Cəmiyyət

Elman Türkoğlu: "Qatilin izinə düşmüşəm…"

2 Avqust 2013 12:37
2 Şərh     Baxış: 3 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 18-də bayraqdar Elman Türkoğlunun kiçik oğlu Məhəmmədəminin intiharı həm onun həmyaşıdları, həm də atasını tanıyanları sarsıtdı. Bu günlərdə oğlunun 40 mərasimini keçirən Elman bəylə Texniki Universitetin yataqxanasında görüşdük.

E.Türkoğlu dedi ki, hadisənin şokundan hələ də çıxa bilməyib: "Məhəmmədəminin birdən-birə belə addım atması mənim üçün qaranlıqdır. Onun intihar etməsinə inanmıram. Artıq 43 gündür Məhəmmədəmin yoxdur həyatda. Onsuz çox çətindir. Bütün şəhər, bütün binalar üstümə gəlir sanki..."

- Sizcə, Məhəmmədəmin niyə özünü asdı? Bu addımı atmağa onu vadar edən hansı səbəb ola bilər?

- Mən onları heç vaxt tək qoymurdum. Tək bir gecə, ötən ayın 15-i Elçibəyin yanına getmişəm, 16-sı hərbi xidmətdə uşaqla görüşüb gecə qatarla evə qayıtmışam. Elçibəyin yanına gedəndə Məhəmmədəminə dedim ki, gəl səni də aparım. Ancaq məktəbdə "son zəng" olduğu üçün getmədi. Dedi, dostlarımla şəhərə çıxacam, qalsın, başqa vaxt gedərəm. Buna görə də Elçibəyin yanına tək getdim. Amma nədənsə, çox narahat idim. Elçibəy soruşdu ki, "ata, niyə belə narahatsan?" Dedim, atam, hamamda yıxılmışam, ona görə başım ağrıyır. Ancaq ağrımırdım, meydanlarda, mitinqlərdə o qədər döyülmüşəm ki, belə ağrılar mənə təsir etməz. Sadəcə çox narahat idim, nədənsə özümü pis hiss edirdim. Ona görə də Elçibəyin yanında çox qala bilmədim, axşam qatarla qayıtdım. Hətta qatarda da neçə dəfə telefonda Məhəmmədəminlə danışdım. Elə deyirdi, ata, çatmırsan, gəlmirsən? Dəmir yolu vağzalında düşən kimi taksi tutub gəldim evə. Mən evə çatanda Məhəmmədəmin mənim yerimdə yatmışdı. Məni çox istəyirdi, gecə anasına deyib ki, mən atamın yerində yatıb onun iyini almaq istəyirəm. Gəlib saçlarını sığallayıb üzündən öpdüm... (Söhbətimizin bu yerində onun gözləri dolur. Bir qədər sonra özünü toplayıb sözünə davam edir). Həmin gecə evə vaqonla qayıtdığım üçün çox peşmanam. Buna görə özümü bağışlaya bilmirəm, bu, onun son gecəsi imiş...Bu çox dəhşətli bir hadisədir, mən heç bir ataya, anaya belə bir faciə arzu etmirəm. Heç düşmənimə də.

Səhər yuxudan duranda dedi, ata mənim maaşımı gətirmisən? Dedim, hə, nə qədər verəcəm? Dedi, iki manat. Mən də çıxarıb 6 manat verdim. Dedi dostlarımla Şıxov çimərliyinə gedəcəm. Sonra durdu-durdu, birdən dedi, ata, həmişə deyirsən ki, iki qardaş sizin toyunuzu bir edəcəm. Sən bizim toyumuzda oynayarsan? Mən "yox" deyə cavab verdikdən sonra gülə-gülə dedi ki, siz klassiklərsiz, keçmişdə qalmısız. Sonra məni öpüb getdi. Gedəndə dedim, ata qurban, çimmə ha. Dedi, yox, ata, narahat olma, çimməyəcəm. Yəni bütün hadisələr onu göstərir ki, onun özünü asmasına heç bir səbəb yox idi. Mən bu günə kimi də inana bilmirəm ki, Məhəmmədəmin özünü asıb. Buna heç bir səbəb də yox idi...

Hadisə iyunun 17-dən 18-nə keçən gecə olub. Həmin gün o, çimərliyə gedəndən sonra mən də getdim KXCP-nin qərargahına. Orada da özümü çox narahat hiss edirdim. Mirmahmud ağa dedi, Türkoğlu nə olub sənə? Dedim, ağa, bilmirəm, nədənsə özümü pis hiss edirəm. Axşam saat 10-un yarısı gəldim evə. Aradan bir az keçmiş Məhəmmədəmin gəldi. Dedi, ata, test imtahanının nəticələrinə baxmaq istəyirəm, mənə bir manat pul lazımdır. Dedim, cibimdə var, götür. O da pulu götürüb getdi. Aradan bir az keçmişdi ki, qayıdıb gəldi. Əlində bir telefon var idi, uzanıb barmaqlarının arasında onu tez-tez fırladırdı. Dedim, atam, onu necə edirsən, mənə də öyrət. Gülə-gülə dedi ki, sən qocalmısan, belə şeyləri bacarmazsan, amma mən cavan oğlanam. Sonra mən uzanıb kinoya baxırdım. Saat təxminən 1:30 olardı, durub çölə çıxdı. Çıxanda dedi, ata, 10 dəqiqəyə gəlirəm. Aradan bir az keçmiş anasına dedim ki, balkondan bax gör, Məhəmmədəmin həyətdədir? Ancaq anası baxıb mənə dedi ki, yoxdur həyətdə. Fikirləşdim ki, yəqin, internet kluba gedib. Aradan bir az keçmiş qonşuların qışqırıq səsləri gəldi. Onlar "Ay Elman, dədənin evi yıxıldı" deyə qışqırırdılar. Evdən çıxanda elə bildim Məhəmmədəmini bıçaqlayıblar. Heç bu hadisə mənim ağlıma da gəlməzdi. Ancaq qonşular dedilər ki, ayaqyolunda asılıb. Düzü, inana bilmirdim, ayaqyoluna qaçanda hər şeyi öz gözlərimlə görəndə dəhşətə gəldim. Kəndirdən balamı öz əllərimlə çıxardım. Allah bunu heç bir ataya göstərməsin...

Mənim böyrəyimdə problem olduğu üçün tez-tez ayaqyoluna gedirəm. Amma bu müddət ərzində elə bil kimsə məni tutub saxladı. Nə qədər çalışdım ayağa dura bilmədim. Bəlkə də mən ayaqyoluna getsəm, bu hadisə baş verməzdi. Mən onu kəndirdən çıxardanda başı çiynimə düşdü. Elə bildim sağdır. Dedim, bala, ata sənə qurban, bəs bilmirsən ki, mən sənsiz dayana bilmərəm, niyə belə edirsən? Gətirib uzatdım yatağa, nə qədər nəfəs verdim, gördüm ki, yox, artıq Məhəmmədəmin yoxdur...

...56 yaşım var, bu yaşıma qədər birinci dəfə idi ki, asılmış vəziyyətdə ölmüş insan görürdüm. Özü də öz oğlumu...

Ancaq onun özünü asmasına o qədər də inanmıram. Əvvəla, orada balaca oturacaq və bir də vedrə var idi. O özünü asası olsa, onlardan birini götürüb ayağının altına qoyardı. Amma ayağının altında heç nə yox idi. Yaxşı, bunu kim qaldırıb boğazını kəndirə keçirdi? Ayağını divara qoyub qalxsa belə yenə də ayağının izi düşərdi divara. Ancaq bunların heç biri yoxdur. Digər tərəfdən də onun özünü asmasına səbəb yox idi. Mən onun facebook profilinə də girib baxmışam. Hadisə baş verməmişdən əvvəl o, dostları ilə çox səmimi, mehriban davranıb. İntihar etməyə hazırlaşan bir insan belə davrana bilməzdi axı.

Həmin ərəfədə mən dedim ki, uşaq özü-özünü asıb. Ancaq indi görürəm ki, bu belə deyil. Bu versiyaya mən haradasa 50 faiz inana bilərəm. Çünki həmin gecə onun əlində oynatdığı telefon da yoxa çıxıb. Telefon yoxdur. Yaxşı, bu özünü asıbsa, bəs telefon hanı? Amma bunu kim edibsə, gəlib kişi kimi desə, mən o insanı bağışlayaram, uşağını qanını halal edərəm. Ancaq mən o adamı özüm tapsam, onu bağışlamayacam. Ermənini ağaca sarıyıb diri-diri şaqqalamışam. Oğlumun qatilini də bu hala salacam və əminəm ki, gec-tez onu tapacam. Artıq qatilin izinə düşmüşəm, sadəcə hələ ki bu haqda danışmaq istəmirəm".

Sonda E.Türkoğlu dedi ki, ona bu ağır gündə KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanını İsa Qəmbər və Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu dəstək olublar:

"Mətbuata xüsusi təşəkkürümü bildirirəm. "Yeni Müsavat" qəzetinə, "Gündəlik Teleqraf" qəzetinə, ANS və digər telekanallara minnətdaram".

Avrasiya.net
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.