Din

Media - dini təhlükəsizliyə təminat verən alət və dini ekstremizmi stimullaşdıran silah kimi

5 İyul 2023 16:48
Baxış: 2 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında "Media və dini təhlükəsizlik" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Bəşəriyyət özünü və ətrafı kəşf etməyə başlayandan etibarən din anlayışı mövcuddur. Yüzillərdir ki, dünyanın müxtəlif hissələrində insanlar müxtəlif inanclara qulluq edirlər. Din insanlara yol göstərən, həyat məqsədlərini, hətta xarakterini belə istiqamətləndirən vasitədir. Müxtəlif zamanlarda dini etiqadlara ekstrim həddə əməl etmək hətta radikalizmə də səbəb olub. Təsadüfi deyil ki, məhz dini müxtəliflik və ya dini qaydalara zidd mövqe ucbatından dəfələrlə irimiqyaslı münaqişələr və kütləvi insan qırğını baş verib. Dinin məhz belə qüdrətli və hakim olması səbəbiylə bəzi qüvvələr bundan siyasi və iqtisadi alət kimi istifadə edərək çoxsaylı fəlakət və dəyişikliklərə yol açıblar.

Cəmiyyətimizdə və müxtəlif yerlərdə belə bir qavram var ki, fərqli dini inanca və ya inancsızlığa məxsus şəxs heç də həmişə birmənalı olaraq qarşılanmır, bəzən bu faktor hətta şəxsi və işgüzar münasibətlərə də xələl gətirir. İnsanlar eyni dini görüşü paylaşmayan şəxslərlə yaxın münasibət qurmaqdan çəkinirlər.

Dini müxtəliflik nəyə görə çaxnaşma yaradır?

Fərqli inancı olan şəxsin iradə və azadlığına hörmət olunmur, tolerantlıq göstərilmir. Bunun müxtəlif səbəbləri ola bilər. Erkən yaşlardan səhv istiqamətləndirmə, maarifləndirmənin olmaması, dünyəvi biliklərdən və mühitdən bixəbərlik və s. Lakin unutmaq olmaz ki, demək olar ki bütün dinlərin bir ortaq təbliğat istiqaməti var ki, o da insanları düzgün, ədalətli, rifah halında yaşamağa səsləməkdir. Burada başqalarının fikirlərinə və yaşayış tərzinə heç bir neqativ müdaxilədən söhbət gedə bilməz. Dini müxtəlif yazılı mənbələrdədən deyil, ağızdan ağıza ötürülən söhbətlərdən qavramaq, onun incəliklərinə bu yolla varmaq da bəzən anlaşılmazlığa səbəb olur.

Ölkəmizdə dini etiqad azadlığı mövcuddur və hamı öz dini ibadətini yerinə yetirməkdə sərbəstdir. Dinin münaqişələrə səbəb olmasının digər səbəbi isə onun tamamilə yanlış yöndə təbliğ olunmasıdır. Unutmaq olmaz ki, dini inanc fərdi məsələdir və şəxsin öz azad seçiminə tabedir. Ümumiyyətlə şəxsdən hansi dinə etiqad etdiyini soruşmaq, dini görüşləri ilə maraqlanmaq etik hesab olunmur. İnsanlar dinə öz individual seçimləri və şəxsi məsələləri kimi baxsalar o zaman dini təhlükəsizlik daha stabil və dayanıqlı olar. İnsanların məqsədi digərlərini doğru bildiyi inanca sövq etmək yox, əksinə öz etiqadları ilə canı könüldən məşğul olmaq və bundan zövq almaq olmalıdır. Ətrafda baş verənləri öz inanclarına zidd hesab etmədikcə, dini zəmində törədilən təxribatların sayında da azalma olacaq. Beləcə iradə möhkəmliyi də yaranacaq. İnsan dini ritualları yerinə yetirməklə, öz dininin buyurduğu qaydalara əməl etməklə özünə cavabdehdir və dünyanın müxtəlif yerində onun dininə edilən "hörmətsizliyə" görə cavbdehlik daşımır. Həmin şəxslərin cəzalandırılması və düzgün istiqamətləndirilməsi onun məsuliyyəti deyil. Bunları dərk etdikcə artıq cəmiyyətdə din pərdəsi altında qızışdırmalar işə yaramayacaq.

Media öz gücündən necə istifadə edə bilər?

Media bütün sferalarda olduğu kimi, dini məsələlər və təbliğatda da böyük rola və imkanlara malikdir. Elə buna görədir ki, məhz media aləti insanlar arasında çaxnaşma yaratmaq, düzəni pozmaqdan ötrü məharətlə istifadə olunur.

Televiziya cəmiyyətimizdə hələ də informasiyanın ən sürətlə yayıldığı vasitə olaraq rolunu qoruyub saxlayır. Insanlar arasında dini maarifləndirməni müfəssəl şəkildə həyata keçirmək üçün televiziya və radionun həftəlik proqramlarına dini mövzularda verilişlər əlavə etmək olar. Tolerantlığı bərqərar etmək və cəmiyyətin din mövzusunda dünya görüşünə töhvə vermək üçün dinin müxtəlif qolarından olan mütəxəssisləri dəvət etmək müsbət addım hesab edilə bilər. Beləcə müxtəlif peşəkarların izahı əsasında daha azaddüşüncəli cəmiyyət üçün zəmin yaratmaq olar. Oxşar tipdə virtual kanallar mövcuddur, amma heç də hər kəsin həmin onlayn platformalara çıxış şansı bərabər deyil.

Son dövrlər, Azərbaycandan, xüsusilə bölgələrdən İranda baş verən dini proseslərə meyillənən şəxslər kifayət qədərdir. Dini radikalizmə sürükləyən bəladan xilas olmaq üçün, əsl islami dəyərlərin media vasitəsilə təbliğinə böyük ehtiyac var.

Juranistin öhdəsinə nələr düşür?

Hər hansı hadisə və ya məlumatı ışıqlandırmazdan öncə onun xəbər yükü dəyərləndirilməli və daha sonra oxucunun ixtiyarına buraxılmalıdır. Dini məsələlərlə bağlı xəbər hazırlayarkən məqsəd informasiya ilə təmin etmək olmalıdır. Faktlardan düzgün şəkildə istifadə edərək hazırlanmış xəbər mühakimə etmək və fikir formalaşdırmaq üçün oxucuya ötürülməlidir.

Xarici media islamafobiyanı necə stimullaşdırır?

Qərb mediasında "Yaxşı xristian", "Pis müsəlman" aurası ara-sıra təbliğ olunur. Hər hansı qətl və ya terror aktı zamanı hadisəni törədən müsəlmandırsa, onun dini mənsubiyyəti vurğulanır. Beləcə dünya oxucusunda müsəlmanlar haqqında səhih olmayan fikirlər formalaşır.

Bundan başqa, xarici mətbuat bəzən dini ekstrimizmə çağırışlar etməkdən də çəkinmir. "Charlie Hebdo" fransız nəşrinin Məhəmməd Peyğəmbərin karikaturasını çəkməsi müsəlmanlar arasında böyük ajiotaja səbəb oldu. Daha sonra jurnalın baş redaksiyasına hücum olundu, 12 nəfər qətlə yetirildi, 11 nəfər isə yaralandı. Həbs olunan 2 nəfərin müsəlman  qrupuna məxsus olması ilə dəfələrlə müxtəlif müstəvilərdə nəşr olundu. Həmçinin 11 sentyabr hadisələri islamafobiyanın bünövrəsinin qoyulmasının bariz nümunəsidir. Media çox güclü silahdır və qərb bunu istədiyi istiqamətlə çox məharətlə çevirməyi bacarır.

Media digər bütün mövzularda olduğu kimi din mövzusunda da uğurlu işlər görərək insanların düzgün məlumatlandırılmasına və daha tolerant şəkildə yaşamlarında davam etmələrinə səbəb ola bilər.

Ülkər Vəliyeva
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.