Siyasət

Baş nazir niyə dəyişdirildi?

8 Oktyabr 2019 15:26
Baxış: 16 799

Bu gün Azərbaycan hökumətinin başçısı dəyişdi. Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, 62 yaşlı Əli Əsədov baş nazir təyin olundu. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri postunda çalışmış, ötən il baş nazir təyin edilmiş 72 yaşlı Novruz Məmmədov isə postundan istefa verdi.

Proses qəfil, gözlənilməzdi. Səbəblər nə idi?

Çünki Novruz Məmmədovun təyinatı kimi, istefası da qəfil oldu.

2018-ci ilin aprelin 21-də baş nazir postuna namizəd kimi Novruz Məmmədov Milli Məclisə təqdim olunanda siyasi təhlilçilərlə yanaşı, millət vəkilləri də gözlənilməzliklə üzləşmişdilər.

Novruz Məmmədov çox təcrübəli siyasətçi, Heydər Əliyev irsinə sadiq nomenklaturaçı, İlham Əliyev komandasının seçilən nümayəndələrindəndir. Lakin onun baş nazir postuna namizəd olacağını çox az adam təxminləyə bilərdi.

Milli Məclis N.Məmmədovun namizədliyini təsdiqlədi.

Bu günsə o, vəzifəsindən istefa verdi.

Əslində, proseslər gözləniləndi və bunun bir neçə fundamental səbəbi var.

Əvvəla, Azərbaycanda baş nazir postu Artur Rasizadənin vəzifədə olduğu son illərdə sırf təsərrüfat və texnokratik məsələlərin həlli üçün münasib vəzifəyə dönmüşdü.

Parlament üsul-idarəli ölkələrdən fərqli olaraq, prezident hakimiyyətinin bərqərar olduğu və Konstitusiyada dövlətlə qanunların aliliyinin qarantı funksiyasını yerinə yetirən dövlət başçısının idarə etdiyi ölkələrdə baş nazir postu hökumətin idarə olunması, prezident və parlamentin təsdiqlədikləri qanunlarla layihələr və proqramların icra mexanizminin rəhbəri səlahiyyətlərini yerinə yetirir.

Azərbaycanda vəziyyət həm analoji, həm də fərqlidir. Xalqın, yəni sosiumu təşkil edən vətəndaşların sosial sifarişi və istəyi əsasında birinci vitse-prezident postu təsis ediləndən və iki vitse-prezident vəzifəsi yaradılandan sonra ölkənin icraedici hakimiyyət qollarının ekstensiv fəaliyyətinə son qoyuldu, idarəetmə mexanizmi intensiv, özü də aktiv rejimə keçirildi.

Dövlət idarəetməsindəki bu yeni mərhələ yeni çağırış idi və təbii ki, yeni cavablar, yeni həlllər tələb edirdi.

Bacarıqlı və mahir funksioner, xarici siyasətin usta bilicisi Novruz Məmmədovun namizəd qismində seçilməsi də Nazirlər Kabinetindəki labüd islahatların tezləşdirilməsi məqsədilə atılmış addım, genişmiqyaslı yenilənmə mərhələsinin təkanı idi.

Novruz Məmmədov sırf iqtisadi və texnokrat məsələlərin həlli ilə məşğul olmaqla yanaşı, böyük sosial və humanitar layihələrin icrasına nəzarət mexanizmlərini hazırlamalı idi.

Heydər Əliyevin konseptual idaəretmə nəzəriyyəsinin sonradan dövlət başçısı İlham Əliyev tərəfindən təkmilləşdirildərək yenilənən, ölkənin üzləşdiyi çağırışlar və cəmiyyətin sosial sifarişinin məcmusu qismində formalaşan yeni praktiki-nəzəri konstruksiyanın tələbi də bu idi.

Yəni baş nazir postu sırf siyasi çəkisini itirərək hökumətin icraedici funkasionallıq piramidasının zirvəsinə dönsə də, siyasi-iqtisadi menecment baxımından dövlət başçısının idarə etdiyi hakimiyyətdə nazirlər arasında birincisi oldu.

Bu, çağdaş dünyanın tələbi, dəyişən geosiyasi konyukturun struktur islatahlarınının qaçılmazlığına əsaslanan çağırışı və eyni zamanda, hakimiyyət elitasının hər hansı qəfil dəyişikliklərə yox, təkamül yenilənməsinə əsaslanan prosesi idi.

Azərbaycanda da hakimiyyətdəki fiqurların dəyişməsinin, daha doğrusu, generasiya mübadiləsinin və nəsil dəyişkənliyinin vaxtı çatmışdı.

Novruz Məmmədov öhdəsinə düşən işləri bacardı və postunu daha gənc xələfinə təhvil verdi. Bu, ölkə iqtisadiyyatının, siyasətinin və ümumiyyətilə, həyatının strateji baxımdan ən mühüm sahələrinin idarəolunmasının həvalə olunduğu yeni rəhbər formasiyanın, yeni nazirlərin gəlişindən, təyinatlar prosesindən sonra davam edən kadr islahatlarının davamıdır.

Üzvi, normal və adekvat bir davam, Azərbayacanın dövlət başçısı İlham Əliyevin apardığı kadr islatahatlarının tərkib hissəsi.

Ötən ilin aprelin 18-də, İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimindəki nitqi bu islahatların genişmiqyaslı başlanğıcı oldu.

Mərasimdəki nitqində dövlət başçımız demişdi: "Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər".

Novruz Məmmədov baş nazir postunda bu vəzifələrin öhdəsindən gələ bildimi?

Konseptual sualdır və cavab da sadədir: Prezidentin hökumətin qarşısına qoyduğu tapşırıqlar, o cümlədən iqtisadi islahatların miqyasının genişləndirilməsi və total səciyyə alması, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, ümumdaxili məhsul istehsalı səviyyəsinin artırılması və ən nəhayət, hökumətin fəaliyyətinin faydalı iş əmsalının artırılması kimi məsələlər hələ də həllini gözləyir.

Məsələ Novruz Məmmədovun loyallığında deyil. Əsla, o, vətənə və dövlət başçısına sədaqətlə xidmət edib, indi də belədir.

Problem başqadır.

Novruz Məmmədov baş nazir kimi onun və rəhbərlik etdiyi hökumətin qarşısına qoyulmuş vəzifələrin intensiv icrasını təmin edə bilmədi, sürəkli olaraq effektiv çalışan mexanizmi formalaşdıra bilmədi.

Loyallıq, sədaqət, təcrübə və biliklər heç bir halda qeyri-effektiv fəaliyyət üçün indulgensiya, tələb olunan sürət, temp və miqyasın təminatındakı axsamalar, gecikmələr üçün bəraət ola bilməz.

Baş nazir postunda cari çağırışlara, problemlərə və ümumiyyətlə, çağdaş zamana tam cavab verən peşəkar gərəkdi.

Hökumət başçısının dəyişdirilməsi eyni zamanda dövlət idarəetmə sistemindəki bütün şəxslərə, bütün məmurlara, xüsusilə də illərdən bəri eyni vəzifədə çalışanlara siqnal və açıq messicdir. Messic sadədir: tələbat artıb, tələbat özündə hakimiyyət kursuna sədaqətlə və ideologiyaya loyallıqla bitmir. Tam əksinə, peşəkarlıq tələb olunur.

Yaş senzi anlamını da unutmamalıyıq.

Azərbaycanda hökumətlə yanaşı, ümumiyyətlə, məmurlar arasında dəyişikliklər aparılmalı, "qoca"lar yerlərini "gənc"lərə verməlidirlər.

Bu, günün tələbidir.

Davam edən islahatların aralıq nəticələrinə baxaq.

Postsovet məkanı ilə yanaşı, Avropada ən uğurlu idarəetmə və elektron hökumət layihələrindən sayılan, gerçək antikorrupsiya mexanizmi olan "ASAN Xidmət" kimi struktura uğurla rəhbərlik etmiş 41 yaşlı İnam Kərimov kənd təsərrüfatı naziri təyin olundu.

39 yaşlı millət vəkili Fuad Muradova dünya ölkələrindəki azərbaycanlıların diaspor təşkilatları ilə işin yenidən, effektiv şəkildə qurulması tapşırıldı.

38 yaşlı Sahil Babayev ən mürəkkəb sosial proqramların reallaşdırıldığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə başçı təyin olundu.

42 yaşlı Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri; 43 yaşlı Mikayıl Cabbarov vergilər naziri; 49 yaşlı Pərviz Şahbazov energetika naziri; 46 yaşlı Ceyhun Bayramov təhsil naziri postlarında çalışırlar.

Onların hər biri rəhbərlik etdiyi strukturda genişmiqyaslı, köklü istahatlar aparır, ölkə iqtisadiyyatının dəyişməsində və transformasiya prosesində həmin qurumların fəal iştirakını təmin edirlər.

Kadr islahatları davam edəcək. Çünki ölkədə aparılan islahatların uğurlu və məntiqi gedişatına cavabdeh olmaqla yanaşı, həmin kadrlar islahatların özünü təmin edir və gerçəkləşdirirlər.

Haqlarında bəhs etdiyimiz nazirlərlə onların sələflərini, Artur Rasizadə dönəmindəki nazirlərin orta yaş həddini müqayisə etdikdə, Nazirlər Kabinetinin "gəncləşmə"yə doğru proses yaşadığını götərik.

İdarəetmədəki kadrlar heyətində yenil'nmə, orta yaş senzinin aşağı düşməsi labüddur və dövlət idarəetməsindəki islahatlar təki davam edəcək. Məqsəd idarəetmənin effektivlik səviyyəsinin yüksəldilməsi, şəffaılığın təminatı və iqtisadi inkişafın yetərli sürəti ilə səviyyəsinin təminatıdır.

Prezident İlham Əliyev idarəetmə strukturundakı hər bir kadra bilik, bacarıq və təcrübəsini nümayiş etdirməyə imkanlar yaradıb. Hər kadrın qarşısında dəqiq və konkret tapşırıqlar, aydın məqsədlər qoyulur, ən başlıcası isə bu məqsədlərə çatmaq üçün imkanlarla resurslar da təqdim olunur.

Belə vəziyyətdə hansısa kadr vəzifəsinin öhdəsinən gələ bilmirsə, o, mütləq başqası, daha effektiv fəaliyyət göstərəcək şəxslə əvəzlənir.

Yüksək vəzifələrdəki məmurlar artıq çox sadə həqiqəti anlamalıdır: fəaliyyətin dəyərləndirmək kriteriləri ötənlərdəki xidmətlər və təcrübə deyil artıq. Əsas amil effektivlik, uğurlu və gözlənilən nəticələrin əldə olunduğu zamandır.

Bu, İlham Əliyevin reallaşdırdığı islahatlar siyasətinin əsas qayəsi, leymotivi və məhək daşı olmaqla yanaşı, hakim nomenklaturanın üzvləri arasındakı qarşılıqlı münasibətlər matrisinin qaydalarını ğəlirləyən postulatdır.

Hakimiyyətdə kimsə əbədi olmamalı, məmurluğun mənəvi-etik kodeksinə tam riayət etməli, çağdaş dünyanın çağırışlarına effektiv cavab verməyi bacarmalıdır.

İşi bacarmayan işi tərk edəcək.

Dövlətin və millətin maraqları bunu ehtiva edir.

Yeni baş nazir Əli Əsədovun görəcəyi işlər çoxdur, həddən çox. Həmin işlər arasında ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafı, regional inkişaf və aqrar islahatların yekun mərhələsinin reallaşdırılması, rəqabətə davamlı kiçik və orta sahibkarlıq mühitinin dəstəklənməsi, bank və maliyyə sahələrində islahatların aparılması - bir sözlə, islahatlar siyasətinin tam sürətlə davam etdirilməsi var.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.