"2 + 2" yenə də "1 + 1" edir - Qarabağ danışıqlarında ermənilərin dolama yolu

13 Mart 2019 11:25

Qarabağ danışıqları onun üçün yükdür.

Milli.Az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın "Təhlükəsizliklər Şuralarının" Xankəndidə birgə keçirdiyi iclasdakı çıxışından qəldiyi qənaəti açıqlayıb.

Onun sözlərinə görə, birincisi, Paşinyan Azərbaycan prezidenti ilə görüşdən imtina etmir, ancaq hər dəfəsində "separatçıların təmsilçisi də danışıqlarda iştirak etməlidir, çünki mən onların yerinə qərar verə bilmərəm" yanaşmasını ortaya qoyacaq. Bu isə istənilən danışığın və görüşün bəri başdan nəticəsiz qalacağına işarədir:

"İkincisi, Paşinyan həmsədrlərin son bəyanatına bu şəkildə reaksiya bildirib ki, o, açıqlanan prinsiplərin əleyhinə deyil, ancaq həll planındakı ardıcılıq müzakirə olunmalıdır. Başqa sözlə, Paşinyan eks-prezidentlər Köçəryan və Sarqsyanın dediyini təkrarlayır: "Mərhələli həll planında xalqların öz müqədərratını müəyyənləşdirən referendumun tarixi dəqiq göstərilsin, digər addımları ata bilərik (oxu: Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldarıq)".

Paşinyanın "göydən yerə enmək" vaxtı çatıb - Ona bəzi şeyləri başa salmaq lazımdır

Politoloqun fikrincə, Paşinyanın məqsədi danışıqları arxa plana keçirmək, vaxtı uzatmaqdır: "Paşinyan çıxışında maraqlı fikir səsləndirib: "Mən Azərbaycan prezidenti ilə yanaşı Azərbaycan xalqı ilə də dialoqa hazıram. Çünki əminəm ki, ermənilər kimi azərbaycanlılar da sülhpərvərdirlər". Bu, ikibaşlı ifadədir. Azərbaycan xalqını prezident təmsil edir. Bir ölkənin prezidenti başqa bir ölkənin xalqı ilə dialoq aparmır, xalqın təmsilçisi ilə müzakirələr aparır. Böyük ehtimalla Paşinyan bu qeyri-müəyyən cümləsi ilə gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı icmasının da hansısa formada danışıqlarda iştirakını istisna etmir. Ancaq Paşinyan bunu o halda mümkün sayır ki, separatçıların təmsilçisi də danışıqlarda iştirak etsin. Yəni Paşinyan yeni model təklif edir: "Separatçılar danışıqlarda iştirak etsinlər, daha sonra bu prosesə Dağlıq Qarabağ azərbaycanlıları da qatıla bilər". Belə bir format alınır: "2 + 2". Ancaq "2 + 2" yenə də "1 + 1" edir. Çünki Paşinyan Dağlıq Qarabağın erməni icmasını, İlham Əliyev isə Azərbaycanın simasında Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edir.

Bütün hallarda Paşinyanın münaqişənin həlli ilə deyil, danışıqlar formatının dəyişməsi ilə məşğul olması vaxtın - status-kvonun uzanmasından başqa bir şey deyil. Paşinyan "separatçılar da danışıqlara qatılsın" fikri ilə manipulyasiya edir, iqtisadi və sosial sahədə verdiyi vədlərin yerinə yetirə bilməyəcəyinə və ilin ortalarında ciddi problemlərlə üzləşəcəyinə görə Qarabağ danışıqlarını arxa plana keçirmək istəyir. Qarabağ danışıqları onun üçün yükdür".

İlkin İzzət
Milli.Az