Prezident İlham Əliyevin bu sözləri təkcə gənclər üçün deyildi

5 Fevral 2019 14:21

Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biri də gənclər siyasətidir. Azərbaycanda gənclərin inkişafına xüsusi önəm verilir və onların ölkə həyatının bütün sahələrində önə çıxmaları üçün geniş imkanlar yaradılır. Şübhəsiz ki, bunun da qarşılığında dövlətin gənclərdən gözləntiləri var. Bu isə, ilk növbədə, gənclərimizin milli maraqlarımız və hədəflərimizlə bağlı məsələlərdə mübariz, prinsipial olmaları, əsl xarakter sahibi kimi yetişmələri, yüksək biliklərə, müasir dünyagörüşünə yiyələnmələri və eyni zamanda Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sadiq qalmalarıdır.

Bu barədə Milli.Az-a açıqlamasında tanınmış jurnalist və siyasi analitik, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.  

Prezident İlham Əliyevin fikirləri Azərbaycan gəncliyinin mənəvi kodeksi kimi qiymətləndirilməlidir

Onun fikrincə, Prezident İlham Əliyev 2 Fevral - Gənclər Günü gənclərlə görüşünkəki çıxışında da hər zaman olduğu kimi məhz bu istiqamətlərə diqqət çəkdi, gəncləri təhsilə böyük önəm verməyə çağırdı: "Azərbaycan Prezidenti qeyd etdi ki, bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Bu baxımdan da bir millət, bir xalq olaraq identikliyimizi qorumağın yeganə yolu dəyərlərimizə sahib çıxmağımız, onları qorumağımızdır.

"Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər". Düşünürəm ki, Prezident İlham Əliyevin bu sözləri təkcə bu günün gəncləri üçün deyil, bütövlükdə Azərbaycan vətəndaşının formalaşması prosesinin bütün iştirakçıları - ailələr, orta və ali təhsil müəsisələri üçün çox ciddi bir ismarıcdır".

Rusiyada erməni vətəndaşları ilə bağlı bu faktları bilmirlər? - Tanınmış analitikdən maraqlı şərh

E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan dövlətinin hədəfi milli-mənəvi dəyərlərin daşıyıcısı olan, yüksək intellektə, peşəkarlığa malik, cəsarətli, qətiyyətli, dövlətini sevən vətəndaşlardan ibarət bir cəmiyyətin formalaşmasıdır: "Qoy yüksək intellekti və mədəniyyəti kosmopolitizm kimi qələmə verənlər, dilimizə, mədəniyyətimizə, milli dünyagörüşümüzə kəc baxanlar bu ismarıcdan ciddi nəticə çıxarsınlar. Birdəfəlik anlasınlar ki, Azərbaycan dili dünyanın ən gözəl dillərindən, Azərbaycan mədəniyyəti dünyanın ən yüksək mədəniyyətlərindən biridir. Biz dünyaya mədəniyyət gətirən bir millətin övladlarıyıq. Dilimizlə, mədəniyyətimizlə, tariximizlə fəxr etməliyik".

İlkin İzzət
Milli.Az