Şou-biznes

ATV-in zərif qadın səsi: "Son zamanlar məni xoşbəxt edən tək səbəb budur" - FOTO

7 Dekabr 2018 21:12
14 Şərh     Baxış: 5 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-in qadın səsi, jurnalist Maya Həsənovanın Milli.Az-a müsahibəsi.

- Maya xanım, səsinizi çalışdığınız ATV telekanalının anonslarından eşidirik. Səs sənəti ilə nə vaxtdan məşğul olmağa başlamısınız?

- Bəli, düz təxmin etmisiz. Düzdür, bu işi mənə yeni həvalə ediblər. Ancaq bununla çiyinlərimə düşən məsuliyyət bir az da artdı. Əvvəllər səsimi yalnız çalışdığım proqramın tamaşaçısı eşidirdisə, artıq bütöv ATV-nin tamaşaçısı eşidir. Hər şey birdən-birə oldu. Səsimin sehri, yaxud da şans deyək buna (gülür).

- Bu işin çətin tərəfi nədir?

- Çətin deyəndə ki, əslində, hər iş çətindir. Düşünmək olar ki, mətn oxumağın nəyi çətindir ki? Amma bu işin çox incəlikləri var. İşin çətinliyi səsləndirdiyin hər mətni özünkiləşdirmək, tamaşaçını cəlb edərək, inandıracaq tonda və intonasiyada oxumaqdır. Bu, elə də asan deyil. Eyni zamanda, qulağa batmamaq, bezdirməmək şərtilə.

- ATV-yə qədər harada çalışmısınız?

- Artıq 5-ci ildir ki, televiziyada çalışıram. Magistraturada oxuyarkən ilk dəfə Space TV-də işə başlamışdım. Elə mətn səsləndirməyə də ilk iş yerimdən başladım. Onda daha çox portret janrında olan süjetləri səsləndirirdim və deyilənə görə, bu, məndə çox yaxşı alınırdı. Bezmirdim, bəzən bir mətni təkrar-təkrar 5 dəfə səsləndirirdim. Hər dəfəsində başqa çalarlar qatırdım, beləliklə özüm-özümü kəşf edirdim. Sonra yolum Lider TV-dən keçdi. Orda mən portret janrından çıxdım, məhz oranın peşəkarları səsimin müxtəlif çalarlarını üzə çıxardılar. Mən orada başa düşdüm ki, əslində, cəlbedici maqazin süjetlərini də yaxşı səsləndirmişəm. Yavaş-yavaş məndə görünməkdən çox eşidilmək həvəsi yarandı. Belə-belə səsimin əks-sədası müxtəlif yerlərdən gəlməyə başladı.

- Hansı televiziyada olan fəaliyyətinizi daha məhsuldar hesab edirsiniz?

- Heç bir halda fəaliyyətimi məhsuldar, yaxud qeyri-məhsuldar kimi qruplaşdıra bilmərəm. Çünki bu günədək çalışdığım hər televiziya kanalında öyrəndiklərim və uğurlarım oldu. Təbii ki, hələ öyrənəcəyim çox şey var.

- Səs sənətindən pul qazana bilirsiniz?

- Reklam təklifləri olur. Qonorar bu işdə düşündüyüm ilk şey deyil. Təklif gələndə dəyərləndirməmiş, məhz mənim səsimi seçdikləri üçün ayrıca zövq yaşayıram (gülür). Digər tərəfdən düşünürəm ki, səsimi daha geniş auditoriya eşidəcək, bunu da özüm üçün daha bir uğur hesab edirəm. Qonorarı isə ən sonda danışıram.

- Lider TV-də həm də bir müddət aparıcı olmusunuz. Sizə hansı maraqlıdır, aparıcılıq, yoxsa səs sənəti?

- Bəli, bir müddət Lider TV-də "Tezdən oyan" verilişində aparıcı kimi fəaliyyət göstərmişəm. Həmin hadisəni möcüzə kimi qarşılamışdım. Təsəvvür edin, magistraturanın 2-ci kursunda oxuyuram. Dərslə iş arasında qaça-qaçdayam. Və bir gün mənə deyirlər ki, sən verilişin müxbiri yox, aparıcısı kimi efirə çıxacaqsan. Düzünü desəm, heç vaxt aparıcılıq iddiasında olmamışam. Sadəcə, həmişə yaddaqalan və seçilən jurnalist olmaq istəmişəm. Bu təklifi də əvvəl çox təəccüblü qarşıladım. Öhdəsindən gələcəyimə inanmadım. Amma oldu, alındı. İlk təcrübəmi 4 saatlıq canlı efirə çıxmaqla qazandım. Ancaq hal-hazırda mənə belə bir seçim qoyulsa, əlbəttə ki, səsləndirmə işini seçərəm. Çünki bu işdə tam komplekssiz oluram. "Kamera necə çəkir, necə düşərəm, necə görünərəm" kimi komplekslər yaşamıram. Tamaşaçıya həmişə "bu səsin sahibi o qızdır" fikri ilə maraqlı qalıram.

- Aparıcılıq fəaliyyətinizi özünüz dayandırdınız, yoxsa bu, belə alındı?

- (Gülür). Kənardan heç nə olduğu kimi görünmür. Mənim aparıcılığım rəhbərliyin istəyi ilə olmuşdu. Amma aparıcılıq fəaliyyətimin dayandırılması belə ciddi səbəbə bağlı deyildi. Sadəcə, bilirsiz də, bəzən "sponsor" məvhumu fərdi bacarıqları, keyfiyyətləri kölgədə qoya bilir (gülür). Buna görə də yenidən müxbir olmağıma qətiyyən üzülmədim. Hal-hazırda da "ATV Səhər" verilişində çalışıram. Sadəcə, "bir təcrübə oldu mənim üçün, mənə tapşırıldı və öhdəsindən gəldim" deyə düşünürəm. Mən hər iki pillədə bir iddiadayam - peşəkarlıq.

- Peşəkar diktorlardan hansısa tərif eşitmisiniz?

- Bax bu sevdiyim sual oldu (gülür). Ən son səsimi - illərin peşəkar radio diktoru Əli Məhəmmədoğlu bəyənib. "ATV səhər" verilişi üçün Əli müəllimlə radio günü ilə bağlı müsahibəmiz oldu. Hələ kamera işə düşməmiş ötən illərindən danışırdı. Mən də arabir sual verirdim. Birdən dedi ki, "yaxşı səs tonunuz var, qulağa xoş gəlir səsiniz". Hətta məni həftədə bir dəfə dərslərinə də dəvət etdi. Ondan öyrənəcəyim çox şey var. Sonra müxtəlif vaxtlarda Ofeliya Sənani, Dilarə Səlim də haqqımda təriflər deyiblər. Onların fikirləri mənim üçün bir stimuldur.

- Deyəsən, tərif eşitməyi sevirsiz...

- Yalan deyə bilmərəm, tərif üçün ürəyim gedir (gülür). Bilirsiz necə? Gördüyüm işdən zövq alanda və kənardan kimsə bu işi tərif edəndə, bəyəniləsi iş gördüyümdən əmin oluram. Bu əminlik də mənə çox xoş gəlir. Hətta deyərdim ki, son zamanlar məni xoşbəxt edən tək səbəb budur.

- Səsinizə qarşı kompleksiniz var?

- Mətni səsləndirən zaman səsimdən zövq alıram. Amma işdən evə yorğun qayıdanda, evdəkilərlə söhbət etdiyim vaxt televiziyadan səsimi eşidəndə, eyni səs qarışır bir-birinə, öz səsim başıma düşür (gülür).

- Sosial şəbəkələrdə mətnlər, məqalələr  yazıb paylaşırsınız. Hətta bir çox məşhur səhifələr sizin bu yazdığınızı götürüb paylaşır.

- Qəribədir ki, dilə gətirə bilmədiyim çox sözlər elə o sətrlərdədir. Təəssüf ki, yaşadıqlarımdan qaynaqlanır. Üzüntülər sözlərinə hopur insanın, sən onlardan qopmaq istəsən də onlar səndən qopmur, gəlir. Nə pis ki, bu, oxunaqlı olur! Ən maraqlısı da budur ki, mənim sosial hesablarım bağlı olduğu halda bu mətnlər yayılır. Təsadüfən hansısa səhifədə qarşıma çıxır, görürəm cümlələr tanış gəlir (gülür).

- İnsanın həyatda neçə dəfə səhv etmə şansı var?

- Ehh... bu, bi raz qəliz məsələdir. Deyirlər insan səhv edə-edə öyrənir. Həmişə özümə qarşı tənqidçiyəm. Səhv edəndə hər kəsdən çox özüm-özümü qınayıram. Amma səhvsiz yaşamaq mümkündürmü?! Məncə, düzü bilmək üçün bir səhv limitimiz var. Eyni səhvi təkrar etmək bağışlanmazdır.

- İnsanlara ikinci şansı hansı hallarda verirsiniz?

- Şansı o zaman verirəm ki, qarşımdakı insan məndən şans istəyir. Ona şans verilməsini ürəkdən istəyir, yaxud da bu şansa ehtiyacı olur. Məncə, bu zaman qəddarlıq etmək olmaz.

- "Daha çox sevə bilərdim, amma sevmədim, istəmədim" dediyiniz şəxs olub?

- Yəqin ki, mənim də bu suala cavab verməmək şansım var (gülür).

- Həyatda idealınız necə bəy ola bilər?

- İdealım yoxdur. Məncə, "o" gəlib  özünü mənim idealıma çevirəcək (gülür). Amma, ümumiyyətlə, insanda dəyər verdiyim ən başlıca xüsusiyyət dürüstülk və sabitfikirlilikdir. Bir sözlə, ideal yox, insan olmaq lazımdır.

- Xəyanətkar insansınız?

- Xeyr, xəyanətkar insan deyiləm, hətta deyərdim ki, çox vəfalıyam.

- Çırpıb getdiyim qapını o zaman açaram ki...

- Məni getməyə məcbur etdiyinə görə peşman olan biri var.

- Həyatda nəyi bacarmırsınız?

- Çox şeyi bacarmıram, əslində. Məsələn, mənafeyimə görə davranmağı, yalan danışmağı bacarmıram. Soyuqqanlı olmağı, gündə ən azi bir dəfə ölümün var olduğunu xatırlamamağı, xəyal qurmamağı, bir də küsməməyi bacarmıram (gülür).

- Kimi qısqanırsız?

- Heç kimi qısqanmıram. Nə qədər inandırıcı səslənməsə də, bu belədir. Mənim öz məqsədlərim, arzularım var. Beynimi kiçik mövzularla məşğul edə bilmərəm (gülür).

- Xəyalpərəst düşüncənizi çıxmaq şərtilə öz həyatınızı necə təsəvvür edirsiniz, yaxud gələcəkdə necə görmək istərdiniz?

- Səninlə söhbətlərimiz həmişə səmimi olur, indi də elədir. Bu sualının cavabını tam səmimi demək istəyirəm - özümü, gələcəyimi karyera uğurları ilə ovunan bir qadın kimi görmək istəmirəm.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.