Siyasət

Düşmənin "şəhid əməliyyatı": kim, necə və nə üçün hazırlayıb? - TƏFƏRRÜATLAR - FOTO

25 Oktyabr 2020 09:25
Baxış: 7 652

Qarabağın azadlığı uğrunda Vətən müharibəsi davam edir. Düşmən bütün cəbhə boyu ağır zərbələr alır, geri çəkilir.

Hər müharibədə olduğu kimi, bu savaşda da ən önəmli amil insandır. Səngərdə duran, düşmən üzərinə hücuma keçən, onu mərmilərlə və raketlərlə, güllələrlə vuran əsgər.

Düşmən texnikadan qorxmur - onun xofu Azərbaycan əsgəridir.

Bu səbəbdən də Ermənistan cəmiyyətimizdə xof, nigaranlıq, təlaş yaradaraq müzəffər əsgərimizin zəfər yürüşünü ləngitməyə çalışır. Axı arxa cəbhədə nigaranlıq yaranarsa, öndə, düşmən üzərinə yürüyən insanın da qəlbində mütləq təbəddülatlar yaranır.

Düşmən belə düşünür və ən çirkin, hiyləgər, məkrli ssenarilərə əl atır.

Müasir dünyanın reallıqlarından da yaralanmağa çalışır.

O reallıqlardan biri sosial şəbəkələrin cəmiyyətə təsir imkanları baxımından ənənəvi medianı üstələməsidir. Texnogen və urbanistik cəmiyyətin təzahürləri arasında sosial şəbəkələrin fərdlər üçün əsas məlumat mənbələrindən birinə çevrilməsidir.

20 və hətta 5 il əvvəldən fərqli olaraq, indi fərdlər informasiya tələbatını klassik media, audiovizual kontent vasitəsilə yox, sosial şəbəkələr vasitəsilə ödəməyə üstünlük verirlər.

Şəbəkədə hər kəs bir kütləvi informasiya vasitəsidir və bu, asan, hətta rutin prosesə çevrilib.

Yetər ki, smartfon, sosial şəbəkənin o smartfona yüklənmiş proqram əlavəsi, şəbəkədə akkaunt və ya profil olsun.

"Çək, yaz, yay" - bu üç kəlmə yeni formasiya jurnalistikasını bəlirləyən dominant, baza hərəkətlərdir.

Sosial şəbəkələr məsələsi Vətən Müharibəsi başlayan gündən daha da aktuallaşıb.

İnsanlarımız savaşla bağlı xəbərləri, yazıları, görüntüləri ilk əvvəl məhz şəbəkədə gördüklərini düşünürlər.

Yanlış, korrelyativ təhrifli anlam ola bilər, amma belədir.

Təbii ki, savaş olan ölkədə vətəndaşların əhvalına, psixikasına, şüuruna ən ciddi təsirə malik kontentlər mövuddur.

Məsələn, Silahlı Qüvvələrimizin düşmən mövqelərini, ermənilərin canlı qüvvəsini və texnikasını məhv etdiyi anların əks olundutu videolar, hərbi əməliyyatlardan bəhs edən yazılar və s. ruh yüksəkliyi yaradıb qələbə əzmini daha da artırır.

Döyüşlərdə şəhid olan hərbçilərimizin fotoları, onlarla bağlı məlumatlar isə insanlarımızı kədərləndirir. Fotolardakı vətəndaşlarımız gənc olduqlarına görə.

Ən ciddi neqativ təsirə isə şəhidlərimizin cəsədləri ilə düşmənin barbarcasına davranmasını göstərən videolardır.

Düşmən bunu bilir və bəhs etdiyim məqamlardan maksimum mənfəət əldə etməyə çalışır.

Ermənistanın Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidməti hərbi əməliyyatlar başlayan kimi xüsusi "təbliğat qrupu" yaradıblar.

Azərbaycan dilini mükəmməl bilən erməni zabitlərin olduğu bu qrupa erməni bloqerlər və jurnalistlər də cəlb olunmuşdu.

Daha sonra iş "peşəkar"a, yəni Rusiyadakı NewsMedia holdinqinin sahibi, erməni Aram Qabrelyanova tapşırıldı.

Hazırda yüzlərlə erməni bloqer, jurnalist sosial şəbəkələrdə Qarabağ savaşı ilə bağlı aşkar yalanlar, montaj edilmiş görüntülər və xüsusi hazırlanmış ssenari əsasında çəkilmiş videolar hazırlayıb yaymaqla məşğuldur.

İstisnasız olaraq bütün populyar sosial şəbəkələrdə ermənilər yalan, dezinformasiya və feyk məlumatlar yayırlar.

Belə "yalan fabrik"lərindən birinə irəvanlı bloqerlər Tiqran Mkrtçyan və Roman Daneqyan rəhbərlik edirlər.

Onlar Facebook, İnstagram və Telegram-da xüsusilə aktivdirlər.

Mkrtçyan-Daneqyan dueti dezinformasiyaların hazırlanması ilə məşğul olan çoxsaylı dəstələrdən birinə Facebook-dakı qapalı qrup vasitəsilə göstərişlər verirlər.

Məsələn, göstərişlərdən biri belədir: "emnoc.co.uk/top-10-fantasy-places-that-would.../ ünvandakı sayta daxil olun, gördüyünüz istənilən reklama klikləyin, reklam olunan saytda 3-4 saniyə qalın və oranı tərk edin. VPN-dən istifadə arzuolunandır".

Ermənistan və qarabağlı ermənilər üçün pul yığılmasının, sadəcə, bir, ən primtiv yollarından biridir bu.

Əsas fəaliyyətsə informasiya diversiyaları ilə bağlıdır.

Ötən həftənin əvvəllərində sosial şəbəkələrdə yayılmış "Ermənilər həlak olmuş Azərbaycan əsgərlərini ekskavatorla basdırırlar" videosunu misal çəkmək olar.

Bu videoda ekstavatorla qazılmış çuxura yük maşınından boşaldılan əsgərlər ermənilərdir, çünki iki cəsədin boyunlarında xaç var. Videonun ssenariçiləri çoxsaylı yanlışlıqlara yol veriblər ki, onlardan biri də Azərbaycan Ordusunun hərbi formasının geyindirildiyi əsgərlərin çəkmələrinin Ermənistan ordusunun hərbçilərinin uniformasında yer alan ayaqqabılar olmasıdır.

Bundan başqa, zirehli jiletlər və dəbilqələr də Azərbaycan ordusunda istifadə edilməyən amunisiya arasındadır.

Meşəlikdə tələsik, iki kamera ilə çəkilmiş video İrəvanda elə tələsik montaj olunub.

Əsas iş bundan sonra başlayıb.

Az öncə bəhs etdiyim qrupun rəhbəri Tiqran Mkrtçyan dəstə üzvlərinə tapşırır: "Xüsusi əməliyyat başlayır. "Umut Bulut" adlı profil yaratmışıq. Orada yazılıb: "Belə davam edə bilməz. Azərbaycan hakimiyyəti cəsədləri toplamır. Şəhidlərimizə eşq olsun! Dünən öyrəndim ki, dostum da şəhid olub. Videonu Telegramdakı "Virtual Seşid" kanalından götürdüm". Bu statusu paylaşın. Rəy yazmayın, "like" atmayın".

Telegram messencerindəki "Virtual Sehid" kanalı da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tam kurasiyasında və nəzarətindədir.

İlk olaraq bu yalanı "SamiraKarimova4" və "SabinaMammado14" profilləri paylaşırlar.

Sonra ermənilərin yüzlərlə profilində montaj edilmiş video və "pərişan" yazı peyda olur.

Bir qədər keçir, həmin video sosial şəbəkələrin Azərbaycan seqmentinə "sıçrayır" və sürətlə paylaşılmağa başlanır. Paylaşanlar nəyin bahasına olursa-olsun, "like" toplamaq, özünü vətənpərvər göstərmək istəyənlər olur.

Beləcə, ermənilərin yalanı yayılır.

Düşmən fasiləsiz olaraq dezinformasiya hazırlayıb tirajlayır, təşviş və nigaranlıq yaratmağa çalışır.

Lütfən, bu yalanlara aldanmayın, paylaşmayın.

Əsgərimizə mane olmayaq!

Elçin Alıoğlu
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.