Doqquz günlük Novruz bayramı tətili ölkənin şimal-qərb bölgəsinə, xüsusən də Şəkiyə üz tutan turistlərin sayını artırıb. Qədim Şəkini seçən turistlər daha çox Xan Sarayına, muzeylərə və tarixi abidələrə getməyi üstün tuturlar.Şəki Turizm İnformasiya Mərkəzinin direktoru: "Manatın ucuzlaşması xaricə üz tutan turistlərin sayına təsir edə bilər..."
Ötən ay manatın dəyərinin azalmasının hotellərə, turizm obyektlərinə, ən əsası, tarixi abidələrin giriş haqlarına necə təsir etdiyini öyrənmək üçün kiçik bir müşahidə apardıq. Turistlərin daha çox maraq göstərdiyi Xan sarayı və muzeylərə baş çəkib qiymətlərlə maraqlandıq.
Qeyd edək ki, Xan sarayı və muzeylərin heç birində qiymət tablosu yox idi. Halbuki, bütün muzey və tarixi yerlərdə belə tablolar olmalı və orada giriş qiymətləri yazılmalıdır.
Muzeylərə və Xan sarayına giriş iki manata idi. İki manata içəri keçmək istəməyənlər olanda isə qapıda dayanıb muzeyə turistləri səsləyən işçilər "yaxşı, gəlin, bir manat verərsiniz" deyirdilər. Təbii ki, bir manatın izahı da elə bir manatlıq, yəni zəif olur...
Maraqlıdır ki, muzeylərdə şəkil çəkdirmək, əslində, pulsuz olduğu halda, öz telefonunla belə şəkil çəkdirməyə 1 manat istəyirlər. Xan sarayının içində isə şəkil çəkdirmək qadağandır. Həyətində çəkdirməyə görə pul alınmır.
Hotellərin qiymətinə gəlincə, qiymətlər 70 manatdan başlayır. Fərdi evlərdə isə qiymət nisbətən ucuz idi. Bir çox şəkililər öz şəxsi evlərini gələn turistlərə kirayə verirlər. Bu tip evlərin qiyməti 40-50 manatdan başlayaraq şəraitinə, yerləşdiyi əraziyə və otaqlarının sayına görə dəyişir. Şəkidə fəaliyyət göstərən turizm mərkəzlərində isə ciddi artım müşahidə etmədik.
Şəki Turizm İnformasiya Mərkəzinin sədri Nəsib İmaməliyev Novruz bayramı ərəfəsində Şəkiyə üz tutan turistlərin sayında yerli turistlərin üstünlük təşkil etdiyini dedi: "Manatın dəyərinin düşməsi turistlərin sayına heç bir təsir göstərməyib. Bu, yalnız Azərbaycandan xaricə üz tutan turistlərin sayına təsir edə bilər, Azərbaycana gələnlərin yox. Ancaq bu dəfə Şəkiyə gələn yerli turistlərin sayı daha çoxdur. Bayram ərəfəsində həmişə turistlər olur. Novruz bayramında isə əvvəlki aylara nisbətən daha çox turistin gəldiyini müşahidə etdik. Bizdə olan statistik məlumatlar da turist artımının olduğunu təsdiqləyir. Düzdür, biz xarici turistlərin də şəhərdə gəzdiyini, tarixi abidələrə baş çəkdiyini görürük. Şəki digər regionlardan fərqlənir və bizdə mövsüm məsələsi yoxdur. İstənilən mövsümdə turist olur. Bura turistləri daha çox tarixi abidələr, Xan sarayı, Kiş alban məbədi cəlb edir".
Şəkidə yeni istirahət mərkəzlərinin və hotellərin tikildiyini deyən İmaməliyev istənilən sayda turistləri qarşılayıb yola salmaq iqtidarında olduqlarını da dedi: "Bu yaxınlarda "Şəki Park" adlı istirahət mərkəzi və mehmanxana açıldı. Bu ildən etibarən turistləri qəbul edəcək müəssisələrin sayı artmaqdadır. Həmçinin, böyük bir proyekt olan "Marxal" istirahət mərkəzinin tikintisi davam edir. Bayram günlərində artıq hiss olunur ki, Şəkidə bütün istirahət mərkəzlərində, otellərdə və şəxsi evlərdə qalan turistlər çoxalıb və demək olar ki, yerlər dolub. Bəzən deyirlər ki, hansısa bir xarici ölkədə istirahət etmək Azərbaycanda istirahət etməkdən daha ucuz başa gəlir. Bu sözdə hardasa həqiqət var. Ancaq qiymətlər keçən ilə nisbətən aşağıdır. Bizdə turizm mövsümü bu aylardan etibarən oktyabr ayınadək davam edir. Məsələn, "Şəki Palace", "Şəki saray" hotelləri var ki, orada qiymətlər bir o qədər də baha deyil və 70 manatdan başlayır. Manatın dəyərinin aşağı düşməsi Azərbaycandan xaricə üz tutan turistlərə təsir edir, bizim ölkəmizə gələnlərə yox. Bir insan gəzmək istəyirsə, məncə, onun qarşısını heç nə ala bilməz. Turistləri də bir neçə qrupa bölmək olar: bahalı turistlər, diplomatik turistlər və sadə turistlər. Hər bir turist cibinə görə hərəkət edir. Turistlərin bəzisi prestejli yerdə, bəzisi sadə, bəziləri isə kənddə qalmaq istəyir. Son vaxtlar turistlər kəndə daha çox meyl edir. Daha çox Kiş və Fazıl kəndində qalmaq, kənd mədəniyyəti ilə tanış olmaq, təamlarını dadmaq istəyir. Şəkiyə daha çox Rusiyadan, Yaponiyadan, Almaniyadan, İspaniyadan, Asiya ölkələrindən turist gəlir. Ümumiyyətlə, ölkənin şimal-qərb regionu tarixi abidələrlə məşhur olduğu üçün turist axını da çox olur".
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.