Siyasət

Türkiyənin naziri erməniləri sevindirdi: Zeybekçi danışdı, amma...

22 Avqust 2017 17:50
9 Şərh     Baxış: 6 588

"Doğrudur, Rusiya rublu indi azad konvertasiya olunmayan, üstəlik, dəyəri sürətlə dəyişən valyutadır. Lakin Rusiya ilə ikitərəfli ticari əlaqələrdə rubldan istifadə edirik. Rusiyadan gələn turistlər rublla ödənişlər etsəydilər, əla olardı. İndi bunu reallaşdırmaq üçün mexanizmləri formalaşdırmağa çalışırıq".

Bu sözlər Belarus, Qırğızıstan, Ermənistan və ya Moldovanın hakimiyyətini təmsil edən şəxsə mənsub deyil. Olsaydı, təəccüblü bir məqam sayılmazdı, çünki sadalanan ölkələrin iqtisadiyyatları Rusiyadan faktiki asılı vəziyyətdədir və Moskva da bu ölkələrdə iqtisadi-ticari münasibətlərdə "birqapılı oyun" taktikasından yararlanır.

Rusiya ilə ticari əlaqələrdə rubla keçidin effektiv addım olacağını vurğulayan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçidir.

O, Daily Sabah qəzetinə müsahibə verib. Müsahibədə N.Zeybekçi Türkiyənin mövcud iqtisadi durumundan, orta və uzaq perspektivdəki planlarından, habelə Avropa Birliyi və Rusiya ilə münasibətlərindən bəhs edib.

Müsahibədə "maraqlı", daha doğrusu, Türkiyənin MDB ölkələri, xüsusilə də Rusiya və Ermənistan ilə münasibətlərində kəskin viraj kimi dəyərləndirilə biləcək açıqlamalar var.

"Vladimir Putinin Türkiyəyə son səfərində Rusiyanın iqtisadiyyat naziri ilə ölkələrimiz arasında azad ticari zonanın yaradılması barədə çərçivə sazişi imzaladıq. Həmin sənədin reallaşdırılması ilə bağlı məsələlərə ən yaxın vaxtlarda qayıdacağıq", - N.Zeybekçi söyləyib.

Onun sözlərinə görə, azad ticari zonanın (ATZ) fəaliyyəti ilkin dönəmlərdə xidmət və investisiya sahələrində aktivləşəcək. Daha sonra zonaya sənaye, habelə kənd təsərrüfatı daxil ediləcək.

N.Zeybekçi Türkiyənin Avrasiya İqtisadi Birliyinə (AİB) qatılacağını da vurğulayıb: "Bu struktura qoşulmaq Avropa Birliyinə üzv olmaq təki bizim üçün prioritet məsələdir".

Daha sonra isə o, Türkiyənin Avrasiya Gömrük İttifaqına (AGİ) də üzv olmaq istədiyini bəyan edib. Nazirin dediyinə görə, bu addım Türkiyənin Avropa Birliyinə üzv olmaq istiqamətində yürütdüyü siyasətə xətər toxunmadan gerçəkləşdiriləcək.

N.Zeybəkçi AGİ-yə Rusiya ilə yanaşı, Belarus, Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Ermənistanın da üzv olduğunu söyləyib.

Ermənilər dərhal faydalandılar

Dağlıq Qarabağ münaqişəsi həll olmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün göstərilən təşəbbüslərin səmərə vermədiyi indiyədək dəfələrlə müşahidə edilib.

Bəlli ki, 2009-cu ildə imzalanmış Türkiyə- Ermənistan protokollarının icra edilməməsinin iki əsas səbəbi var idi: Azərbaycan və Türkiyə ictimaiyyətlərinin reaksiyaları.

Protokolların imzalanma səbəbləri də bəlli idi-Türkiyənin Avropa birliyinə üzv kimi qəbul edilməsi yolunda rəsmən açıqlanmayan əsas şərtlərdən biri Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin açılması idi.

2009-cu il mayın 13-də o zaman Türkiyə baş naziri olan Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Milli Məclisdəki çıxışında verdiyi bəyanat mövcud şərtlər altında- Dağlıq Qarabağda işğal bitmədən Türkiyə-Ermənistan sərhədlərin açılmayacağanı göstərdi.Türkiyənin digər rəsmi şəxsləri də dəfələrlə Dağlıq Qarabağda işğal bitmədən sərhədlərin açılmayacağını bəyan ediblər.

Nihat Zeybekçi ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə anlaşma imzalamaq niyyətində olduğunu deyib. O bildirib ki, Ankara AİB-lə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb.

AİB-də işğalçı Ermənistan da təmsil olunduğundan N.Zeybekçinin açıqlaması Ermənistanla sərhədlərin açılması üçün yeni təşəbbüslərə cəhd təki də dəyərləndirilə bilər.

Artıq Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, AİB ilə anlaşma imzalamaq üçün qurumun İrəvanın razılığına ehtiyac var. Erməni mediası isə iddia edir ki, rəsmi İrəvan Türkiyə qarşısında sərhədlərin ön şərt qoyulmadan açılmasını irəli sürə bilər.

Lakin unutmaq olmaz ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlı olması yalnız Azərbaycanla əlaqədar deyil. Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Hətta Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarında Türkiyə-Ermənistan prortokollarının Ermənistanın müstəqillik bəyannaməsinin və konstitusiyasının əlaqədar (Türkiyəyə ərazi iddiası irəli sürən) maddələrinə zidd şərh olunmayacağı qeyd olunurdu. Bu o deməkdir ki, Türkiyənin Ermənistana hansı güzəştə getməsindən asılı olmayaraq ermənilər nə "soyqırım"ın tanınması, nə təzminat almaq, nə də ərazi iddialrınadan geri durmur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya həftə sonu gerçəkləşdirəcəyi səfərin Azərbaycan-Türkiyə münasibətlərinə yeni təkan verəcəyi şübhəsizdir.

Geosiyasi maraqların fövqündə olan Azərbaycan-Türkiyə münasibətlərin xarakterini yalnız iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olması müəyyən etmir, xalqlarımızı ortaq din, mədəniyyət, dil və əsassız iddialara qarşı müştərək mübarizə tarixi birləşdirir.

26 ölkəyə səfər çox pis başladı

Məhz belə, çünki Nihat Zeybekçi Daily Sabah qəzetinə verdiyi müsahibəsində Rusiya ilə ticari əlaqələrin qurulmasının aktivləşdirilməsinə ehtiyac duyulmasını dəfələrlə işarə vurmaqla həm də Ankara və İrəvan arasındakı münasibətlərə, daha doğrusu, münasibətsizlik durumuna yenidən baxılacağına işarə vurub.

Təbii, cənab nazir bu gün, sabah və ya yaxın vaxtlarda Daily Sabah-ın əməkdaşı Ali Ünalla söhbətində belə açıqlamalar vermədiyini, jurnalistin onun sözlərini təhrif etdiyini söyləyə bilər.

Nədən ki, Nihat Zeybekçinin müsahibəsində dedikləri Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin mövcud durumuna ağır zərbə cəhdi də sayıla bilər.

Türkiyənin xarici ticarət dövriyyəsinin artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi, habelə idxal seqmentində zəruri dəyişikliklərə start verilməsi ilə bağlı 26 ölkəyə turneyə çıxdığını vurğulayan nazir deyəsən, səfərə çox pis başladı.

Qardaş ölkənin iqtisadiyyat naziri ixaracat həcmini artırmaq, ölkədəki kiçik və orta müəssisələr üçün yeni stimullar yaratmaq məqsədilə yeni fəaliyyət proqramının hazırlandığını deyib.

Onu da bildirib ki, iyulun 15-dək FETÖ terror təşkilatının hərbi çevriliş cəhdinin qarşısının alınmasından sonra Türkiyə dünyanın ən inkişaf etmiş, mütərəqqi dövlətlərindən birinə çevrilib.

Doğrudur, amma...

Nihat Zeybekçi gerçəkdənmi Azərbaycan və Türkiyə arasındakı münasibətlərin "Bir millət, iki dövlət" prinsipinə əsaslandığını, rəsmi Bakının xarici siyasətində, habelə iqtisadi-maliyyə taktikasında və xüsusilə də ixrac-idxal strategiyasında Türkiyənin maraqlarını aprior olaraq üstün tutduğunu, qardaş ölkənin mənafeyini ani gəlirlərə qurban vermədiyini unudub?!

Bəlkə cənab nazir dövlətlərimiz, ən başlıcası isə xalqlarımız arasındakı əlaqələrin mövcud durumunu və sürətli inkişaf potensialını cüzi, qulaqardına vurulası, Rusiya ilə münasibətlərin normallaşdırılması cəhdləri fonunda Ermənistanla kuluar danışıqlara, gizli sövdələşmələrə getməyə sədd olmayacaq ünsürlər hesab edir?!

Belədirsə, dərindən yanılır və çox ciddi səhvə yol verir.

Əvvəla, Türkiyənin Avropa Birliyinə üzv olması, Avropa bazarlarına tam inteqrasiya olması üçün rəsmi Ankara birmənalı olaraq Rusiya ilə məsafəli münasibətlərdə olmalıdır. Strasburq və Brüsselin rus-türk əlaqələrinin sürətli inkişafını laqeyd seyrçi pozasında müşahidə edəcəklərini düşünmək belə, sadəlövhlükdür.

Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi və bu sanksiyaları zaman keçdikcə daha da sərtləşdirdiyi, ABŞ-Avropa Birliyi tandemi ilə Moskva arasındakı geosiyasi ziddiyyətlərin az qala "soyuq müharibə" həddinə çatdığı bir dönəmdə Rusiyanın postsovet məkanı ölkələrinə effektiv təsir rıçaqları qismində yaratdığı Avrasiya İqtisadi Birliyi (AİB) və Avrasiya Gömrük İttifaqı (AGİ)  təki strukturlara affilə olunmamış üzv, müşahidəçi statuslu dövlət qismində qatılması belə, Qərbi hədsiz qıcıqlandıracaq.

Bu, məsələnin ilk mərhələsidir.

İkinci mərhələ isə adı çəkilən strukturlarda Türkiyənin aktiv iştirakının Ankara-Bakı münasibətlərinə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə təsiridir.

Həmin təsirin mənfi olacağı birmənalıdır, şübhəsidir.

2009-cu ilin noyabrın 28-də yaradılmış Avrasiya Gömrük İttifaqında hazırda Rusiya (2010-cu ilin iyulun 1-dən), Qazazıstan (2010-cu ilin iyulun 1-dən), Belarus (2010-cu ilin iyulun 6-dan), Ermənistan (2014-cü ilin oktyabrın 10-dan) və Qırğızıstan (2015-ci ilin mayın 8-dən) təmsil olunublar.

Bu struktura Suriya və Tunis də qatılmaq istədiklərini bəyan ediblər. Lakin həmin bəyanatlardan 2 il keçsə də, nə Suriya, nə də Tunis real addımlar atmayıblar. Səbəb trivialdır: həmin ölkələr AGİ-nin reallıqda nələr "vəd" etdiyinin fərqindədirlər.

Avrasiya İqtisadi Birliyində olduğu kimi, Avrasiya Gömrük İttifaqında da hədsiz problemlər var.

AİB və AGİ üzvləri oan dövlətlər arasında idxal-ixrac əməliyyatlarının şərtlərinin razılaşdırılması və malların sertifikatlaşdırılması bərbad vəziyyətdədir. Daha doğrusu, Rusiyanın Belarusla Qazaxıstana şərtlər diqtə etməsi, təşkilatın gəlirlərinin əksər hissəsini Moskvanın "özününküləşdirməsi" və s. məsələlər ciddi narazılıqlara səbəb olub.

Çoxsaylı araşdırmalar və obyektiv dəyərləndirmələr göstərir ki, AİB ilə AGİ potensial üzv dövlətlər bir yana, strukturlarda indi təmsil olunmuş ölkələr üçün sərfəli layihə deyil.

Bu təşkilatların məğzində ideologiya durur, yəni Rusiya postsovet məkanında öz geosiyasi ambisiyalarını tam təmin etməyə çalışır.

AİB və AGİ süni doğulmuş, yaşam qabiliyyəti hədsiz zəif olan siyasi strukturlardır. Sözügedən qurumlar real birlik və ya ittifaq yox, Rusiyanın daxili siyasətinə hesablanmış ideoloji oyuncaqlardır.

AİB və AGİ-nin indiyədək yaşamalarının tək səbəbi Rusiyanın bu strukturların fəaliyyətini maliyyələşdirməsi, Moskvanın sponsor rolunda çıxış etməsidir.

Naqolay işarə

Nihat Zeybekçi AİB və AGİ-yə Türkiyənin üzv olması ilə bağlı "dəyərli fikir"lərini bölüşəndə unutduğu, daha doğrusu, unutduğunu göstərməyə çalışdığı son məqam isə sərhəd məsələsidir.

Bəli, məhz Türkiyə və Ermənistan arasında qapalı olan sərhəd məsələsi.

Sərhədin sadəcə, Dağlıq Qarabağ münaqişəsinə görə Ankara tərəfdən qapandığını deyənlər qondarma "erməni soyqırımı" problematikasını görməzdən gəlirlər.

Halbuki rəsmi Ankara onillər əvvəl bəyan edib ki, ermənilər və Ermənistan bu qondarma, uydurma məsələ ilə bağlı həyasız iddialarından əl çəkmədikcə sərhəd açılmayacaq.

Türkiyənin AGİ və ya AİB-ə, yaxud da hər iki struktura qatılmasısa Ermənistanla sərhədin açılmasının qaçılmazlığı deməkdir, çünki həmin təşkilata üzv olan iki dövlət arasında sərhədlərin bağlı olması absurd, paradoks, hətta nonsens sayılacaq və Moskva da illərdən bəri ayaq üstündə tutduğu, çoxsaylı dopinqlər hesabına ölməyə qoymadığı təşkilatların lağlağı obyektinə çevrilməsinə imkan verməyəcək.

Axı Türkiyə ilə Ermənistan arasında sərhəd qapalı olarsa, azad ticarətdən, gömrük güzəştlərindən, ixaracatla idxalatın diversifikasiyası ilə intensivləşməsi zərurətindən bəhs etmək sadəcə, boşboğazlıq sayılacaq.

Sadaladığımız səbəbdərdən cənab Nihat Zeybəkçinin açıqlamalarının ani emosionallıq sonucu olduğunu, Türkiyənin AGİ və AİB illüziyalarına qapılaraq Azərbaycanla münasibətlərə zərbə vura biləcək hər hansı addım atmayacağını düşünmək istərdik.

Ona da əminik ki, Türkiyənin iqtisadiyyat nazirinin dedikləri heç bir halda Türkiyənin mövqeyi deyil.

N.Zeybekçi də bunu bilməlidir.

Əks halda o, işğalçı, Azərbaycana qarşı terror siyasəti yürüdən Ermənistana qucaq açmış nazir kimi tanına bilər...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.