Milli.Az sosioloq Elçin Orucovun yazısını təqdim edir:
9 sentyabr İzmirin Qurtuluş günü idi. Bu bayram İzmirdə və Türkiyənin digər şəhərlərində böyük tənətənə ilə qeyd edilir. Şəhərin hər yerində, meydanlarda bu hadisə ilə əlaqəli böyük yığıncaqlar təşkil olunur. Küçələrdə xüsusi hərbi sinvollarla bəzədilmiş maşınlar yavaş-yavaş gedərək qrammofonlar vasitəsilə İzmirin Qurtuluş savaşından və bu ölüm-dirim savaşının Türkiyə Cümhuriyyəti üçün nə qədər önəmli olmasından bəhs edirlər.
Fikirlər adamı çox uzaqlara aparır...
1919-cu ilin may ayının 15-də İzmirin yunan qüvvələri tərəfindən işğalı Anadoluda Qurtuluş Savaşının başlanğıcında mühüm mərhələ oldu. Həmin tarixə qədər Anadoluda işğallara qarşı dağınıq düşüncə və təşkilatlanma formaları mövcud idi. İzmirin işğalı Anadolu xalqının müqavimət və mücadilə ideyasını gücləndirdi və İstanbulda işğala qarşı başlayan etiraz mitinqləri Anadolunun ən ucqar guşələrinə yayılaraq bütöv xalqı ayağa qaldırdı. İzmir artıq Anadolu əməliyyatının əsas simvollarından birinə çevrilmişdi və hər il Anadolunun müxtəlif şəhər və qəsəbə mərkəzlərində işğalın ildönümlərində İzmirin işğalına qarşı etiraz mitinqləri həddindən artıq çoxalmışdı. Məsələ daim gündəmdə saxlanılırdı. Və nəhayət, "Ya ölüm, ya da qalibiyyət!" devizi altında Türk ordusu 26 avqust 1922-ci ildə Qurtuluş Savaşının "Böyük Hücum" əməliyyatına başladı. Yüzminlərlə türk əsgəri amansız bir döyüşə girdi. Yekun nəticə beş gün ərzində əldə edildi. Çalköydə olan Baş Komandan Mustafa Kamal Paşa avqustun 30-da ordulara "Ordular, ilk hədəfiniz Aralıq dənizidir. İrəli!" - deyə əmr verdi. Minlərlə türk əsgəri vətənin istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarından keçdilər. Bu savaşın son mərhələsi 1922-ci il 9 sentyabrda başa çatdı və İzmir yunan işğalından azad elan edildi...
Bu fikirlər mənə bir daha müqəddəs Qarabağ torpaqlarının düşmən işğalından azad olunmasını xatırlatdı. Rəşadətli Ordumuz və cəsur əsgərlərimiz 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə "Dəmir Yumruq" əməliyyatını həyata keçirərək bütöv Qarabağ torpaqlarını 30 illik işğaldan azad etdilər. Bununla da Ordumuz Qarabağın Qurtuluşunu təmin etdi. Canımız Qarabağ da İzmir kimi işğal taleyini yaşadı və 44 günlük Vətən Müharibəsindən sonra, bu bizim milli şüurumuza artıq işğal yox, Qurtuluş kimi həkk olundu.
Dünən İzmirin "Qurtuluş Günündə" məndə dərin iz buraxan bir məqam baş verdi və hələ də o məni düşündürür...
Hamı tədbirin keçiriləcəyi Gündoğdu Meydanına tələsirdi. Küçələrdə quraşdırılmış mikrofonlardan əsgər marşları səslənirdi. O atmosfer insanda həqiqətən gözəl vətənpərvərlik hissləri oyadırdı. İşğaldan azad edilmiş Qarabağımız gözümün önünə gəldi. Vətənin sabahı uğrunda özünü fəda etmiş minlərlə əsgərlərimiz, canından keçmiş şəhidlərimiz və dəyərli qazilərimiz xəyalıma kəsildi..
Yolda bayram tədbirinə gedən yaşlı bir qazi gördüm. Ora tələsənlər çox idi. Amma nədənsə insanların içində o yaşlı qazi daha çox diqqətimi çəkdi. Xarici görünüşdən yaşı 80-ni çoxdan keçmişdi. Geydiyi köhnə əsgər paltarı ona elə yaraşırdı ki, sanki dünyanın ən bahalı paltarını geymişdi. Sağdan soldan gedən insanlara bənzəmirdi. Elə bir təəssürat var idi ki, hansısa köhnə müharibə filmlərinin qəhrəmanlarına bənzəyirdi. Bir sözlə, bizim dünyanın adamı deyildi. Sanki bizim günlərə keçmişdən qonaq gəlmişdi. Hamı ona baxırdı. Geydiyi uniforma artıq köhnəlmişdi. Ayağındakı əsgər çəkməsi elə gözəl qatlarla qatlanmışdı ki, qarmon qatlarına oxşayırdı. Çəkmələr zil-qara rəngə boyanmışdı və par-par parıldayırdı. Sinəsini bəzəyən saysız-hesabsız medallar və digər cəlbedici hərbi aksessuarlar adamı valeh edirdi. Qəribə və lüləsi uzun olan köhnə bir tüfəngi sağ əli ilə möhkəmcə tutmuşdu. Tüfəngin qundağı az qala yerə dəyirdi. Sinəsindən çarpaz şəkildə və yuvacıqları köhnə güllə patronları ilə dolu bir patrondaş asılmışdı. Taxdığı kəmərdən isə köhnə osmanlı bıçağı sallanırdı. Bıçağın qını günəş şüalarından göz qamaşdırırdı. Köhnə əsgər papağının üzərində də qəribə bir nişan vardı. Bığları qalın və burmaydi, əsil osmanlı tərzində və baxımlı idi. Qalın qaşlarının altından iki parlaq göz baxırdı. Vətən sevgisi ilə dolu olan o gözlər çox şeyləri açıb deyərdi; Bu boyda illər ərzində neçə-neçə böyük savaşları, neçə çətin günləri və itirdiyi saysız-hesabsız silahdaşlarını görmüşdü o parıldayan gözlər. Qanlı-qadalı döyüşləri və amansız düşmənləri görüb gəlmişdi o gözlər...
Adam o qədər qəribə və cəlbedici idi ki, sanki keçmişlə birgə addımlayırdım. Keçmişdən gələn bu əsgər artıq qocalmışdı. Amma illər onu sarsıtmamışdı. Hələ də məğrur idi. Tüfəngindən bərk tutub inamlı addımlarla meydana doğru gedirdi. Bədəni yaşa dolsa da, ruhən cavan görünürdü. O yenilməz ruhu vaxtında minlərlə düşmənə diz çökdürmüşdü.
Bütün cəsarətimi toplayıb keçmişdən gələn o əsgərə yaxınlaşdım. Ehtiramla salam verdim. Salamımı aldı. Əslində o qazidən nə istəyəcəyimi bilirdim. Onunla bir şəkil çəkdirmək keçdi ürəyimdən. "Belə bir "fürsəti" əldən vermək olmaz"- deyə düşündüm. Hər gün qarşımıza çıxan bir durum deyildi. Ən başlıcası da o idi ki, adam aktyor deyildi - gerçək bir qazi idi. Mən həmişə keçmişə maraqlı biri olmuşam və "keçmişlə" bir şəkil çəkdirmək istəyi də o maraqdan doğurdu. Amma qaziylə salamlaşdıqdan sonra dilim-dodağım tutuldu. Nə istədiyimi deyə bilmədim. Adam mənə baxıb gülümsədi. Üzünə baxdım, çox sərt bir ifadə almışdı. Əsil əsgər ifadəsi vardı üzündə. Gözlərinə baxanda fərq etdim ki, gülümsəyən üzü yox, gözləridir. Heç nə demədi və salamdan sonra susmaqla sözü mənə verdi. Ehtiyatla soruşdum:
- Sizinlə bir şəkil çəkdirmək olar?
Qazi ayaq saxlamadı, yeriməkdə davam edirdi. Mənə baş işarəsi ilə "olmaz" bildirdi. Amma bu cavaba özü də üzülmüşdü. Səbəbini soruşanda dedi ki, "Mən bu şəkildə bunu edə bilmərəm. Əgər istəyirsinizsə, evə qayıdanda bütün bunları əynimdən çıxarandan sonra nə qədər istəsəniz, çəkdirərik".
Doğrusu bu cavaba çox üzüldüm. Gözləmirdim. Çünki, mən onunla məhz bu paltarda və bu aksessuarlarla şəkil çəkdirmək istəyirdim. Günümüzdə tanınmış insanlarla və ya hər hansı bir film qəhrəmanı ilə şəkil çəkdirmək normal sayılır. Amma unutmuşdum ki, qarşımdakı qazi keçmişdən gəlir. O, bizim bu günümüzü deyil, keçmişi təmsil edir.
Köhnə əsgər mənim üzüldüyümü hiss etdi və mənə elə bir cavab verdi ki, o cavab ömür boyu yadımda qalacaq:
- Bax övladım, əynimdə gördüyün bu əsgər paltarında saysız-hesabsız savaşlara girdim. Bu paltarda yüzlərlə şəhid olmuş silahdaşlarımın nəfəsi hələ də yaşayır. Onların əl izləri hələ də bu uniformadadır. Onları döyüş meydanıdan bu əllərimlə çıxardım, xilas etməyə çalışdım. Gördüyün bu çəkmələr işğal edilmiş torpaqlarımızda minlərlə kilometrlər qət edib. Bax oğlum, sinəmdə gördüyün bütün bu medallar mənim və silahdaşlarımın qanı bahasına alınıb. Bütün bunlar mənim üçün müqəddəsdir və onlar mənim şərəfimdir. Mən necə şərəfimlə başqa birisiylə şəkil çəkdirə bilərəm?
Sanki, gözümün önündə bir ildırım çaxdı! Öz-özümə düşündüm ki, belə məqamlar ancaq romanlarda və ya filmlərdə ola bilər...
Şəkil çəkdirmək istəyi artıq arxa planda qaldı.
Yaşlı qazi bu sözləri deyəndən sonra, əlini mənim çiynimə qoydu, balaca gözləri ilə gülümsədi və o anda da əlini çəkib yoluna davam etdi. O hələ də əsgər idi. O, bizim günlərin adamı deyildi. Xeyr! O, əsil insan idi. Xalqını, torpağını və şərəfini son nəfəsinədək qoruyan "köhnə əsgər". Sanki silahını hələ də yerə qoymadan vətənini qoruyurdu. Bəli, yaşlanmışdı. İllər öz sözünü deyirdi. Amma beli bir az bükülsə də, duruşu vüqarlı idi.
Yaşlı qazi məğrur addımlarla məndən uzaqlaşdı. Onun bu cavabı isə mənə çox şeyi deyirdi...
Milli.Az