"Azərbaycan BMT qətnamələrini əsgərinin rəşadəti hesabına özü yerinə yetirir"

22 Oktyabr 2020 17:15

"Ermənistan sülhə hazır deyil".

Bunu Milli.Az-a açıqlamasında geosiyasət və konfliktologiya üzrə ekspert Ramiz Sevdimalıyev deyib.

Ekspert bildirib ki, Ermənistan məsələnin sülh yolu ilə həllinin tərəfdarı deyil:

"Onlar həmişə hesab ediblər ki, böyük dövlətlər onları dəstəkləməlidirlər, o ərazilər Ermənistanın nəzarətində qalaraq Ermənistan torpağı olmalıdır və bunun üçün Ermənistan vaxt udaraq status-kvonu saxlamağa çalışıb. Əks-hücum əməliyyatları başlayandan bəri Ermənistanın siyasi və hərbi rəhbərliyi gündə beş fikir söyləyir. Onların planı axıra qədər vuruşmaqdır. Hamını çaşdırmağa çalışırlar, təxribatlar törədirlər. İki dəfə humanitar məqsədlə atəşkəs haqqında razılıq əldə olundu, onu pozdular. Paşinyan bir tərəfdən dünya ermənilərini çağırır ki, müharibə etmək lazımdır, son nəfərə qədər vuruşmaq lazımdır, digər tərəfdən XİN rəhbəri Mnatsakanyan "danışıqlara hazırıq" bəyanatı ilə çıxış edir. Bunların konkret planı yoxdur, ya bunlar konkret olaraq belə bir ağır vəziyyətə düşdükləri halda belə sülh yolu ilə məsələnin həllinin tərəfdarı deyillər". 

R.Sevdimalıyev onu da qeyd edib ki, gecə-gündüz Ermənistana təyyarələrlə dünyanın müxtəlif ölkələrindən qeyri-leqal formada silahlar daşınır:

"Sabah XİN rəhbəri Ceyhun Bayramovun ABŞ səfərinə gəlincə, ABŞ Minsk Qrupunun həmsədr ölkələrindən biri olub. Dünyanın super dövlətidir. Sözsüz ki, ABŞ çox gözəl bilir ki, Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisidir. ABŞ hesab edir ki, sülh yolu ilə də olsa, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu barədə ABŞ-ın NATO-dakı səfiri də fikrini bildiribdir. Amma əfsuslar olsun ki, erməni tərəfi buna hazır deyil, istəmir. Birmənalı şəkildə maksimalist mövqedən çıxış edərək Azərbaycan ərazisi olan Dağlıq Qarabağı ilhaq etməyə çalışır. Yalandan təxribatçı bəyanatlarla çıxış edirlər, biri sülh istəyir, biri müharibəyə çağırış edir. Digər tərəfdən biz dünyada baş verənləri də görürük. Gecə-gündüz Ermənistana təyyarələrlə dünyanın müxtəlif ölkələrindən qeyri-leqal formada müxtəlif silahlar daşınır. Dünyanın müxtəlif ölkələrindən Ermənistanın təyyarələri müxtəlif ölkələrin vətəndaşları olan, başqa ölkələrdə yaşayan erməni əsilli olan, olmayan insanları Qarabağa, müharibəyə gətirirlər. Bu ondan xəbər verir ki, Ermənistanın ümumiyyətlə siyasi rəhbərliyi özləri səsləndirdiyi fikirlərdən asılı olmayaraq müharibə variantını seçirlər. Yəni ki, Ermənistan məsələnin dinc yolla həllinin tərəfdarı deyil, birbaşa müharibə variantını seçir. Bu isə onları uçuruma aparır".

"Hamı başa düşür ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Təəssüf ki, 30 il ərzində beynəlxalq səviyyədə aparılan danışıqlar bəhrə vermədi. Bunun da müəyyən mənada məsuliyyəti Minsk Qrupunun həmsədrlərinin üzərinə düşür. Digər tərəfdən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, BMT Təhlükəsizlik Şurasında Azərbaycanın işğal olunmuş ərazilərinin işğalı haqqında qərar qəbul olunsa da, Ermənistan dinc yolla razı olmasa o ərazilərin azad olunma mexanizmləri göstərilməmişdi. Bu gün faktiki olaraq Azərbaycan o mexanizmləri öz əsgərinin rəşadəti sayəsində özü yerinə yetirir və öz torpaqlarını işğaldan azad edir", - Ramiz Sevdimalıyev deyib.

Təhməz Əsədov
Milli.Az