Cəmiyyət

Eyni ətir fərqli mağazalardan alındıqda qalıcılığı niyə dəyişir?

30 İyul 2025 21:30
Baxış: 1 070
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bahalı ətir almısınız, lakin bir dostunuzda qoxusu günlərlə qalır, sizdə isə bir neçə saatdan sonra yoxa çıxır? Hətta bəzən eyni brendin, eyni adı daşıyan məhsulu fərqli mağazalardan aldığınız zaman fərqli qalıcılıqla qarşılaşırsınız? Bu, sadəcə təsadüf deyil".

Tanınmış əttar və parfümeriya üzrə mütəxəssis Türkan Alixanova Milli.Az-a açıqlamasında bu çox yayılmış, lakin az bilinən problemin arxasında duran 6 əsas səbəbi açıqlayıb.

Onun sözlərinə görə, bu hal bir çox faktorla bağlıdır və ən əsas səbəblərdən biri məhsulun orijinallığıdır:

"İstifadəçilər bəzən düşünür ki, eyni brendin eyni ətirini aldıqlarına görə nəticə də eyni olmalıdır. Amma bu, belə deyil. Ətirlərin qalıcılığına təsir edən bir neçə ciddi amil var".

Saxta məhsullar əsas səbəblərdən biridir

Alixanova qeyd edib ki, məşhur ətir brendlərinin saxta versiyaları bazarda çox geniş yayılıb. Bu məhsullar xarici görünüşcə orijinala bənzəsə də, tərkibində keyfiyyətsiz spirt və sintetik maddələrdən istifadə olunur:

"Bu cür saxta ətirlər dəri ilə təmasda tez buxarlanır və qoxu maksimum 30-60 dəqiqə qalır. Bu səbəbdən istifadəçilər orijinal ətirlərlə saxta məhsulları bəzən qarışdırır", - deyə mütəxəssis bildirib.

Saxlanma şəraiti də təsir göstərir

Mütəxəssis vurğulayıb ki, ətirin saxlanma şəraiti də onun keyfiyyətinə birbaşa təsir edir:

Yüksək temperatur, günəş işığı və nəmişlik ətirdəki efir yağlarının kimyəvi quruluşunu pozur və nəticədə qalıcılıq xeyli azalır. Ətir sərin, quru və qaranlıq yerdə saxlanmalıdır. Əgər mağaza və ya anbar bu şərtlərə əməl etmirsə, məhsulun keyfiyyəti zəifləyir".

Konsentrasiya fərqləri: EDT, EDP və Parfum

Türkan Alixanova diqqətə çatdırıb ki, bəzən eyni adla satılan ətirin fərqli konsentrasiya növləri olur.

Məsələn:

EDT (Eau de Toilette) - daha yüngül və az qalıcı

EDP (Eau de Parfum) - daha güclü və uzunmüddətli

Extrait / Parfum - ən yüksək konsentrasiyalı, çox qalıcı

"İstifadəçilər bəzən bu fərqləri nəzərə almadan eyni ətirdən fərqli nəticə gözləyirlər. Halbuki şüşədəki kiçik fərqlər qalıcılığa ciddi təsir edir", - deyə Alixanova əlavə edib.

İstehsal partiyası və dəri tipi də önəmlidir

Açıqlamada bildirilir ki, istehsal partiyaları arasında da fərqlər ola bilər. Bəzən brend özü formulda dəyişiklik edir və ya məhsul uzun müddət anbarda saxlanıldıqda qoxusu zəifləyir. Həmçinin, dərinin tipi və pH səviyyəsi də ətirin necə inkişaf etdiyini müəyyən edir:

"Eyni ətir fərqli insanlarda fərqli qoxuya bilər. Bu, dərinin rütubət balansı və istilik səviyyəsi ilə bağlıdır. Quru dəridə ətir daha az qalır. Belə hallarda ətirdən əvvəl nəmləndirici krem istifadə etmək tövsiyə olunur".

Ətir alarkən yalnız brendə deyil, mənbəyə də diqqət edin

Türkan Alixanova vətəndaşlara rəsmi distribyutorlar, etibarlı mağazalar və brendin rəsmi saytı vasitəsilə alış-veriş etməyi tövsiyə edib:

"Qutuda batch koduna baxın, qablaşdırmanı diqqətlə yoxlayın və qiymət normadan aşağıdırsa, ehtiyatlı olun. Ətir təkcə qoxu deyil, həm də sərmayədir".

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.