Cəmiyyət

Yol polisi avtomobili hansı halda təqib edə bilər?

21 Aprel 2014 17:27
0 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin 18-də Milli Məclis "Yol hərəkəti haqqında" qanuna dəyişikliyi qəbul edib. Dəyişikliyə görə, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat daxil olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə bağlı insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verməklə təqib edilə bilər. Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırlma vasitələrindən istifadə olunması mümkündür.

"Media forum" saytına danışan hüquqşünas Ərşad Hüseynov deyib ki, 1999-cu ildən qüvvədə olan "Polis haqqında" qanunun 20-ci maddəsinin 9-cu bəndinə görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının, yəni DYP-nin nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhə haqqında dəqiq məlumatı olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini təqib etmək hüququ var: "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsinin 2-ci bəndinin "Qeyd"ində isə deyilirdi: "Nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər.

Göründüyü kimi, "Yol hərəkəti haqqında" qanunda olan eyni məsələyə dair müddəa ilə "Polis haqqında" qanunda bu məsələyə dair müddəa arasında aşkar uyğunsuzluq vardı: "Yol hərəkəti haqqında" qanunda təqibə icazə verilən hallardan biri (nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhə haqqında dəqiq məlumat olması) göstərilmirdi. Dəyişikliyin mahiyyəti də həmin uyğunsuzluğu aradan qaldırmaqdır. Yəni "Polis haqqında" qanunda təqibə yol verilən həmin hal da "Yol hərəkəti haqqında" qanunun göstərilən "Qeyd"ində bir daha təkrarlanır. Beləliklə, söhbət sırf texniki bir düzəlişdən gedir. Çünki ölkəmizdə bütövlükdə polisin, o cümlədən DYP-nin fəaliyyətini tənzimləyən əsas normativ akt "Polis haqqında" qanundur. Bu qanuna müvafiq olaraq DYP-yə yuxarıda göstərdiyimiz iki halda dayanma barədə göstərişə tabe olmayan sürücünün idarə etdiyi nəqliyyat vasitəsini təqib etmək səlahiyyəti verilib.

Göstərilən iki hal mövcud olduqda təqibin hansı qaydada həyata keçirilməsi, bu barədə kimə məlumat verilməsi, zərurət olduqda məcburi dayandırma vasitələrinin tətbiqi və başqa bu kimi məsələlərin təfərrüatları isə Daxili İşlər Nazirliyinin təsdiq etdiyi "Yol-patrul xidməti haqqında" təlimatda əksini tapıb".

Hüquqşünas əlavə edib ki, təqibə yalnız cinayətkarın yaxalanması məqsədi ilə və mümkün cinayətin qarşısını almaq məqsədi ilə yol verilir: " Sürücünün törətdiyi heç bir inzibati xəta (yəni adi qayda pozuntuları: svetoforun göstərişinə tabe olmama, sürət rejimini, ötmə qaydalarını pozma, qoşa xətti tapdalama və s.) təqib üçün əsas ola bilməz. Belə hallarda dayanma barədə göstəriş vermiş DYP əməkdaşı qanunvericiliyə uyğun raport tərtib etməli və onun əsasında tabe olmayan sürücünün inzibati məsuliyyətə cəlb edilməsi təmin olunmalıdır. İnformasiya texnologiyalarının indiki inkişaf səviyyəsində tabe olmayan nəqliyyat vasitəsinin qısa müddətdə aşkar edilməsi çox çətin deyil. Adi inzibati xətaya görə təqib isə çox ağır nəticələrə gətirib çıxara bilər. Hətta "Yol-patrul xidməti haqqında" təlimatda qeyd olunur ki, yuxarıda göstərilən iki halda da təqibi həyata keçirən DYP əməkdaşı təqibin real təhlükə doğurduğunu gördükdə ondan imtina etməlidir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.