Bir-birinə bənzəyirdilər. Bir ata-ananın uşaqları kimiydilər. Hərəkətləri, danışıqları, əməlləri, sevgiləri də oxşardı. Bir nəslin övladları idilər - köhnə kişilər nəslinin. Ən böyük titulları da elə bu idi. Ondan böyük ad yox idi. "Filankəs köhnə kişidir" demək hər şeyi həll edirdi. Köhnə kişi olmaq köhnəlmiş kişi olmaq deyildi, amma hər kəs də köhnə kişi ola bilmirdi: köhnələni, nimdaşlaşanı, sürtülüb bozaranı da vardı. Rəngi gedənlər, dəyərini itirənlər el içində manşırdı, barmaqnan göstərilərdi. Köhnə kişi adının arxasında sədlər, sərhədlər, standartlar, meyarlar, pozulmaz qanunlar dayanırdı. Bu ölçülər, bu dəyərlər el-oba tərəfindən qəbul olunmuşdu. Çünki illərin sınağından çıxmışdı. Köhnə kişi rütbəsi yalnız zamanın gətirdiyi mahiyyəti ifadə eləmirdi, daha çox köhnə, qədim dəyərlərlə yaşamağın göstəricisi idi. Ona görə də köhnə kişilər illər keçdikcə, yaşa dolduqca köhnəlmir, qədimləşirdilər. Samballaşır, əntiqləşirdilər.
Köhnə kişilər hər şeydən öncə həqiqətçi idilər. Nə qədər çətin, acı da olsa, həqiqətin tərəfində durmağı özlərinə borc bilirdilər, şərəf sayırdılar. Haqq keşikçisiydilər.
Sözü bütöv idilər, kəlmələrində iynənin ildızı qədər yalan olmazdı.
Əməkçi idilər. Allahın verdiklərini tam təyinatı ilə, yerinə-yurduna uyğun şəkildə işlədirdilər. Suları yatağında idi. Neçə yaz gəlsə də, daşmırdılar, məcradan çıxmırdılar. Əkirdilər, biçirdilər, çay daşı yüklənmiş kəl arabası kimi el-obanın, qohum-əqrəbanın, ailənin yükünü çəkib aparmaqdan usanmırdılar. Yük çox ağır olanda dizlərini yerə atırdılar, amma yıxılmırdılar.
Uşaq kimi idilər, hər şeyi olduğu kimi görmək istəyirdilər. Dünyaya gözləri ilə deyil, könülləri ilə baxırdılar. Qəlblərini üzlərinə tutub baxırdılar deyə hər şeyi qəlb adlı ədalət və sevgi süzgəcindən keçirirdilər. Hər şeyə ədalətlə yanaşır, sevgi ilə qərar verirdilər. Belə edirdilər deyə daha dərinləri görə bilirdilər.
Bir kəndin, elin-obanın siması, üzü idilər. Bir elin adı gələndə ilk yada düşən bu torpağın köhnə kişiləri olurdu. O el-obaya da elə o köhnə kişilərə görə qiymət verirdilər, o camaatı köhnə kişilərə görə tanıyırdılar, sayırdılar, ağırlayırdılar.
Xətir-hörməti, etibarı, yaxşılığı, kəsdikləri çörəyi itirməzdilər.
Səbirli, təmkinli, tədbirli oturub-durardılar. Həyatın bütün çətinlikləri ilə üz-üzə gəlməyi, taleyin hər cür məhrumiyyətlərinə sinə gərməyi bacarırdılar. Allahdan başqa kimsədən qorxuları yoxuydu. Çünki imanları kamil idi.
Ciddi, zəhmli ailə başçıları idilər. Özlərinə məxsus süfrə mədəniyyətləri vardı. Süfrəni, süfrədəkini müqəddəs sayırdılar və heç kimə də imkan verməzdilər ki, o müqəddəsliyə xor baxsın. Zəhmləri ağır idi - adamı basırdı. Süfrə başında arvad-uşaq onun gəlişini gözləyər, yalnız o "Bismillah" deyəndən sonra süfrəyə əl uzadardılar. Şit-şit danışmaz, gülməz, nadir hallarda gülümsəyərdilər ki, bu da toy-bayrama çevrilərdi. "Uşaqların anası" ilə sözsüz-kəlməsiz anlaşmaları vardı: bir baxışla ana bilərdi ki, iş nə yerdədir. Köhnə kişilər olan evdə hamının öz yeri vardı və hər kəs öz yerində oturardı, yəni hər kəsin öz həddi vardı. İşdir kimsə bu həddi aşardısa, bir zəhmli baxış və ya bir kəlmə bəs edərdi.
Sözləri ilə əməlləri tən gələrdi. Onlar üçün söz ürəyin, varlığın bir parçası idi. Söz ağızdan çıxdısa tutulmalıydı. Söz onların sanbalı idi, şəxsiyyət vəsiqəsi, kimliyi idi, nəslindən-kökündən, yeddi arxa dönənindən xəbər verirdi. Sözə yenicə doğulmuş körpə kimi baxırdılar - həssaslıqla, qayğı ilə, onu heç atmaq olardımı?! Söz bu kişilərin elə özü idi, daha doğrusu, onlar sözlərindəki qədər idilər.
İnamlıydılar. Ona görə də bir "sən öl"nən - bir söznən inanıb gedərdilər. Çünki inanmamaq "sən öl" deyən kişinin itkisi qədər ağır idi. "Sən öl" deyən kişi də onu hələm-hələm, hər şeydən ötrü işlətməzdi, bu, ölüm-dirim məsələsi idi, həm də yalandan bu sözü işlətmək qarşıdakının ölümünü arzu etmək qədər bağışlanmaz sayılardı.
Öyüdü, nəsihəti, dərsi sözdən çox əməlinən verərdilər. Götürən götürərdi, götürməyənə laf qıymazdılar.
Barışçı idilər, qan bağlayırdılar. Bir sözləri iki olmazdı, çünki ədalətlə yoğurulurdu. Hansı qapıya getsəydilər, boş qayıtmazdılar. Ədavət saxlamağı, kin bəsləməyi kişiyə yaraşdırmazdılar. Düşmənçiliyi belə kişi kimi edərdilər - mərd-mərdanə.
Başsızın, kəsiyin, yetimin dadına məqamında yetişərdilər. Həm də bunu elə edərdilər ki, kimsənin xəbəri olmazdı.
Sözün bütün anlamında harama gözlərinin ucu ilə də baxmazdılar. Baxanlara da özünəməxsus şəkildə elə dərs verərdilər ki, illərlə unudulmaz, alınlarının ortasında damga kimi qalar, onların kimliyini nişan verərdi. Öz qayda-qanunları vardı köhnə kişilərin. Və bu qanunlar, demək olar ki, bütün ömür boyu pozulmazdı.
Yaxşı yeməyi xoşlayardılar. Bir qoçu bir oturuma şişə çəkərdilər. Dağ olmuş yağa çörək doğrayıb qaşıqdan keçirərdilər. Elə bilərdin ki, doğramac yeyirlər. Sonra da bığlarını eşib, buğlana-buğlana demini dəmə qoyardılar.
İşləməkləri də yeməkləri kimi idi. Hərəsinin də altı nömrə dəryazı olardı. Bir dəfə qol bulayanda on arşın yeri yatırardılar.Tələsməyi sevməsələr də yeri gələndə qırğı kimi şığıyar, ətəkləri yelkən kimi açılardı. Başlarında çalma, ya da küncləri düyünlənmiş cib dəsmalları olardı. Yayın qızmarında bu çalma sərin saxlayardı.
Biçin vaxtı ağır yeməzdilər, ağartıya üstünlük verərdilər. Dan üzündən işin üstündə olar, gün bir balaca dikələndə, istilər düşməmiş geri qayıdardılar. Bir də axşamüstü - gün dönəndən sonra, küləklər başlayanda yenidən işə can verərdilər - ta şər qarışana kimi. Yoruldum deməzdilər, çünki işin çəmini, yatımını, yöndəmini bilirdilər. Dərzlər yan-yana düzüldükcə üzləri gülərdi, bığaltı qımışardılar. Arada ağac kölgəsinə çəkilib saxsı cürdəkdəki təzə nehrə ayranını başına çəkər, ürəkdən "oxxay" deyərdilər.
Dərzləri xırmana daşıyıb, vəl sürərdilər. Döyülmüş taxılı sovurardılar ki, dəni samandan, köçəldən ayırsınlar. Buğdadan tığ vurardılar. Ürəkləri təpələnər, təpərlənər, sinələri genəlib xırman yerinə dönərdi...
Mətin idilər, çətinlik qarşısında özünü itirmir, təntimirdilər. Kədər, qəm köhnə kişiləri əyə bilmirdi. Onları kasıblıq qorxutmadığı kimi, rütbə, ad-san da çəkmirdi. Az tapanda da çox görürdülər. Xarakterləri belə bərkimişdi, belə oturuşmuşdular, biçimləri beləydi, "köhnə kişi" qəlibinə belə tökülmüşdülər, şəxsiyyət idilər. Ölümdən başqa, hər dərdə dərman tapa bilirdilər.
Ölümləri də özlərinə bənzəyirdi. Yaşa dolduqca üz-gözündən nur yağan köhnə kişilər yanıb-yanıb qurtaran şama bənzəyirdilər.
Sadəcə, yanıb qurtarırdılar...
Ruhları üzlərinə vururdu. Ruhları kimi görünürdülər; təpədən-dırnağacan nur içində olurdular. Köhnə kişilərin ölümü bir nəfərin, bir kişinin ölümü deyildi. Hiss olunurdu ki, bu dünyadan bir dünya gedir.
Günəş qalxdıqca dağların kölgəsi zirvəyə yığılan kimi çəkilib gedirdilər...
Sürü qırağında, çöldə öldülər,
Bir səfər üstündə, yolda öldülər,
İbadət zamanı, qalda öldülər
Bu azman kişilər, köhlən kişilər,
Köhnə kişilər.
Ağrıya-acıya uf demədilər,
Minnət qoymadılar, söz yemədilər,
Ölümü ölüm tək gözləmədilər
İxtiyar kişilər, körpə kişilər,
Köhnə kişilər.
Ağır oturdular, batman gəldilər,
Dərdə sinə gərən qara nərdilər,
Elə cavanlıqdan dədələrdilər
Yurd-yuva üstünə kölgə kişilər,
Köhnə kişilər.
Yerində kişilik qoyub getdilər,
Çəkilib, dünyadan doyub getdilər,
İtirən biz olduq, hayıf, getdilər
Canlı əfsanəyə dönən kişilər,
Köhnə kişilər.
Kədər alıb, fərəh satan idilər,
Dara duran, haya yetən idilər,
Elə özü boyda Vətən idilər
Möhtərəm kişilər, möhkəm kişilər,
Köhnə kişilər.
/Zaman/
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Köhnəlməyən köhnə kişilər...
6 Fevral 2011 12:43
Baxış: 4 096

DİGƏR XƏBƏRLƏR
-
Saç ustası olduğu deyilirdi, yenə həkimliyə başlayıb? - Video
-
Nazirlər hansı universitetləri bitirib? - SİYAHI
-
Türk dünyası təhsil mövzulu beynəlxalq film yarışmasında birləşir
-
Heydər Əliyev Fondu tərəfindən Samuxda inşa olunan yeni məktəb binası istifadəyə verilib - FOTO
-
Təhlükəsizlik, yoxsa şəxsi həyata müdaxilə? - Yasamalda bəzi kameralar eyvanları çəkir
-
Xətai sakinlərinin etirazı nəticə verdi – Qanunsuz tikinti dayandırıldı
XƏBƏR LENTİ
-
Hansı balıqda sümük daha azdır? - Tanınmış növlər
-
Məzahir Pənahovun gəlini: “Pasportumu götürüb qaçdım”
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq
-
“Alim Qasımov indi şöhrətlənib məni yada salmır”
-
Saç ustası olduğu deyilirdi, yenə həkimliyə başlayıb? - Video
-
"Qarabağ"ın Çempionlar Liqasında ilk 24-lüyə düşmə ehtimalı açıqlanıb
-
“Elgizin, Zaurun verilişinə ekspert kimi gedirəm, məni müalicə etdirirlər” - Aktyorla müsahibə - FOTO
-
"Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm"
-
Azərbaycan rayonlarına və Mingəçevir şəhərinə raket atılması ilə bağlı sənədlər elan olunub - FOTO
-
Narin cinayəti ilə bağlı həbs edilən 3 nəfər sərbəst buraxıldı
-
Gümüş 14 ildən sonra rekordunu yenilədi
-
Elzanın daha bir istedadı üzə çıxdı
-
“Növbəti sammit İrəvanda olacaq” - Paşinyan
-
“Qarabağ” 2 qələbədən neçə milyon qazanıb? - MƏBLƏĞ
-
Səbinə Ərəbli Xankəndiyə köçdü
-
Nazirlər hansı universitetləri bitirib? - SİYAHI
-
Azərbaycan və Özbəkistan birgə dünya çempionatına ev sahibliyi edəcək
-
Azərbaycanlı sənətçi 1 milyonluq borca düşdü - “Lexus”usunu SATDI, bankdan kredit götürdü
-
Xırdalanda küçəni su basdı - VİDEO
-
Türkiyədə daha bir zəlzələ oldu
-
Türk dünyası təhsil mövzulu beynəlxalq film yarışmasında birləşir
-
“Qarabağ”ın oyununa görə “Gənclik”də rekord qırıldı
-
Bolt şirkəti bəzi sürücüləri işdən çıxardır? - AÇIQLAMA
-
Əməkdar artist: "Ona 6 sot torpaq hədiyyə etmişəm"