Siyasət

Millət vəkili mandatı Facebook-da verilmir

22 Yanvar 2020 14:59
2 Şərh     Baxış: 1 735

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 125 mandata 1622 namizəd qeydə alınmışdı. Onların 95 nəfəri artıq namizədliklərini geri götürüb. Mərkəzi Seçki Komissiyasının yaydığı rəsmi məlumata görə, 2358 nəfər namizədliyini irəli sürmüşdü. Onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1622 nəfərin isə deputatlığa namizədliyi  qeydə alınıb.

Bir yerə faktiki olaraq 12-13 nəfər namizəddir. 19 siyasi partiyanın siyahısında isə 260-dan artıq namizəd var. Ümumiyyətlə isə, ölkədəki siyasi partiyalardan 28-nin təmsilçiləri parlament seçkilərinə qatılıblar.

95 nəfər seçki marafonundan geri çəkilib. Yerdə qalan namizədlər aktiv təşviqat və təbliğat prosesindədir.

Proses birmənalı təsir bağışlamır.

Namizədlərin tam əksəriyyəti sosial şəbəkələrlə çalışmağa üstünlük verirlər. Xüsusi aktivlik Azərbaycanda ən populyar sosial şəbəkə Facebook-da müşahidə olunur.

Facebokk-un xəbər lenti çoxsaylı namizədlərin təbliğat və təşviqat materialları ilə doludur. Əsas diqqət seçicilərlə görüşlər barədə informasiyalara, yəni mətnlə fotolara yetirilir.

Amma bu görüşlərin məzmunu ibarədə informasiya faktiki olaraq yox dərəcəsindədir.

Millət vəkilliyinə namizəd millətin nümayəndələri ilə nə müzakirə etdilər, nə danışıldı, vətəndaşlar nə eşitdilər, onlara nə təklif olundu? Namizədlər üçün bu məqamlar önəmsizdir.

Önəmli olan görüşün özünü fakt kimi qeydə almaq, sosial şəbəkələrdə reklam etdirməkdir.

Digər məqam namizdlərin tam əksəriyyətinin seçkiqabağı platformasının yoxluğudur.

Bu və digər namizədin niyə Milli Məclisdə təmsil olunmaq istədiyi səlis, səbatlı və aydın dildə izah olunmur. Seçici namizədinə ünvanladığı suallara cavab almır. Bunun əvəzində namizədin qeydə alındığı dairədəki problemlər sadalanır. Çıxışlarda da daha çox səslənən məsələlər yolların asfalt örtüyünün pisliyi, nəqliyyat problemləri, su və elektroenerji təminatı məsələləri, liftlər, təmizlik, infrastruktur və s.-dir.

Təbii, bütün bunlar konkret arealda yaşayan insanlar, yəni seçiciləri qayğılandıran, narahat edən məsələlərdir. Lakin unutmayaq ki, millət vəkili heç bir halda icra strukturlarını, dövlət qurumlarını əvəzləyə bilməz, əslində əvəzləməməlidir də. Millət vəkilinin bunun üçün nə qanuni təsir imkanları, nə maliyyə vəsaiti, nə də texniki vasitələri yoxdur.

Namizədlər "problemlərinizi həll edəcəyəm" tipli vədlər səsləndirdikdə, əslində, edə bilməyəcəyi işlərdən danışır və bununla da seçiciləri aldadır.

Səbəb sadədir: millət vəkilliyinə namizəd olanların total əksəriyyəti deputat fəaliyyətinin nədən ibarət olduğunu anlamır, çağdaş parlamentarizmin şərtlərini və tələblərini bilmir.

Millət vəkili nə yol çəkdirəndir, nə lift təmir etdirən, nə də həyətlərdə uşaqlar üçün guşələr yaratdıran.

Buna rəğmən, namizədlər sosial şəbəkələrdə düşünülməmiş, konkret hədəf kütləyə hesablanmamış təbliğatla məşğuldurlar.

Facebook sosial şəbəkəsinin Azərbaycanda vətəndaşlar arasında populyar olması, bəzi hallarda və olaylarda isə ənənəvi medianı operativlik baxımından qabaqlaması bəlli həqiqətdir. Lakin sosial şəbəkələrə vətəndaşlar nə qədər aludə olsalar da, onlar heç bir halda real ünsiyyəti əvəzləyə bilməzlər.

Onların çoxu hələ də anlamırlar ki, Facebook-da reklama sərf etdikləri maliyyə vəsaiti boşuna xərclərdir. Axı hansısa namizədin qeydə alındığı dairənin sakini olmayan Facebook istifadəçisi bu adamın reklamını niyə görməlidir?

Sual ritorik deyil.

Axı namizəd mübarizə apardığı seçki dairəsinin hüdudlarından çox kənara çıxan auditoriyaya hesablanmış məlumatları kontent qismində niyə pullu reklam etdirir?

Namizədlər bu barədə düşünüblərmi? Məncə, yox. Əks olsaydı, təbliğat və təşviqat kampaniyalarının tam əksəriyyəti bu qədər qeyri-effektiv proses təsiri bağışlamazdı.

Onların məsləhətçilərinin kimlər olduğunu bilmirəm. Bilinən və görünən budur ki, belə axsaq, çəpgöz təşviqat marketinqi heç bir halda gözlənilən nəticəni verə bilməz.

Bunu da bilməyənlər heç olmasa Facebok-u İnstagram-la əvəzləyə bilərdilər: belədə hədəf kütləyə daha tez çata bilərdilər.

Marketinqə gəldikdə isə, seqmentləşdirmə, hədəf bəlirlənmsəsi və təqdimat (segmenting, targeting and positioning) anlayışlarının, ümumiyyətlə, nəzərə çarpmadığı bu təşviqat prosesinin nə dərəcədə yararlı olacağı, ümumiyyətlə, şübhəlidir.

Bütün bunlarla yanaşı, namizədlərin çoxsaylı onlayn səsvermə vasitələrində də boy göstərmələri və tərəfdarlarını da həmin resursda ona səs verməyə çağırmaları acınacaqlıdır.

Xəbər saytlarında, sosial şəbəkələrdə olan bu "reytinq göstəriciləri" ən yaxşı halda bu və digər namizədin fərdi eqosunun təminatı ola bilər. Səbəb - sözügedən reytinq göstəricilərinin reallıqdan çox uzaq olmalarıdır.

Absurd o həddə çatıb ki, bəzi namizədlər Facebook profillərində və səhifələrində hansısa ölkədəki soydaşlarımızın onu dəstəklədiyini, "Filan ölkədəki diasporumuzun nümayəndələri mənə səs verir" yazmaqdan da çəkinmir.

Amma nə olsun: bəzi namizədlər saxta profillər yaratdırır, trollar vasitəsilə onlayn səsverməyə "qatılır" və elə həmin trolların "səs"ləri vasitəsilə sabun köpüyü təsiri bağışlayan nəticələrə nail olurlar.

Trollar vasitəsilə millət vəkili seçilmir, cənablar.

Qeydiyyatın gerçəkləşdiyi konkret dairədə konkret seçicilərlə çalışmaq, onların problemlərindən hali olmaq gərəkdir.

Bundan başqa, ənənəvi media ilə çalışmaq, təbliağ kampaniyasına medianı da cəlb etmək gərəkdir.

Siyasi təbliğat kampaniyasının alfa və omeqasıdır bəhs etdiyim məqamlar.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.