İndiyədək Ermənistan və bəzi həmsədrlər danışıqları başqa cür təqdim edib

25 Yanvar 2019 07:00

"Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan qeyri-rəsmi görüş formal olaraq Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların tərkib hissəsi olmasa da, onu bu kontekstdən çıxarmaq düzgün deyil".

Bu barədə Milli.Az-a beynəlxalq məsələlər üzrə tanınmış ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri, politoloq İlqar Vəlizadə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi görüşü şərh edərkən bildirib.

"Davosda təkcə Dağlıq Qarabağın yox, həm də Ermənistanın gələcəyi həll olunurdu"

Politoloq görüşün niyə yalnız formal olaraq danışıqların tərkib hissəsi olmasına belə açıqlıq gətirib: "Çünki adətən əvvəlcə xarici işlər nazirləri görüşüb hansısa ilkin razılıq əldə etdikdən sonra prezidentlər görüşürlər və həmin razılıq ətrafında danışıqlar aparır, ona münasibətini bildirirlər. Ona görə də Davosdakı görüş rəsmiyyətdən uzaq idi. Amma sözsüz ki, böyük ehtimalla danışıqlar prosesində toxunulan bütün mövzular bu görüşdə konkret şəkildə müzakirə olunub. Çünki bir saat yarım vaxt ərzində yalnız ümumi məsələlər barəsində danışmaq mümkün deyil. Konkret məsələlər sırasında isə ilk növbədə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin boşaldılması və məcburi köçkünlərin ora qayıtması durur. Erməniləri isə daha çox Ermənistanın deblokadası, Dağlıq Qarabağın statusu və azərbaycanlı əhalinin yurd-yuvalarına qayıtdıqdan sonra birgə yaşayacaq erməni əhalisinin təhlükəsizliyi məsələləridir".

Danışıqlardan daha konkret nəticələr gözləyirik - Dağlıq Qarabağ azərbaycanlılarının rəhbəri

İ.Vəlizadə görüşdə müzakirə olunmuş məsələlərlə bağlı digər ehtimallarını da açıqlayıb: "İndiyə kimi Ermənistan tərəfi, hərdən də bəzi həmsədrlər məsələni bizə bir qədər başqa cür təqdim ediblər. Guya bu formatda görüşlərdə ancaq təhlükəsizlik məsələsi, yəni diqqət mərkəzində cəbhə xəttində insidentlərin olmaması müzakirə olunur. Amma mənim fikrimcə, bu məsələ ikinci dərəcəlidir. Əlbəttə ki, əgər tərəflər müəyyən qarşılıqlı addımlar atırlarsa, təhlükəsizlik məsələlərini də, xüsusilə, cəbhə xəttində yaranmış sabitliyin pozulmaması barədə düşünməlidirlər. Ancaq yenə də deyirəm, bu əsas məsələ kimi götürülə bilməz.

Onu da qeyd etmək lazımdır ki, xarici işlər nazirlərinin son görüşündə cəmiyyətlərin sülhə hazırlanması niyyəti açıqlanıb. Bu nədən irəli gəlir? Gəlin məsələyə Azərbaycan prizmasından baxaq. Biz də həmişə sülhdən danışırıq. Lakin yalnız azərbaycanlılarının ermənilərlə birgə yaşamasını təmin edən sülhdən... Yəni əgər azərbaycanlılar öz torpaqlarına qayıtsa və ermənilərlə dinc şəraitdə yaşasalar, bu hər iki icmaya lazımdır. Əgər tərəflər bununla bağlı razılığa gəliblərsə, yəqin ki, o zaman Azərbaycanın da mövqeyi burada nəzərə alınıb".

BMT-nin Baş katibi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin əldə etdiyi razılaşmanı alqışlayır

Qeyd edək ki, yanvarın 22-də Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü baş tutub. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə söhbət olduğu deyilir.

Görüşdən sonra Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu görüşü bundan əvvəl Düşənbə və Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirib. Düşənbədəki görüş ötən il sentyabrın 28-i MDB sammiti çərçivəsində baş tutmuşdu və bu görüş zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminə əməl olunmasına sadiqliyini bildirib. Bu iki amil bir-biri ilə sıx əlaqəlidir və ona görə də dekabr ayında Sankt-Peterburqda keçirilmiş görüşdə də diqqət mərkəzində olub.

Xatırladaq ki, danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. Belə ki, bu ilin 16 yanvar tarixində Parisdə, 2018-ci ilin 3 dekabr tarixində isə Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub.

İlkin İzzət
Milli.Az