"Xəzər-Lənkəran" kamerunlu "Kante"ni transfer etdi - FOTO

25 İyul 2018 14:12

Moskvada 8x8 sistemi üzrə həvəskarlar arasında keçirilən "Urban Cup" Kubokunda çıxış edən "Xəzər-Lənkəran" (Moskva) komandası növbəti transferini gerçəkləşdirib.

Milli.Az xəbər verir ki, komanda 22 yaşlı kamerunlu Avo Avo Ulirivi transfer edib.

Orta xətt oyunçusu olan Avo plemeykerdir. Yarımmüdafiəçi yoxlama oyunlarda özünü yaxşı tərəfdən göstərə bildiyindən onu komandanın sıralarına qatmaq barədə qərar qəbul edilib.

Bu səbəbdən "XL"in prezidenti və baş məşqçisi Ruslan Huseynov və klubun idman direktoru və kapitanı Elnur Babayevin iştirakı ilə kamerunlu oyuncu ilə razılıq əsasında 2 ilik muqavilə imzalanıb. Baş məşqçi Ruslan Huseynov yeni oyunçusundan tam razı qaldığını deyib. Elnur Babayevin dediyinə görə isə, komanda yoldaşları Avonu öz aralarında "Kante" deyə çağırırlar, çünki onun oyun üslubu Londonun "Çelsi" komandasının və Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kantenin oyununa cox bənzəyir.

"Xəzər-Lənkəran"ın kapitanı: "Payızdan Rusiya çempionatında çıxış edəcəyik" - FOTO

Qeyd edək ki, Hazırda Moskvada 8x8 sistemi üzrə həvəskarlar arasında keçirilən "Urban Cup" Kubokunda çıxış edən "Xəzər-Lənkəran" (Moskva) "B" qrupunda keçirdiyi ilk 3 oyundan sonra vahid liderdir. Komanda rəqiblərin qapısından 9 cavabsız qol keçirib. 

Xatırladaq ki, "Xəzər-Lənkəran" (Moskva) komandası bu il iyun ayının əvvəlində yaradılıb. Onun təsisçiləri əslən Azərbaycandan olan və hazırda Rusiyada yaşayan Elnur Babayev və Ruslan Hüseynov adlı gənclərdir.

Komandanın kapitanı və idman direktoru Elnur Babayevin sözlərinə görə, komanda payızdan etibarən Rusiya çempionatında çıxış etməyi planlaşdırır. Bunun 3 və ya 4-cü liqa olması isə maddi imkanlardan və dəstəkdən asılı olacaq.

Zəfər Tağı
Milli.Az