Siyasət

"Açıq demokratiya" əslində açıq düşmənçilikmiş

19 İyun 2021 19:11
Baxış: 941

Mərkəzi ofisi Londonda yerləşən "Open Democracy" beynəlxalq siyasət və mədəniyyətdən bəhs edən virtual resurs olduğunu bəyan edir. 21 il əvvəl yaradılmış bu sayt dünyada baş verən hadisələr və yaşanan problemlərlə bağlı nüfuzlu siyasətçilərin, alimlərin və jurnalislərin yazılarını dərc edir, reportajlar yayır.

Lakin Qərb demokratiysının bütün dərdlərə dərman, dalanlardan çıxış və mərəzlərə çarə olduqlarını düşünən, "Ax, Qərb!" lobotomiyasına məruz qalmışların dəyişməyəcək fikirlərini bir kənara qoysaq, mənzərə həmişə olduğu kimi xoş deyil.

"Qərb demokratiyası" həmişə olduğu kimi, məhz Qərbin merkantil maraqlarının keşiyində duraraq liberallıq və libertarianlıq şüarları altında Qərb sayılmayan bütün ölkələri ikincit dərəcəli sayır.

Həmin ölkələrsə, "əsl demokrat"ların fikrincə, Qərbdən dərs, ibrət və ilham almaldıdır, Qərbin göstərişlərini şəksiz yerinə yetirməli, şərtlərinə tam əməl etməlidir.

Bunu etməyənlər diktatura, etmək istəməyənlərsə diktaturaya meylli sayılırlar Qərbdə.

Qərb də ağlından gələni əlindən gələnə çevirərək həmin ölkələrə demokratiya adı ilə hücum edir.

Birbaşa yox - dövr o dövr deyil - dolayısı ilə, hibrid savaşlarla, informasiya təzyiqləri ilə, siyasi pressinqlə, iqtisadi rıçaqlarla, maliyyə sanksiyaları ilə.

"Open Democracy" də əfsuslar olsun, belə təzyiq alətlərindən biri, "hədəf" seçilmin ölkə və ya ölkələrlə bağlı aşkar dezinforasiya, qərəzli məlumatlar kampaniyası, feyk iddialar yayan vasitələrdən birinə çevrilib.

"Kimsədən asılı olmayaraq müstəqil fəaliyyət göstəririk!" sloqanını təkrarlamağı sevən "Open Democracy"nin qarşımıza çəkdiyi parlaq, bərq vuran pərdəni aralayanda isə Entoni Barnett, Devid Hayes, Syuzan Riçards və Pol Hilderin təməlini qoyduqları resursun maliyyə mənbələrini görürük.

O mənbələr Forj Fondu, "Atlantic Philanthropies" fondu, "Rokfeller Qardaşları" fondu, habelə Corc Sorosun "Açıq Cəmiyyət" fondudur.

Özü də Sorosun fondu, habelə onun törəmələri olan, amma "tam müstəqil" olduqlarını bəyan edən təşkilatlar son iki ildə "Open Democracy"yə ünvanlanmış "ianə"lərin həcmini dəfələrlə artırıblar.

Azərbaycanla bağlı yaydığı, aşkar yalanla həyasız böhtanlar arasında barraj edən "Open Democracy"dən fərqli olaraq, bəzi detallara varaq.

2018-ci ilin 13 sentyabrı. Bu tarixədək "Open Democracy"-yə ildə təqribən 45 min funt-sterlinq "xeyriyyə ianəsi" ünvanlayan Corc Soros təşkilatları sözügelən resursda Azərbaycana qarşı ünvanlanan, söz yığını ilə iddialardan ibarət yazı dərc ediləndən sonra mövqeyini dəyişir.

Elə həmin ilin sonunadək Britaniyadakı bu resursa Sorosun təşkilatlarının "diqqət"i 3,82 dəfə artır.

2019-2021-ci illərdə "diqqət"in həcmi 2018-ci illə müqayisədə təqribən 12,4 (!) dəfə çox olub.

Azərbaycan barədə "müstəqil və obyektiv təhlil"lər kimi təqdim olunan, Britaniyada jurnalistlər arasında "denim", yəni cins şalvar üçün parça adlandırılan materialar, reportajlar, yazılar və xəbərlərin sayı dəfələrlə artır.

Səbəb?

Məncə, aydındır.

"Open Democracy" ənənəsini inadla davam etdirərək Azərbaycanla bağlı bütün məsələlərdə, sahələrdə və müstəvilərdə məntiqlə izahı çətin aqressiya, subyektivlik və qərəz münayiş etdirir.

Resursun son "axsaq ördək" tipli məlumatlarından biri Britaniyanın "Anglo Asian" şirkətinin Azərbaycandakı fəaliyyətti ilə bağlıdır. İddiaların absurdu o həddə çatıb ki, "Open Democracy" Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpı biznes vasitəçiliyindjə suçlayıb.

Digər feyk isə "Open Democracy"nin hazırladığı "In the Shadow of War: Voices from Nagorno-Karabakh" ("Savaşın kölgəsində: Dağlıq Qarabağdan səslər") adlı sənədli filmdir.

Birtərəfli, odioz, iddiaların faktlar, faktların isə yalan kimi təqdim edildiyi bu film birmənalı olaraq Ermənistanın və ermənilərin müdafiəsinə yönələrək erməniliyin təbliğidir.

Filmdə qarabağlı azərbaycanlılardan ümumiyyətlə, bəhs olunmur. Tərtər, Mingəçevir, Gəncə, Bərdə şəhərlərinin İkinci Qarabağ Savaşı günlərində ermənilər tərəfindən vəhşicəsinə, amansızlıqla bombardman edilməsindən də danışılmır.

Orta statistik tamaşaçıda belə rəy yaradılmağa çalışılır ki, sən demə, savaşda əziyyət görüb zillət çəkən sadəcə, ermənilərdir.

Azərbaycan aqressiv ölkə kimi təqdim olunur, dünya birliyi isə Ermənistanı və erməniləri dəstəkləmdiyi üçün aşkar şəkildə qınanır.

"Mən əminəm ki, biz qayıdacağıq. Şuşa da bizim olacaq, Hadrut da", - filmdə sifətinə qəmli görkəm vermiş erməni deyir.

"Open Democracy" bu illüziyanı gözlənilən reallıq qismində tamaşaçıya təlqin edir.

Bu isə aşkar düşmənçilikdir.

Həqiqətə, yaşananlara, hüquqa, ədalətə qarşı...

Elçin Alıoğlu
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.