Cəmiyyət

Bizlərə bu Azərbaycanı bəxş edən şəhidlərimiz deyilmi?

25 Fevral 2014 19:39
0 Şərh     Baxış: 1 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xocalı soyqırımının növbəti ildönümünü qeyd edirik

Şəhidlərimizin əziz xatirəsi yenidən yad olunur. Əfsuslar olsun ki, milli ruhumuzun ayrılmaz hissəsi olan şəhadət ideyası ilin müəyyən günlərində yada salınan bir dəyərə çevrilib. Bu sözlərdən sonra oxucuda sual yarana bilər, məgər insanımız gecə-gündüz şəhidləri yada salmaqla yaşamalıdır? Təbii ki, xeyr. Şəhadət bir dəyərdir, dəyəri isə yada salmaq yox, yaşatmaq gərəkdir.

Dəyərə can atmaq gərəkdir. Çünki, mənəvi dəyərlər cəmiyyət üçün bir amal, istiqamətlənmək üçün ali hədəfdir. Burada dəyərlə ənənəni fərqləndirmək lazımdır: ənənə dəyişilməz dəyərin yaratdığı dəyişkən qaydadır. Ənənələr zamanla dəyişə bilər və dəyişməlidir də, lakin onun kökləndiyi dəyər qalmalıdır. Bu, bir xalqın sağlam və möhkəm ruhiyyəyə malik olması üçün həyati əhəmiyyət kəsb edən məsələdir. Dəyərlərin dəyişilməsi isə, bir millətin başqa mədəniyyətdə assimliyasiya olub aradan getməsi deməkdir.
 

Şəhadət insani ləyaqət, izzət, haqqsevərlik, insanlar uğrunda fədakarlıq, haqq uğrunda canından keçmə, haqsızlığa nifrət kimi mənaları ehtiva edən dərin və geniş bir anlayışdır. Belə bir dəyərə yiyələnən xalqın da, müvafiq ənənələri formalaşır. Zaman dəyişdikcə ləyaqət, izzət və həqiqət barədə xalqın bilikləri və təsəvvürləri təkmilləşir, buna uyğun ənənələr də dəyişir, lakin şəhadət - yəni ləyaqət, izzət və həqiqət uğrunda fədakarlıq dəyişilməz dəyər olaraq qalmalıdır.
 

Çünki, insaniyyət fədakarlıq olmadan mövcud ola bilməz. Deməli, millətin mövcudluğu da şəhadət dəyərinə bağlıdır. Bu dəyər əldən verilərsə, eqosentrizm üzərində qurulmuş ifrat individualist cəmiyyətə çevriləcəyik. Belə bir cəmiyyət isə yalnız mənfəət güdən fərdlər toplumuna, ruhsuz bədənə - robota bənzər.
 

Utilitarizm tərəfdarlarının arzuladığı və yaratdığı cəmiyyətdə məhz budur: insaniyyət - yəni mənfəətpərəstlik, həyat - yəni yoxluğa doğru hərəkət, xoşbəxtlik - yəni zənginlik, mənəviyyat - yəni zövqlə bəzənmiş maddiyyat, məhəbbət - yəni cinsi meyl, izzət - yəni şöhrət və yüksək sosial status, ləzzət - yəni arası kəsilməyən əyləncə, təfəkkür - yəni yamsılama, yalan - yəni alternativ həqiqət, azadlıq - yəni mədəniyyətsizlik, ədalət - yəni güclülərin istəyi.

Bu gün dünyanın hər yerində, hər küncündə təbliğ olunan həyat fəlsəfəsi bu deyilmi? Bu fəlsəfə qarşısında sipər olan, müasir qlobal təbliğat maşınını məhv edən şəhadət - dəyəri deyilmi? Bu gün bəşəriyyətin qlobal proseslər içində yolunu azıb, malik olduğu insaniyyəti əldən vermək təhlükəsini şəhadət ideyası sovuşdurmurmu?
 

Müstəqillik dönəmindən sonra Azərbaycan cəmiyyəti ciddi, hətta köklü dəyişikliklərə məruz qaldı. Bu prosesə müxtəlif qiymətlər verildi və verilməkdədir. Bəziləri bu dönəmi millətçiliyin alovlanması, digərləri dini dirçəliş, başqaları isə Qərb mədəniyyətinə uyğunlaşma kimi dəyərləndirdi. Məsələni dəqiq öyrənmək istəyiriksə, uzağa getmək lazım deyil. Elmi təhqiqatlara da ehtiyac yoxdur. Gündəlik həyatımıza, yiyələndiyimiz adətlərə nəzər salmaq kifayətdir ki, onların arxasında hansı dəyərlərin durduğunu görək.
 

Bundan sonra keçmişlə müqayisə edib transformasiyaların istiqamətini öyrənərik. Mənzərə nə qədər ürək açan olmasa da, həqiqəti etiraf etməliyik. Məişətimizin ayrılmaz hissəsinə çevrilmiş qeybət mahiyyətli tok-şoular, düşüncə şöləsini söndürən və iffət pərdələrini yırtan filmlər, şəhvəti təhrik edən musiqilər, yemək üçün yaşamağı təbliğ edən mətbəx verilişləri, "brendomaniya"ya istiqamətləndirən reklamlar, beynimizə şöhrətpərəstliyi yürüdən müsabiqələr, xarici alimləri təqlid edən siyasi təhlilçilər və bunlardan doğan müxtəlif və çoxsaylı sosial fəsadlar. İnkişafın hər bir müsbət nəaliyyəti tam mənfi məna ilə yüklənib, bizi müəmmalı gələcəyə aparır.
 

Bu mənzərədə yeganə ürəkaçan məqam ən azından şəhidlik amalının zəif də olsa yaşadılması idi. Və bu şölə Mübarizlər yetişdirdi, Mübarizlər bu şöləni alovlandırdı. Mübarizin dəfnində xalqımızın canı-dildən necə səfərbər olduğu cəmiyyətin hələ diri olduğunu göstərdi. Unudulmaqda olan şəhidlik mövzusu yeni güclə, yeni ruhiyyə ilə gündəmi aldı. Bəlkə, son illərdə ilk dəfə idi ki, Azərbaycan insanının səmimi olaraq qibtə etdiyi kəs, həqiqi qəhrəman - şəhid idi. Bəlkə, son illərdə ilk dəfə idi ki, Azərbaycan insanlarının hansı siyasi baxışlara, hansı etnik mənsubiyyətə, hansı dini inanca malik olmasından asılı olmayaraq, birləşdiyini gördük.
 

Artıq müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən əziz şəhidlərimiz yenidən bizə doğmalaşdılar, yenidən onlara minnətdarlıq hissimiz yarandı. Qarabağ mövzusu son illərdə yenidən gündəmə gəldi və Vətən təəssübü yenidən gücləndi. Qarabağ qazı azanı ölkənin və müsəlman aləminin dörd bir yanından səsləndi, unudulmuş azanımız doğma avazla yenidən ruhumuzu diriliyə çağırmağa başladı. Kimliyimizə sahib çıxmaq üçün verdiyimiz qiymətsiz qurbanların rəmzi olan Xocalını da yaddaşımızda yenilədik.
 

Deməli, qlobal təbliğat maşını məişətimizi ələ alsa da, ruhumuzun dərinliklərinə əl uzada bilmədi. Lakin, rahatlaşmaq hələ tezdir. Çünki, həmin təbliğat maşını hələ də fəaliyyətdədir və hələ də ruhumuzu ovlamaq niyyətindədir. Hələ də bizi yaratdığı şirin illüziyalarla ölümcül yuxuya aparmaq istəyir. Diri qalmağın isə yeganə yolu düşünməkdir. Odur ki, şəhidlik dəyərini yaşatmaq üçün şəhidlərin və şəhidliyin təbliğindən daha çox düşüncə üçün zəmin yaratmaq gərəkdir.
 

Şəhadət - düşünən, daxilində suallar yaradan, o suallara cavab axtaran

və cavabı tapan insanın əbədi həyata qovuşmasıdır. Şəhadət - düşünən insanın düşüncəli seçimidir. Heç zaman hadisələrin axarına düşən və qeyri-ixtiyari yolla həlak olan insan şəhid ola bilməz. Cəmiyyət də belədir: özünü hadisələrin axarına buraxarsa, düşüncədən məhrum olarsa həyat əldə edə bilməz.
 

Xocalı faciəsi də bizə bunu öyrətdi. Bir kənd, arxasında zamanın ən qüdrətli dövlətinin durduğu düşmən ordusu tərəfindən mühasirəyə alındı. Buna rəğmən mübarizə əzmi azalmadı ki, çoxaldı. Hadisələrin axarına düşən insanlar nəyə görə sonu ölümlə bitəcək bir savaşı aparsınlar? Əgər bizə yeridilən yad ideologiyaların aşıladığı kimi, yaşam instinkti insan həyatını müəyyən edən fundamental amildirsə, əgər namus sosial zehniyyətin məhsuludursa, nəyə görə Xocalıda qeyrətin və fədakarlığın yaşam instinktinə qələbə çaldığını görürük?
 

Kiçik bir kəndin əhalisi öz millətinin tarixində və şüurunda bu sualları cavablandıracaq qədər əzəmət tapdı. Kiçik bir kəndin əhalisi sübut etdi ki, heyvani instiktlər düşüncə və mənəviyyatı boğmaq əzmində deyil. Ona görədir ki, kiçik bir kəndin silahsız əhalisi daxilindəki heyvaniliyi boğduqca, düşmənin silahlı ordusu daxilindəki heyvaniliyi azadlığa buraxırdı. Kiçik bir kəndin əhalisi hər şeyi öz yerində qərar verməklə ədaləti bərpa edirdisə, düşmən hətta öz təsəvvüründə ediləsi gərək olan işləri unudub zülmə rəvac verdi. Burada sual yarana bilər, Xocalının aqibəti ölüm idisə, o zaman həyatın mənası nədədir?
 

Düzdür, Xocalı bir şəhər olaraq məhv oldu, lakin bizləri yenidən diriltdi və kimliyimizi həmin şəhidlərin qanı bərpa etdi? Bu gün sağçımız da, solçumuz da, dindarımız da, ateistimiz də, iqtidarımız da, müxalifətimiz də, alimimiz də, avamımız da, kosmopolitimiz də, millətçimiz də AZƏRBAYCANIN gələcəyi barədə düşünürsə, bizlərə bu AZƏRBAYCANI bəxş edən şəhidlərimiz deyilmi? Odur ki, şəhidlərə ölü deməyin, əgər biz varıqsa, hər birimizin varlığında şəhidlərimizin payı var. Bunu unutmamalıyıq, bu barədə düşünməliyik, bunu yaşamalı və yaşatmalıyıq.

Hacı Şahin Həsənli, ilahiyyatçı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.