Əgər tədbir görülməsə, yüksək məbləğli əmanətçilər banklardan pullarını geri götürə bilərlər

6 Noyabr 2018 11:05

Beş ay sonra "Əmanətlərin tam sığortalanması haqqında" Qanunda əmanətlərin tam sığortalanması ilə bağlı nəzərdə tutulan müddət başa çatır. Belə ki, 2016-cı ilin martın 1-də qüvvəyə minən sözügedən qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır. Bu isə o deməkdir ki, qanuna əsasən, gələn il martın 1-dən etibarən yenidən yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq.

Milli.Az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Müflis banklardan əmanətlərini tam geri ala bilməyənlərə şad xəbər

Ekspert hesab edir ki, bu müddəti daha 3 il uzatmağa ehtiyac var: "Bu qanunun qəbulu 2016-cı ildə, neftin dünya bazar qiymətləri yüksək olmayan dövrdə banklara əmanətlərin cəlb edilməsi baxımdan vacib addım hesab edilir. Belə ki, müəyyənləşdirilmiş faiz dəhlizləri çərçivəsində əmanətlərin tam sığortlanması banklarda depozitin saxlanmasını təşviq etdi. Digər tərəfdən, müflis elan edilən banklarda qorunan əmanətlərin tam həcmdə qayatarılması da depozit yığımlarına maraq yaradır. Bu qanun o zaman qəbul edilməsəydi, əmanətlərin banklardan kütələvi çəkilməsi baş verə bilərdi.
Bu baxımdan, məbləği böyük olan əmanətlərin banklardan çəkilməməsi üçün "Əmanətlərin tam sığortalanması haqqında" Qanuna dəyişiklik edilməsi və məbləğindən asılı olmayaraq əmanətlərin tam slğortlanması müddətinin daha 3 il uzadılması məqsədəuyğundur".

İqtisadçının fikrincə, daha uyğun olardı ki, müddətin uzadılması ilə bağlı qərar 2018-ci ilin sonunadək qəbul edilsin. Çünki bu halda yüksək məbləğli əmanət sahiblərinin depozitlərinin sığortalanmayacağından narahat olub vəsiatlərini banklardan götürmə riski aradan qalxar.

İlkin İzzət
Milli.Az