Cəmiyyət

Onu da Bakı nefti milyonçu etmişdi...

31 Mart 2012 19:38
1 Şərh     Baxış: 4 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən biri də Şəmsi Əsədullayev olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilib. Şəmsi Əsədullayev neftin Rusiyaya daşınmasında buxar gəmisindən ilk istifadə edən milyonçu olaraq tarixə düşüb.

Milli.Az "Azadlıq"a istinadən bildirir ki, Şəmsi Əsədullayev 1840-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. O da bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdı. Cavanlıqda kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salır, bir sözlə, hər şeydə atasına kömək edirdi. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi. XIX əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanıda - Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər.

Torpaqsız qalan Suraxanı və Əmircan kəndinin sakinləri neft mədənlərində işləməyə məcbur oldular. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə başladı. O, 1860-cı ildə Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksələ bildi. Bir müddətdən sonra Əsədullayev neft və duz podratçılığı ilə məşğul olmağa başladı. 15 il ərzində xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açdı. 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfərlə birlikdə şirkət qurdu. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nəhayət, 1891-ci ildə neftin Xəzər vasitəsilə daşınması sahəsində, Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verdi.

Onun 1895-ci ildə təzə aldığı torpaq sahələrinin birində neft fontan vurur. Fontan 56 gün davam edir. Bu yataq hər gün 1 milyon 600 min pud neft verirdi. Bu, Bakı neft sənayesi tarixində ən məşhur fontanlardan biri idi.
Əsədullayevin neft hasilatı artdıqca onun Moskvada, Polşada, habelə Orta Asiyada, Iranda neft anbarlarının sayı artırdı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırardı.

Camaat arasında Şəmsi Əsədullayevə "Nobel qardaşlarının qənimi" deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, Iranda, hətta Finlandiyada belə, Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da yanaşı, kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satır və ona mane olurdu. Oktyabr ayının axırlarında Volqada naviqasiya bağlananda Bakıda neftin qiyməti xeyli aşağı düşürdü. Böyük neft sahibkarları, o cümlədən Şəmsi bəy də xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurur, yazda naviqasiya açılanda Rusiyaya daşıtdırardı.

Zəngin və "bədbəxt" milyonçu

Şəmsinin Bakıda bir müsəlman, Moskvada isə Mariya Pavlovna adlı bir rus arvadı, iki oğlu və qızı vardı. Mariyanın atası çar ailəsinə yaxın senator idi. Bakı neftinin tükənməz qızılı, bir də qohum senatorun köməyilə bağlı qapılar Şəmsinin üzünə taybatay açılırdı. Bütün bunların hesabına Peterburqda Neva çayı sahilində, Qış sarayı yaxınlığındakı məhəllədə əzəmətli bina ucalda bilmişdi. Moskvada Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı.

Hər il Avropa şəhərlərinə, yaylaqlarına istirahətə, səyahətə gedirdilər.
Şəmsi qış aylarını çox vaxt Moskva və Peterburqda yaşayar, tacirlərlə müqavilələr bağlayar, Novruz qabağı Bakıya qayıdar, satdığı nefti müştərilərə yola salardı. Qocaman buruq ustası, Mövsüm kişi danışırdı: "Bir dəfə yazın əvvəlində Novruz bayramından bir az keçmiş qohumum Murtuz Muxtarovun bağında idim. Əlimdə bel bağçada gülləri sulayırdım, qəfəslərdəki min bir avazla oxuyan quşlara dən, ceyran və marallara yem verirdim.

Nökər yaxınlaşıb dedi ki, Murtuz ağa sizi çağırır. Getdim. Murtuz şüşəbənd eyvanda oturmuşdu. Məni görəndə dedi: "Oğul, Ağa Şəmsi Məskodan qayıdıb, bağdadır. Get, malakeş usta Məsməliyə xəbər ver, axşamüstü gəlsin, gedək Ağa Şəmsiyə baş çəkək". Usta Məsməli söhbətcil kişidir, xoşməcazdır. Şirin danışır. Axşamüstü getdik Şəmsinin bağına. Nərd oynayırdı. Mehriban-mehriban görüşdük. Başladı təzədən nərd atmağa. Qaşqabağı yerlə gedirdi. Gödəkboy, gonbul, tüklü bir kişi idi. Bizə çay gətirdilər. Birdən uzaqda paroxod fit verdi. Malakeş Məsməli dedi: "Ağa Şəmsi, paroxodundur a, fit verir, elə bil səni haraylayır. Fiti min gəminin fitinin içindən seçilir. Böyük oğlun Mirzənin, bala xozeynin adınadur a..."

Deyilənlərə görə, Şəmsi gəmilərin fitinə yaman aşiq imiş, bütün gəmi və barkazlarındakı sirenalarını xüsusi sifarişlə düzəldirirmiş. Bir dəfə köhnə gəmisini satırmış. Müştəri deyir ki, gəmi çox köhnədir. Şəmsi cavab verir ki, köhnəliyinə nə baxırsan, sən onun fitinə qulaq as, yeddi diyarda eşidilir.
Malakeş Məsməlinin sözündən Şəmsinin rəngi qaçdı, papağını peysərinə itələyib, yerindən sıçrayıb ayağa qalxdı, hirsli-hirsli qışqırdı: "O paroxod indi mənimki döyül, borclu olduğum adamlarındır. Pul yiyələrinindir - papağını
götürüb, zərblə yerə çırpdı, başladı böyük oğlunu söyüb-qarğımağa - böyük oğul, səni görüm zəlil olasan, ananla bir gora basdırım, məni xəcil elədüz, müflis elədüz!"

"Zənginlər də ağlayır..."

Boğazı tutuldu, su verdik, oturdub başladıq təsəlli verməyə. Şəmsi sakit olmurdu, Muxtarova baxıb dedi: "Ağa Murtuz, bax gör, böyük oğlum, dəyyus, başıma nə mərəkə açıb. Hər il payızın axırlarında müştəri tacirlərlə doqovor bağlayıb, neft satıram, Bakıya pravlyaşiyə tel vururam ki, bu qədər ucuz qiymətə neft al, xırda sahibkarlardan vur anbarlara; yazda yollayım müştərilərə. Bu il vurduğum tel gəlir bura cümə günü çatır, pravlyaşi olmur kontorda. Aparıb verirlər
Mirzə başıbatmışa.

O da teli oxuyur, anasınan söz bir olub gizlədirlər. Allah canını almış, mənim gəlməyimdən bir həftə qabaq anasını götürüb, Xorasan ziyarətinə aparıb ki, üz-üzə gəlməyək. Gəlib pravlyaşiyə tapşırıram ki, aldığın nefti yavaş-yavaş paroxodlara vur, yerit Urusiyyətə, müştərilər intizardadır. Deyir ki, siz payızda sərəncam vermədiniz, mən də icazəsiz cürət edib, neft almadım. Soruşuram, necə yəni, tel vurmuşam axı! Deyir ki, mən almamışam. Çatmayıb mənə. Poçtu yoxladıq, məlum oldu ki, başıbatmış Mirzənin əlinə düşüb. O da arvadımla müxənnət çıxıblar, əlbir olublar. Moskodakı arvad üstündə, Mariyaya görə ana-bala başıma belə oyun açıb, məni xar elədilər - birdən başladı hirsindən ağlamağa - Indi yaz gəlib, neft bahalanıb, gərək özüm iki-üç dəfə baha qiymətə Bakıdan aldığım nefti öz xərcimlə daşıtdırım Urusiyyətin uzaq şəhərlərinə, Allah Əkbərin qurtaran yerinə, qəbalə bağladığım tacirlərə ucuz satım. Yolpulu da məndən. Gəmilərdən neçəsini satmışam. Indi zavodu, Ramanadakı mədəni də gərək satam... Müflisəm, müflis... Əlimdə qalan bu bağı, şəhərdəki mülklərimi də, Suraxanıdakı xırman yeri... Bunlar da tezliklə satılar, əlimdən çıxar. Canım çıxsa, yaxşıdır".

Qəzəblə özünü yerə çırpdı, ürəyi getdi. Birtəhərlə onu ayıldıb, təsəlli verməyə başladıq: "Allah Kərimdir, əl-amanda qoymaz səni..."

Sonralar Ağa Musa Nağıyev dar gündə qudasının dadına çatıb, onu müflis olmaqdan xilas edir.

Şəmsi Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün çox böyük sahəsi və əzəmətli tağvari qapısı ilə fərqlənirdi. Bağ XIX əsrin axırlarında salınmışdı. Sovet hökuməti bu bağı müsadirə edib, sanatoriyaya çevirmişdi. Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onu yaxınları Bakıda dəfn ediblər.
Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin qızı, kiçik oğlu Əli isə H.Z.Tağıyevin Leyla adlı qızı ilə evlənmişdilər. Qızı Sara atasının işlər müdiri Zal Həsənovun həyat yoldaşı olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.