Ol! - Rövşən Abdullaoğlu yazır

30 Yanvar 2019 17:24

Milli.Az tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlunun "Başlanğıcda söz var idi"  silsiləsindən "Ol!" məqaləsini təqdim edir:

(İkinci yazı)

- İlk Söz nə olub?

- Ol!

- İlk nə olub?

- Qələm.

- Sözlə qələmi yaratdı. Söz hər şeydən əvvəl olub. Bəs ikinci söz nə olub?

- Tanrı əzəli sükutunu yalnız bir dəfə, bir sözlə pozub.

- Niyə məhz Qələm?

- Tanrı Qiyamətə qədər bütün olanları mürəkkəb halına saldı. Qələmdən başqa heç bir varlığın onu içinə çəkmək qüdrəti olmadı.

- Qələmlə kim yazır?

- İnsan.

Ədəbiyyatda sofizm

- Qələmdən sonra insan yarandı?

- Qələm elə insandı.

- İki nəsnə necə bir ola bilir?

- Dəniz və su kimi. İnsanın həqiqəti qələmdir, qələminki söz.

- Yazarlıq yaratmaqdır?

- Yazarlıq - var etməkdir.

- Qələm niyə yazdı?

- Mürəkkəbi gizli xəzinə idi, həqiqətlər, gözəlliklərlə dolu. İstədi, tanısınlar. Sirlərdən agah idi, istədi, faş etsin. Sonsuzluğun tənhalığından qurtulmaq üçün yaratdı. Qələm gözəlliklərin kəşfi, digərlərinin həqiqətləri görmələri, özlərini tanımaları, kamilləşmələri üçün yazdı. Zülmətləri yarıb nuru aşkar etmək, var etmək, səadət bəxş etmək, həyat vermək, ədaləti yaymaq, hər yeri rəhmətə qərq etmək üçün yazdı. O ümid verir, yol göstərir, yaşamağa sövq edir, bataqlıqda qərq olanlara nicat verir, qəflətdəkiləri oyadır. Qələm yazdı, yazdıqca da göylər, yer, adamlar - bütün canlılar, hər şey var oldu.

"İçi boş adamın dolu əsər yazmağını gözləmək dölsüz inəkdən süd sağmağa bənzəyir"

- Qələmin mürəkkəbi bitməzmi?

- Öyrətməklə müəllimin elmi azalarmı?!

- Qələm özünə görəmi yazır?

- Kölgədə əyləşmiş adamdan kölgəyə nə fayda? Qələmin xeyir bəxş etməkdən başqa hədəfi, səadət yaymaqdan başqa istəyi yoxdur.

- Qələmin ilk sahibi kimdir?

- Tanrı onu insanları doğru yola yönəltməsi üçün seçdi. Onun yazmağa başlaması bəşər tarixinin ən böyük hadisəsi oldu. O ilk yazarda bütün yazarlar üçün bir örnək var. Bütün qələmlər o ilk qələmin, bütün yazıçılar da o ilk yazıçının varisləridir. Yazarlar Xaliq və məxluq, haqq və əhli arasında vasitədirlər.

- Qələmin son sahibi kimdir?

Rövşən Abdullaoğlunun "Abaddon" romanı satışda niyə rekord vurur? - Maraqlı izah

- Qələmin son sahibi yoxdur! Yer üzü qələm sahiblərindən boş qalmayacaq, bu irsi həmişə davam etdirən olacaq. Tanrı qələm sahibləriylə əhd bağlayıb. Zülmün hər yanı bürüdüyü, insaniyyət nadanlıq qarşısında heyrət içində qaldığı zaman, onlar silahlarını əllərinə götürməli, mürəkkəbi yazıya çevirməklə qəlblərdə şölələnən kin-küdurəti söndürməli, əzilənləri yüksəltməli, ah-nalə üstündə yüksələnləri əzməlidirlər.

- Bəlkə, qələmi əlinə alan yazar bu əhdi qəbul etmir?

- Bu əhd - ana olmaq kimidir, övladın gəlişi ilə bağlanar.

- Qələmin gücü nə zamansa tükənəcəkmi?

- Mürəkkəbi tükənəndə.

- Bu sözlərin çox möhtəşəm təsiri var... Nə olduğunu bilmirəm, amma var.

- Sadəcə ürəyimdən, düşüncəmdən keçənləri dilimə gətirdim. Məni bu yola gətirən məqamları...

- O ürək bu təsirə dayanmaq üçün çox möhkəm olmalı. Mən dayana bilməzdim...

- Çox lütfkarsınız.

- Qətiyyən! Sən kimsən axı? Bunları haradan bilirsən?

- Mən... yazıçıyam.

Milli.Az