Cəmiyyət

"5-ci ELEMENT"lə müsahibə - FOTO

24 Dekabr 2014 08:01
Baxış: 10 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
2015-ci ildən etibarən ATV telekanalında yeni telelayihə başlayır - "5-ci ELEMENT" tok-şousu. Tok-şounu dörd tanınmış, lakin uzun müddətdir efirdə görünməyən teleaparıcı - Kamilə Babayeva, Hüsniyyə Məhərrəmova, Ranar Musayev və radio DJ Rüfət Ağayev aparacaq.

Təbii ki, biz də belə bir xəbəri buraxa bilməzdik - onlar üçün çox darıxmışıq.

Anonsun çəkiliş məkanını öyrənər-öyrənməz dərhal çəkiliş meydançasına yollandıq ki, baş qəhrəmanlarla görüşək və layihənin detalları haqqında məlumat alaq. Fasilə zamanı hər dörd aparıcını avtobusun içində qızınarkən tutduq. Kimisi nəhəng hamburger yeyir, kimisi də plastik stəkanda kofe içirdi.

Vaxt itirmədən və rejissorun hər an "Motor" komandası verə biləcəyini düşünərək dərhal işə başladıq.

Rüfət: Mənə elə baxmayın, onsuz da heç nə söyləyən deyiləm. Böyüklərdən soruşun (gülür).

- Dörd aparıcının bir layihəyə gəlməsi ideyası haradan yarandı?

Ranar: Yaxın işgüzar əlaqələrdən əlavə, aramızda sıx dostluq əlaqələri də var, mütəmadi görüşürük, danışırıq. Söhbətlər zamanı hər kəs ayrı-ayrılıqda etiraf edirdi ki, efir üçün darıxıb və yeni layihə hazırlamaq istəyirlər. Biz də düşündük ki, nəyə görə dörd arzunu bir layihədə reallaşdırmayaq?

Kamilə: Mövzunu hələ yayda dördümüz də Fransada "Fort Boyard" layihəsində iştirak edən zaman başlamışdıq.

Hüsniyyə: Daha dəqiq, biz Ranarla bu layihədə işləmişik. Rüfətlə Kama isə iştirak edirdilər. Onlar bizim necə sadist olduğumuzu, biz isə onların necə qorxaq olduqlarını öyrəndik. Beləliklə də "Beşinci element" meydana gəldi.

- Nəyə görə məhz "Beşinci element"?

Rüfət: Bu adın çox maraqlı izahı var, ancaq mən düşünürəm ki, sirləri açmaq hələ tezdir. Tezliklə proqramın anonsu çıxacaq. Orada da sualınıza cavabın bir qismini tapa biləcəksiniz.

- Qisim? Niyə sadəcə qisim?

Kamilə: Ən dadlı desert sonda verilir. Bir az səbrli olun, ilk efirdə hər şey aydın olacaq.

- Siz çoxdan görünmürsünüz. Nə vaxt və hansı verilişi aparmısınız sonuncu dəfə?

Kamilə: Bir az gözləyin, qoyun yadıma salım. Hə, axırıncı dəfə mən 2009-cu ildə Türkiyənin "Kabul günü" telekanalında layihəni aparmışam. Sonra Azərbaycana qayıtdım və karyeramı serialda aparıcı kimi davam etdirdim.

Hüsniyyə: "Eurovision"da Azərbaycan nümayəndə heyətinin rəhbəri olduqdan sonra mənim öhdəçiliklərim artdı. Bu səbəbdən də bir qədər efirdən uzaqlaşdım və prodüserlik fəaliyyəti ilə məşğul oldum. Elə alındı ki, bu ilin əvvəlində maraqlı təklif aldım və "Eurovsion"un milli seçim mərhələsi olan "Böyük səhnə" layihəsinin aparıcısı oldum. Onda anladım ki, efir üçün çox darıxmışam.

Ranar: Həmkarlarımdan fərqli olaraq mənim karyeramda yalnız bir telelayihə olub. Dörd il ərzində aparıcısı olduğum "Bura Bakıdır" verilişi. O, həyatımda ilk və hazırkı dövrə qədər son telelayihədir. Efiri 2008-ci ildə tərk etmişəm və bu günə qədər geri dönmək barədə düşünməmişəm. Bütün bu vaxt ərzində rejissorluq və prodüserlik fəaliyyəti ilə məşğul olmuşam. 6 il keçib. Yenə də mənə elə gəlir ki, qayıdıram (gülür).

- Daha doğrusu, əfsanə geri dönür?

Rüfət: Əfsanələr qayıdır... məndən savayı (gülür). Əfsuslar olsun ki, qürrələnməyə səbəbim yoxdur, çünki gələcək tərəf-müqabillərim sayılacaq aparıcılardan fərqli olaraq, sürəkli, çoxlu layihə təklifləri alıram. Xoşbəxtlikdən və ya bədbəxtlikdən, mən əfsanəyə çevrilə bilmədim. Düşünmürəm ki, Ranar və Kamilə kimi 5-6 il gözləyə bilərdim. "moHİTo" telelayihəsindən sonrakı 4 aylıq fasilə kifayət etdi ki, həm də radioda DJ olmağıma baxmayaraq, efir üçün darıxım.

- Bəs axşam radioda olan layihə necə olacaq?

Kamilə: Yeri gəlmişkən, ideyadır...

Hüsniyyə: Uşaqlar, nə vaxt müzakirə edirik?

Rüfət: Məncə, şirkət üçün bir DJ yetərlidir. Əgər istəsəniz, müzakirə edərik. Bundan artıq heç nə.

Ranar: Siz hələ "Beşinci elementi" işləyin...

- Yeri gəlmişkən, zaman barədə. Eyni zamanda həm də rejissor, prodüser, aktyor, radio DJ-i və s. olan dörd tanınmış aparıcı...Yeni layihə üçün necə zaman tapırsınız?

Rüfət: Təsəvvür edin (gülür).

Ranar: Yeri gəlmişkən, bəzilərimiz həm də qayğıkeş anadır (gülür)

Kamilə: Onlar bir az şişirtdilər.

Hüsniyyə: İş nə qədər çoxdursa, yaradıcı adam da bir o qədər aktivdir. Belə isə işdən əlavə bizi dostluq bağlayır. Biri gecikəndə digərləri səbrlə gözləyirlər.

Rüfət: Sonra isə sakitcə cəzalandırırlar...

- İlk efir nə vaxt olacaq? Dəqiq vaxtı və biz tamaşaçıları nəyin gözlədiyini deyə bilərsinizmi?

Kamilə: Proqram telekanalın efirinə salınan kimi mütləq məlumat verəcəyik. Buna görə də ATV-ni izləyin.

Hüsniyyə: Hər kəsi "5-ci ELEMENT"in Facebook və İnstagram səhifələrinə abunə olmağa çağırıram. Orada xəbərlər, fotolar və layihənin anonsları olacaq.

- Amma siz layihənin özü haqqında heç nə danışmadınız. İndi məcburam ki, maraqlı şeyləri buraxmamaq üçün abunə olum.

Rüfət: Buna görə də danışmadıq...

Səhifələrin linkləri:

Facebook: 5-ci Element ATV
İnstagram: 5ci_element_atv

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Zaur Nəcəfbəyov
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.