Siyasət

Əlinin anlamaq dərdi və Azərbaycanın gerçəyi

20 Fevral 2019 13:23
Baxış: 3 889

Azərbaycanın üzləşdiyi ən ciddi problemlərindən biri müxalifətdir. Nə qədər paradoksal olsa da, ölkə hakimiyyəti normal, adekvat, ciddi və hadisələrə dərhal normal reaksiya verən müxalifətdə maraqlıdır.

Belə müxalifət hakimiyyəti sərt tənqid etməli, iqtidar mənsublarını diskussiyalara və debatlara çağırmalı, problemlərin həll yollarını təklif etməli, hakimiyyət təklifləri qəbul etməyəndə isə xalqı etiraz aksiyalarına səsləyərək iqtidara təzyiq göstərməlidir.

Parlament də, hökumət də, hakimiyyət də belə müxalifətin iştirakı ilə formalaşmalıdır.

Amma...

Azərbaycanda belə müxalifət varmı? Sual ritorik deyil.

Cavab, əfsuslar olsun ki, mənfidir. Və bunun çox, amma həddən ziyadə səbəbləri var.

Azərbaycan müxalifətinin, daha doğrusu, əvvəl özünə, sonra məntiqə müxalif çıxaraq guya uğrunda mübarizə apardığı Azərbaycana müxalifliyədək mənəvi tənəzzül edən adamların, yəni "lider"lərin və siyasi partiya sədrlərinin durumuna baxın.

Ölkədə 53 siyasi partiya var ki, onların total əksəriyyəti özlərini müxalifət düşərgəsinə şamil edirlər.

Heç biri müxalifət deyil.

Amma çifayda, hər biri ayrılıqda və hamısı birlikdə buyururlar ki, bəs onlar əsl müxalifətdir, hakimiyyətin təzyiqlərinə və təqiblərinə məruz qalırlar və s.

Belə canfəşanlıq edənlərin önündə AXCP sədri Əli Kərimli ilə "Milli Şura"nın lideri Cəmil Həsənli gedir. Onların iddialarına inansaq, ölkədə yeganə fəal, səbatlı, normal müxalifət təşkilatlarına rəhbərlik edirlər, üstəlik də məmləkətin xilası onlardadır.

Yalandır, çünki məntiqsizlik, iddiaların gerçək kimi qələmə verilməsidir.

Hələ də korafəhmlik, perspektivsizlik və mitinqomaniyadan qurtula bilməyib özünü primitivlik çərçivəsində saxladığı üçün gerçək Milli Şuraya dönə bilməyən "Milli Şura", xüsusilə də bu efemer qrupun "lider"i Cəmil Həsənli iddia edir ki, Azərbacanın bütün demokratik, sağlam qüvvələrini birləşdirirlər.

Absurddur. Gərçi hansısa təşkilat özünü "Milli Şura" adlandırırsa, o mütləq şəkildə cəmiyyətin istisnasız olaraq bütün tabanlarının nümayəndələrini, bütün (!) siyasi qüvvələrin təmsilçilərini birləşdirməlidir. Cəmil Həsənlinin bayram marioneti kimi irəli verildiyi qurumda isə yalnız müxalifətin aqressiv, radikal düşərgəsinin mənsubları var.

Loyal, bitərəf və ya narazı elektroratı təşkil edən vətəndaşları qoyaq bir kənara: "Milli Şura"da müxalifətdəki praqmat insanlar belə, yer almayıblar.

AXCP və "Milli Şura"nın fəaliyyəti müxalifətin gücü yox, zəifliyidir.

Əli Kərimliyə gəldikdə isə, bu insanın fantaziyası hədd tanımadığından onun "Üzüklər hökmdarı" və ya "Zaman təkəri" tipli fentezi saqalarındakı obrazlar təki, "Mordor" və ya "Şayot Loqot"la guya mübarizə apardığını deməsi də ikrah doğurur.

Bu adam sürəkli olaraq tərəfdarlarına "sehirli artefakt"lar vəd edir, hər vədi də fiasko ilə sonuclanır.

Sovet dönəmində mərkəzi televiziyada "Nağılların qonaqlığı" adlı uşaq verilişi vardı. Məşhur diktor Valentina Andreyevanın aparıcılıq etdiyi həmin proqramın ən tanınan personajı "Nağıl danışan nənə" idi.

Miylonlarla sovet uşağının "Valya xala" adlandırdığı aparıcı növbəti kinolenti və ya animasiya filmini təqdim edəndən sonra "Nağıl danışan nənə" nağıla başlar, sonra filmə "start" verilərdi.

ABŞ-a sığınmış Sevinc Osmanqızı da YouTube kanalında həmin "Nağıl danışan nənə" funksiyasını yerinə yetirməyə çalışır, səsinin tembrini bəhs etdiyi mövzudan asılı olaraq dəyişir, mitinqlərdən bəhs edəndə vəcd notlarını bol edir, "hakimiyyətin əzab verdiyi xalq"dan danışanda faciəvi çalarları seçir.

Son dönəmlərdə siyasətçilik iddiasına düşmüş bu xanımın "ozan" verballığının qəhrəmanları arasında Tofiq Yaqublu kimi siyasətə atılıb siyasətin atdığı fiqurlarla yanaşı, Əli Kərimli xüsusi yer tutur.

O kəs ki, Azərbaycan siyasətinin muzey anbarında tozlanmış maneken olmasına rəğmən, Pinokkio təki özünü canlı bilir və Karlo Atanın yanından qaçaraq Karabas-Barabasın kukla teatrında yer alır.

Di gəl, Pinokkiodan fərqli olaraq, Əli Kərimli marionet olmağa həvəslə razılaşıb.

Onun son müsahibələri isə, ümumiyyətlə, paralel kainatdan gələn səslərə bənzəyir.

Məsələn, AXCP lideri buyurur ki, sən demə, Azərbaycan hakimiyyətinin son qərarları, fərmanlar, sərəncamlar, vətəndaşların rifah halının yüksəlməsinə və sosial sahədə islahatlara yönəlmiş bütün (!) addımlar yanvarın 19-da "Məhsul" stadionunda keçirilmiş "möhtəşəm" mitinqdən sonra "iqtidarın qorxuya düşməsinin nəticəsi" imiş.

Bəla ondadır ki, Əli Kərimli bu marazmı sürəkli təkrarlayır, Avropa ölkələrindəki "müstəqil bloqer"lər də Sevinc Osmanqızı və digər siyasət luzerləri ilə səs-səs verərək AXCP liderini az qala Pasxa atasındakı bütə çevirirlər.

Halbuki bu insanlar doğrudanmı inanırlar ki, Bakının Yasamal rayonuna toplaşan 2-3 min adam və ya Əli Kərimli-Cəmil Həsənli duetinin yalanlarına inansaq, lap 100 min adamın əməli iqtidarı "qorxuda" bilər?

AXCP, "Milli Şura", "Müsavat", REAL və ilaxır təki acınacaqlı yığnaq gerçəkdənmi Azərbaycan hakimiyyətini təşvişə sala bilər?!

Bu, irrealıq, xülya, sərsəm təsəvvürdür.

Reallıq isə odur ki, İlham Əliyev Azərbaycan prezidenti seçiləndən bəri daxildən və xaricdən qaynaqlanan çoxsaylı çağırışlarla qarşılaşıb, bir dəfə də geri çəkilməyib. O, heç vaxt ani dividentləri və ya siyasi konykturanı düşünməyib - Əli Kərimli kimi siyasətə parodiyalardan fərqli olaraq.

Dünyanın qüdrətli dövlətlərinin aşkar pressinqi, güc mərkəzlərinin təzyiq cəhdləri qarşısında mövqelərindən bir addım da geri çəkilməyən İlham Əliyevin, gerçəkdən də, "Məhsul" stadionuna yığışan marginal siyasət fiqurlarını siyasətçi qismində qəbul etdiyini düşünür Əli Kərimli?

Siyasi texnologiyaların ibtidai qanunlarına görə, "Məhsul" stadionundakı mitinqlər 1993-cü ildən bəri iflic vəziyyətində olan müxalifəti aktivləşdirməli, ölkədə geniş etiraz dalğası yaratmalı idi.

Di gəl, 9 müxalifət partiyası "Məhsul"a yığdıqları insanların sayını dəfələrlə artırmaqla "hakimiyyət qorxdu" deyirlər. Bu, siyasi iflas deyilsə, nədir?

Əli Kərimlini anlamaq olar. Onillərdən bəri davam edən komatoz durumdan fərqli olaraq, yanvarın 19-da o, qarşısında yüzlərlə insan görürdü. Və adətinə xilaf çıxmayan Əli Kərimli vəz verməyə başlamışdı. Vəz də həmişəki kəlmələrlə dolu idi - "istefa", "azadlıq", "korrupsiya", "artıq yetər" və s.

AXCP sədri son dəfə belə ekstatik vəziyyətdə 1999-cu ildə "Motodrom"dakı mitinqlərdə idi.

Şizoidal illüziyalara qapılmış "lider"lərə inananlarsa anarxiya və xaos daşıyıcılarının vədlərini dinləyir, onların vasitəsilə nəyisə dəyişəcəklərini düşünürlər.

Necə ki, Əli Kərimli və Cəmil Həsənli "Milli Şura"nın fəxri sədri Rüstəm İbrahimbəyovun Bakıya gəlməyəcəyini düşünürdü. Fəqət, İbrahimbəyov gəldi, "Şirvanşahlar" restoranında ziyafət verib 80 illik yubileyini qeyd etdi, məclisə də "Milli Şura" funksioneri qismində kimsəni çağırmadı.

Ümumiyyətlə, o, Bakıda olanda Kərimli və Həsənli ilə görüşmədi.

Arxaik, ictimai marağın kandarında qalanların taleyi belədir.

Bu kəslər xaricdən maliyyələşdiklərini, Azərbaycandan kənarda olanların göstiəriş və əmrləri ilə davrandıqlarını var qüvvələri ilə təkzib etsələr də, yalan cidasını YouTube ilə Facebook-dakı ikiüzlü çıxışların çuvalında gizlətmək mümkün deyil.

AXCP sədri Əli Kərimlinin ölkədə sürəkli mitinqlər təşkil etmək və keçirmək üçün yetərincə maliyyə vəsaiti var. Sıravi "cəbhəçi"lər bunu bilmir, "lider"lərinin vaysınmalarına hələ də inanırlar.

Əli Kərimli isə o pullar vasitəsilə ölkədəki situasiyanı çalxalamaq, kritik həddə çatdırmaq, sonra da hakimiyyətə gəlmək niyyətindədir.

Onun planlarında hazırda maddi durumu heç yaxşı olmayan, amma qəpik-quruş müqabilində adı çoxsaylı "təşkilat"lardan birində keçən "sıravi müxalifətçi"lərdən maksimum istifadə var. Həmin kəslərdən ki, qol çəkib aldıqları cüzi məbləğlərin, əslində, sənədlərdə böyük vəsait qismində göstərilməsindən bixəbərdirlər.

Həmin "cəbhəçi"lər kağız üzərində olan şirkətlər vasitəsilə Əli Kərimlinin və yaxın ətrafının MDB-nin çeşidli ölkələrindən, xüsusilə də Rusiyadan "ianə" kimi nə qədər pul aldıqlarını bilirmi? Çətin.

AXCP sədrini də fasiləsiz reklam edən media strukturları birmənalı olaraq ABŞ, Britaniya, Almaniya və digər Qərb ölkələrindəki fondlarla yanaşı, həmin ölkələrin dövlət büdcəsindən maliyyələşir.

"Hakimiyyət Azərbaycan mediasını satın alıb" deyən Əli Kərimlini "lider" kimi göstərən həmin media strukturları, YouTube kanalları və sosial şəbəkələrdəki profillər də satın alınıbsa, Əli Kərimli nə üçün həmin qurumlara, şəxslərə istinad edir, onların vasitəsilə tirajlanır və onları da hakimiyyətə qarşı "mübarizə"də istifadə edərək tirajlayır?

Heç şübhəsiz ki, Azərbaycan müxalifətində konstruktiv qüvvələr də yer alıb, destruktiv qüvvələr də; bir zamanlar özlərini "milli demokrat" adlandıran, amma sonradan Avropa Liberal Demokrat İttifaqına qatılmaq naminə dəyərlərini dəyişən sağçılar da var, özlərinə gah şimalda, gah da cənubda himayədar axtaran solçular da; dünyəvi konstitusion quruluşu əsl dövlətçilik istehkamı olaraq qorumağa hazır olan sekulyarlar da məlumdur, bu quruluşu istiqlalımız qarışıq öpdükləri əlin fitvasına təslim etməyə hazır olan klerikallar da. Sosial bazasını, ictimai dəstəyini Azərbaycan xalqı arasında axtaran və siyasi perspektivini milli iradəyə bağlayan qüvvələrin də şahidi olmuşuq.

Amma ölkənin taleyi xarici paytaxtlardakı qaranlıq kulislərdə qəbul ediləcək hansısa qərarların öhdəsinə buraxılmayıb, buraxılmayacaq da.

Bunu AXCP sədri Əli Kərimli çox gec olsa da, anlamalı, ya da anlamağa çalışmalılıdır.

Naftalin qoxulu siyasətçilərin iddiaları böyük ola bilər - amma onlar, gerçəkdən də, çox cılızdır.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.