Güzəştli mənzillərin ədalətli satılması və ucuz olması üçün nə etməli? - Maraqlı təkliflər var

24 Yanvar 2019 11:17

"Sabah Yasamal Yaşayış Kompleksində yerləşən 174 sosial mənzil satışa çıxarılacaq. Elektron satış sabah saat 11:00-da başlayacaq və fevral 8-də eyni saatda başa çatacaq. Birinci satışda olduğu kimi bu dəfə də "ilk müraciət ilk mənzil" prinsipi tətbiq ediləcək. Sosial ev almaq üçün 10 min nəfərin qeydiyyatdan keçdiyini nəzərə alsaq, bu, o deməkdir ki, ev almaq istəyində olanların 2 faizindən azı mənzilə sahib olacaq. Bu isə o deməkdir ki, 98 faiz sosial ev axtaran mənzil seçimi edə bilməyəcək.

Təbii ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) hazır olan evləri satışa çıxarır. Bütövlükdə Yasamal Yaşayış Kompleksində 1843 ailə mənzillə təmin ediləcək. Bu isə o deməkdir ki, kompleks mövcud qeydiyyatdan keçmiş tələbin 18 faizindən bir az artdığını ödəyəcək. Sabahkı satışda mənzil sahibi olacaq ailələrlə seçim edə bilməyənlərin nisbətinə diqqət yetirsək, görərəik ki, elektron satışda iştirak edənlərin böyük əksəriyyətinin ev alması texniki baxımdan mümkün deyil. Ən azı ona görə ki, mənzillərin sayı məhduddur. Aydındır ki, MİDA Yasamalda və daha sonra Hövsanda mənzilləri mərhələləri şəkildə satışa çıxaracaq və tələb də mərhələli şəkildə ödəniləcək. Agentliyin tələbi tam və ya əsasən qısa zamanda ödəməsi texniki baxımdan mümkün də deyil".

Milli.Az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib. Bununla belə, Mərkəzin sədri hesab edir ki, satış zamanı narazılıqların olmaması və eləcə də prosesin daha da təkmilləşdirilməsi üşün 3 məsələsinin tətbiq edilməsi məqsədəuyğun olardı. 

Onun sözlərinə görə, mənzil ilk növbədə həssas sosial qruplara verilməlidir: "Əvvəllər də qeyd etdiyimiz kimi, güzəştli mənzil seçimində "first-come, first-served" prinsipli seçimi birmənali qarşılanmır. Doğrudur, belə seçim şəffaflığın təmin edilməsi üçün texniki imkanlar yaradır, kənar müdaxilələri minimumlaşdırır və əslində, uyğun Strateji Yol Xəritəsində də bu meyar qeyd edilib.

Bu, sosial ədalət prinsipinə uyğun deyil - Sosial mənzillərin verilməsi ilə bağlı yeni təklif

Bununla belə, "first-come, first-served" və ya "ilk müraciət, ilk mənzil" prinsipinin özünün qruplaşdırılması mümkündür və bu zaman ev sahibi ola bilməyənlərin arasındakı inamsızlığı aradan qaldırmaq olar. Çünki mövcud qaydalara görə, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir. Aydındır ki, bu yanaşma daha çox texniki vərdişlərlə bağlıdır. Bu baxımdan güzəştli kateqoriya prinisipi saxlanılmaqla "çevik seçim" mexanizmi çərçivəsində sosial sub-qruplaşmanın da tətbiq olunması vacibdir. Daha məqsədəuyğun olardı ki, MİDA müraciətlərin sosial strukturuna uyğun olaraq seçim meyarları müəyyənləşdirsin. Müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır. İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar (həssas qruplar) evlə təmin edilməlidir. Həssas qrupların müəyyənləşdirilməsində qanunvericilikdə boşluq olduğu halda, bununla bağlı hüquqi bazanın möhkəmləndirilməsi mümkündür.

Birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər. Xüsusən də, himayəsində azyaşlı uşaqları olan həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədə uyğundur. Çünki həmin ailələrin daha çox sosial qayğıya ehtiyacı olduğundan onların mənzil probleminin ilk növbədə həll edilməsi vacibdir.

Çoxuşaqlı, evi olmayan aztəminatlı ailələr də prioritet qrupa daxil oluna bilər. Sonrakı mərhələdə isə digər sosial qrupların güzəştli mənzillərdən istifadə imkanı verilməlidir. Bu zaman isə satışda potensial 10 min nəfər eyni vaxtda deyil, mərhələli şəkildə iştirak edəcək və bu da seçim zamanı fərqli səbəblərdən yaranan narazılığı və inamsızlığı ciddi şəkildə azaldacaq".

Güzəştli mənzillərin satışı baş tutdu - 324 mənzil seçildi - YENİLƏNİB

Mərkəzin rəhbərinin fikrincə, elə etmək olar ki, güzəştli mənzillərin qiyməti də aşağı ola bilər: "2019-cu ildə dövlət büdcəsinin xərclərinin 17 faiz artacağını nəzərə alsaq, bu istiqamətə daha çox vəsaitin ayrılması mümkündür. Belə ki, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti - 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti - 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti - 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Mənzillərin qiyməti həmin ərazidə yerləşən analoji mənzillərlə müqayisədə aşağı olsa da, sosial mənzillrin qiymətinin daha da ucuzlaşması məqsədəuyğun olardı.

Təklif edirik ki, dövlət sosial mənzillərin inşası ilə bağlı xərcin bir hissəsini öz üzərinə götürsün. Xərcin kompensasiya edilməsi nəticə etibari ilə qiymətin aşağı düşməsinə gəririb çıxardacaq. Mənzillərin xərcinin üçdə biri dövlət hesabına kompensasiya edilə bilər. Burada əvəzsiz kompensasiyadan söhbət gedir. Bu, sosial kredit üçün ödənilən aylıq ödənişlərin də qiymətinin aşağı düşməsinə səbəb olacaq. Odur ki, biz xərcin üçdə birinin dövlət tərfindən əvəzsiz olaraq qarşılanmasını təklif edirik və hesab edirik ki, bu, aztəminatlı vətəndaşların maraqları baxımından daha faydalıdır. Bu halda 1 otaqlı mənzilin qiyməti 19950 manata, 2 otaqli mənzilin qiyməti 31521 manata, 3 otaqli mənzilin qiyməti isə 43750 manatadək azalacaq. Buna uyğun olaraq aylıq ödənişlər orta hesabla 1 otaqlı mənzil üçün 87 manata, 2 otaqlı mənzil üçün 147 manata, 3 otaqli mənzil üçün isə 188 manatadək azala bilər. Bu isə aztəminatlı ailələr üçün daha məqbul hesab oluna bilər".

Nəhayət, V.Bayramovun qənaətincə, şəaffalığın təmin edilməsi üçün kommersiya sirri hesab edilən bəzi məlumatlar ictimaiyyətə açıqlanmalıdır: "MİDA tərəfindən hər elektron satışda mənzil alan şəxslərin ad və soyadları və onların hansı güzəştli qrupa aid olunması ilə bağlı siyahının mətbuat vasitəsi ilə yayımlanması və agentliyin internet səhifəsində yerləşdirilməsi məqsədəuyğun olardı. Hazırki iqtisadi islahatların hədəfi həm də şəffaflığın gücləndirilməsi olduğundan bu, sosial evlərin satışı zamanı şəffaflığın və hesabatlılığın artmasına səbəb ola bilər. Nəticədə, sosial mənzillərin satışındakı şəffaflıq və düzgünlüyə inam güclənər.

Mənzil sahibi olanlarla bağlı məlumat kommersiya sirri hesab edilməməlidir və MİDA həmin məlumatların ictimailləşdirilməsi ilə bağlı öncədən potensial alıcılarla elektron anlaşma bağlaya bilər".

"Güzəştli mənzil" almaq istəyənlərin NƏZƏRİNƏ

Bundan başqa, V.Bayramov hesab edir ki, ötən həftə "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na edilən dəyişikliklər mütərəqqidir və bu baxımdan satış mexanizminin daha da təkmilləşdirilməsi imkanları var: "Belə ki, yeniliklərdən biri "Güzəştli mənzil" sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını almasıdır. "Güzəştli mənzil" sistemində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Yəni, əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilməzsə, ilk olaraq gözləmə qaydasında həmin mənzil birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməzsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.
Digər dəyişiklik agentlik tərəfindən mənzillərin satış qiymətinə tətbiq edilən əlavə endirimlərdən yararlanmaq istəyən vətəndaşlar üçündür. Bu yeniliyə əsasən mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcəkdir. Qeyd edək ki, "güzəştli mənzil" sistemində olan bu yeniliklər 2019-cu il mayın 1-dən etibarən tətbiq ediləcək.

Beləliklə, sabah yeni sosial mənzilləri satışa çıxarılacaq. Ümid edək ki, mənzilə ciddi ehtiyacı olanlar evə sahib ola biləcəklər".

İlkin İzzət
Milli.Az