Prezident İlham Əliyevdən qlobal problemlərlə bağlı konseptual çıxış - Bu, beynəlxalq birliyə mesaj kimi qiymətləndirilməlidir

26 Oktyabr 2018 21:45

"Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyəti narahat edən problemlərin müzakirə edildiyi və həlli yollarının göstərildiyi, ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların yüksək təmsilçilərini, parlamentariləri, nüfuzlu siyasət, elm və mədəniyyət xadimlərini, kütləvi informasiya vasitələrinin rəhbərlərini bir araya gətirən unikal beynəlxalq platformadır".

Bu barədə Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, tanınmş jurnalist və siyasi analitik Elçin Mirzəbəyli Bakıda keçirilən Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu Forumun nüfuzu dünyada ildən-ilə artır: "Bakı artıq altıncı dəfədir ki, bu mühüm tədbirə ev sahibliyi edir. Hələ ilk forumdan başlayaraq, biz bu mühüm tədbirin beynəlxalq statusunun yüksəldiyinin, müzakirə olunan mövzuların spektrinin genişləndiyinin şahidi oluruq. Artıq BMT də daxil olmaqla dünyanın əksər nüfuzlu beynəlxalq təşkilatlarının rəsmiləri Bakı Beynəlxalq Humanitar Forumunu dünyanı narahat edən problemlərin müzakirəyə çıxarıldığı, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edən bir platforma kimi qəbul edir, bu prosesdə fəal şəkildə iştirak etməyə can atırlar".

"Yeni dünya" yaratmağa ehtiyac var - Azərbaycan qlobal dialoq məkanına çevrilə bilib

E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin hər dəfə Bakı Beynəlxalq Humanitar Forumun açılış mərasimlərində çıxışı bəşəriyyətə ünvanlanmış mühüm mesajlarla yadda qalır və tarixə çevrilir: "Cənab prezident hər zaman olduğu kimi VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışındakı nitqində də regional və qlobal humanitar problemlərə yol açan məqamlara diqqət çəkdi, sülhə, əminamanlığa, sabitliyə, təhlükəsizliyə təhdid yaradan amilləri və onların səbəblərini açıqladı. Onlardan biri də, şübhəsiz ki, cənab prezidentin də qeyd etdiyi kimi, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin icra edilməməsidir. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsinə dair 4 qətnamə qəbul etdiyini, bu qətnamələrin qəbulundan 25 il keçməsinə baxmayaraq, Ermənistanın onları hələ də icra etmədiyini və işğalçını beynəlxalq hüququn tələblərini icra etməyə məcbur edəcək mexanizmin hazırlanmadığını vurğuladı. Dövlətimizin başçısı bununla da Azərbaycanın qarşılaşdığı işğal faktı müstəvisində bu gün dünyanın müxtəlif ölkələrində baş verən problemlərin başlıca səbəbinə diqqət çəkdi. Başlıca səbəb isə beynəlxalq hüququn prinsiplərinə əməl edilməməsi, fundamental hüquq və azadlıqların geosiyasi maraqlara qurban verilməsi, beynəlxalq təhlükəsizliyə təhdid yaradan amillərin aradan qaldırılması üçün hüquqi mexanizmlərin hazırlanaraq həyata keçirilməməsidir.

Cənab prezidentin bəşəriyyətin humanitar problemlərin həlli üçün beynəlxalq hüquqdan və onun icra mexanizmlərindən başqa hər hansı bir alternativinin olmadığını önə çəkməsi isə beynəlxalq birliyə ünvanlanmış mesaj kimi qiymətləndirilməlidir".

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində iştirak ediblər - FOTO

Qeyd edək ki oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.

"Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndə qatılıb.

Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib. Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Prezident Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxudu və çıxışında Forumun ildən-ilə inkişaf etdiyini, Bakının humanitar dialoq mərkəzinə çevrildiyini bildirib. Daha sonra BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Qu Ksinq və Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron və digərləri çıxış ediblər.

Xatırladaq ki, 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

İlkin İzzət
Milli.Az