ardınca isə 3-cü taborun komandiri kapitan Dağbəyi Məhyəddinovun başçılığı altında 18 nəfərdən ibarət dəstə hərəkət etməli idi. 
Suarası-Susuzdağ əməliyyatının iştirakçısı, Qarağac kəndinin sakini Bəxtiyar Kərimovun dedikləri: - Hərbi hissədə ehtiyatda idik. Laçın istiqamətində həyata keçiriləcək əməliyyatda iştirak etmək haqqında əmr aldıq. Maşın bizi məlum məntəqəyə çatdırdı. Yola düzəldik. Üstündən bir qədər keçməmiş qarşı yüksəklikdən səs gəldi. Əvvəlcə döyüş mövqeyi tutduq. Sonra Aslan Atakişiyev (Muradxanlı kənd sakini, bölük komandiri) yüksək səslə onlardan kim olmalarını soruşdu. Milli Ordunun geyimində olan iki nəfər əl işarəsi ilə bizi çağırdı. Biz də onları özümüzünkü sanaraq arxayın şəkildə yolumuza davam etdik. Suarasından Dəhan kəndinə gedən yolda bələdçimiz Aslan Atakişiyev iki gün əvvəl həmin ərazidə minaya düşən maşını bizi göstərdi və buradan meyitləri neçə çıxarmaları haqda məlumat verdi.
Bəxtiyar Kərimov deyir ki, bir qədər də gedəndən sonra qarşıdakı bulaqdan su içiblər. Yollarına davam edib irəliləyərkən əvvəlcədən uzaqdan gördükləri iki nəfərlə qarşıdakı böyürtkən kolunun yaxınlığında qarşılaşırlar. A.Atakişiyev həmin simaların tanış olmadığını deyərək silaha əl atarkən güclü atışma başlayıb. Müsahibimiz xatırlayır: - Gözlənilməz bir anda hər tərəfdən üstümüzə güllə yağış kimi yağmağa başladı. Mühasirəyə düşdüyümüz aydın idi. Bu odun-alovun içərisindən çıxacağımızı gözləmirdik. Ona görə də imkan daxilində daha çox düşmən öldürməyi qənimət bilirdik. Birdən ayaq və baş nahiyəmdə gizilti hiss etdim. İki güllə yarası almışdım. Arxaya sürünüb kolluğa girdim. Atışma davam edirdi, qan isə məni aparırdı. Həm dəhşətli ağrılar, həm də düşmənin əlinə keçməmək üçün özümü güllə ilə vurmaq qərarına gəldim. Bu zaman Həmzəli kəndindən olan Əliyar Abbasov mənə yaxınlaşdı. O da qolundan yaralanmışdı. Bizdən bir qədər aralıda isə Ələkbər Əliyev (Milli Qəhrəman, İşıqlı kəndi) ağır yaralanmış vəziyyətdə can verirdi. 
Tabor komandiri Dağbəyi Məhyəddinov Bəxtiyarla Əliyara yaxınlaşaraq mühasirədə olduqlarını bildirir. Və mühasirədən çıxmaq üçün istiqaməti müəyyənləşdirir. Hər üçü fərqli istiqamətdə qaçır. Bəxtiyar deyir ki, güllə yağışı altında qaçaraq iki gün əvvəl minaya düşmüş KamAZ-ın təkərinin altında gizlənir. Həmin istiqamətdə atəş səngiyəndən sonra isə meşəyə sarı qalxır. Qarşıdakı aşırımı keçdikdən sonra yorğunluq, qan itkisi öz sözünü deyir. Bəxtiyar huşunu itirir. Ayılanda isə hər tərəf qaranlıq idi. Birtəhər özünü toplayaraq Suarası kəndindən yan keçərək onları döyüş mövqeyinə gətirən maşına çatır. Padar kəndindən olan sürücü Elbrus onu Səfiyana çatdırır. Buradakı ehtiyat bölüyündə ilk tibbi yardım alır. 
Novruz Məmmədov xatirələrini davam etdirir: - Avqustun 6-da təxminən saat 20-21 radələrində briqada komandiri N.Namazovun yanında müşavirə keçirilirdi. Bu zaman ona ratsiya vasitəsilə Suarası-Susuzdağ əməliyyatına gedən hərbçilərin mühasirəyə düşmələri və itkilərin olması haqda məlumat daxil oldu. Mən əmr əsasında Muradxanlı kəndinə gələrək ehtiyat qüvvələri yığdım. Artıq saat təxminən 23 radələrində mühasirədə qalanları çıxarmaq üçün yaradılmış qrup Suarası kəndinin üstündə idi. Beləliklə, avqustun 6-dan 7-nə keçən gecə səhərə yaxın, saat təxminən 4 radələrində əlavə qüvvələrin köməyi ilə meyitlərin çıxarılması əməliyyatına başlanıldı. Artilleriyanın yaxşı işləməsi və havanın dumanlı olması əlavə itki vermədən meyitləri və 4 güllə yarası alaraq yaralı vəziyyətdə sağ qalan Arif Abdullayevi çıxarmağı mümkün edib. 
Meyitlə doldurulmuş maşın Muradxanlıya daxil olur. Ana-bacıların ərşə qalxan fəryadları altında ağsaqqalların razılığı ilə ölümü birgə bölüşənlərin son görüş və yuyulma məkanları da bir olur. Meyitlərin yığıldığı maşın həmin döyüşdə şəhid olmuş Qarağac kəndinin sakini Qabil Quliyevin atası Oruc müəllimin həyətinə sürülür. Oruc müəllim son dəfə oğluna və onun döyüşçü dostlarına yığnaq quracaqdı. 
Qeyd edək ki, bu əməliyyatda ümumilikdə 12 nəfər şəhid olub. Bunlardan 8 nəfəri (Bəylər Ağayev, Şirin Ağayev, Vidadi İsmayılov, Savalan Eminov, Şirin Şirinov, İlham Əliyev, Qabil Quliyev və Babək Cəfərov) Qarağac kəndindəndir. Babək Cəfərov müharibəyə könüllü kimi Sumqayıt şəhərindən (əslən Sisyanın Ağdu kəndindəndir) gəlsə də, ana tərəfdən bu kəndə bağlı olub. Həmçinin nakam sevgisinin yadigarı olan nişanlısı da bu kənddən imiş. Ona görə də qarağaclılar Babəki həmişə özlərininki bilirlər. Digər 4 şəhiddən Aslan İsmayılov Qarakişilər, Ələkbər Əliyev İşıqlı, Aslan Atakişiyev Muradxanlı kəndinin və Aqil Məmmədov isə Qubadlı qəsəbəsinin sakinləri idi. 
Onlardan dördünün - Bəylər Ağayev, Ələkbər Əliyev, Aslan Atakişiyev və Aqil Məmmədovun döyüş meydanlarında şücaətləri dövlət tərəfindən yüksək qiymətləndirilərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər. 
Kiçik bir kənd olan Qarağac Qarabağ savaşında ümumilikdə 16 (Babək Cəfərov da daxil olmaqla) şəhid verib. Bunlardan 9-u hərbçi, 7 nəfəri isə mülki şəxslər olub. Hərbi mükəlləfiyyətli Mehman Əliyev 1993-cü ilin noyabr ayının 19-da Cəbrayıl rayonu ərazisində şəhid olsa da, mülki şəxslər - Zahid Abdullayev, Köçəri Abdullayev, Roza Abdullayeva, Minayə Əliyeva, Zülfünaz İbrahimova, İsmayıl Rüstəmov və Telman Əliyev Qubadlının işğala məruz qaldığı 30 avqust 1993-cü ildə düşmən gülləsindən Haqqın dərgahına qovuşublar. Onların şəhid olduqları məkanlar isə Balasoltanlı, Qarağac və Çaytumas kəndləri olub. 
Qubadlı rayonu tam işğal edildikdən sonra digər kəndlərin əhalisi kimi, Qarağac camaatı da respublikanın müxtəlif bölgələrində yurd saldı. Lakin bu kəndin əksər əhalisi hazırda Sumqayıt şəhərində məskunlaşıb. İlk illər çətinliklər daha çox olsa da, hazırda insanlar əsasən özləri üçün şərait qurublar. Oğul evləndirib, qız köçürəni də olub, vətən, torpaq nisgili ilə dünyasını dəyişənlər də... Bütün hallarda həsrətli baxışlar qürbətdə qalan Qubadlıya, Qarağaca dikilib. Hər kəs 20 ildən çoxdur ki, doğmalarının baxımsız qalan qəbirlərini ziyarət etmək, həsrətdən, yanğıdan cadar-cadar olmuş torpağa bir dəfə də olsa üz qoymaq arzusundadır. 
Qaracallı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Rəhim Məmmədovla söhbət zamanı o, şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs etdi. Bildirdi ki, ümumilikdə icra nümayəndəliyinin əhatə olunduğu kəndlər üzrə hərbi və mülki şəxslər olmaqla 25 nəfər şəhidlik zirvəsinə qovuşub. Şəhid ailələrin hər biri həm dövlət başçısı İlham Əliyevin, eyni zamanda da rayon icra hakimiyyəti rəhbərliyinin xüsusi nəzarətindədir. Təkcə bayram günlərində deyil, digər vaxtlarda da onlar qayğı ilə əhatə olunurlar. Eyni zamanda, ali təhsilli şəhid övladlarının işlə təmin olunmalarına kömək göstərilməsi də icra hakimiyyəti başçısının diqqətində saxlanılır. 
Qarağac camaatı tez-tez şəhid övladlarını xatırlayır və gənc nəslə onların keçdiyi qəhrəmanlıq dolu həyat yollarından bəhs edir.

"Azərbaycan" qəzeti

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics