Rövşən Abdullaoğlunun "Abaddon" romanı satışda niyə rekord vurur? - Maraqlı izah

21 May 2018 19:08

Əsərlərində ən müxtəlif mövzulara müraciət etməklə böyük maraq yaradan tanınmış yazıçı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlu bu dəfə oxucuları "Abaddon" intellektual psixoloji detektiv romanı ilə təəccübləndirib.

Milli.Az xəbər verir ki, mayın 12-də işıq üzü görən kitab nəşr olunandan sonra topdan və pərakəndə halda olmaqla birlikdə cəmi 3-4 saata alınaraq bitib. Oxucuların maraq və tələbatını ödəmək üçün bir həftə sonra kitab ikinci dəfə nəşr olunub. Nəşriyyatdan bildiriblər ki, əgər "Abaddon"a maraq belə sürətlə artmaqda davam etsə, yaxın günlərdə kitab üçüncü nəşrinə başlanacaq. 

Azərbaycanda rekord - Kitab nəşr olunandan cəmi 3 saat sonra satılıb qurtardı

Xatırladaq ki, R.Abdullaoğlunun bu günə qədər motivasiya psixologiyası, irfan, fəlsəfə və teologiya mövzularında 24 kitabı nəşr olunub. Motivasiya psixologiyası silsiləsindən olan "Çətin olsa da, həyat davam edir", "Hər bir İnsan hökmdardır", "Arxadakı körpüləri yandırın" kitabları bestseller olub, Onun "Arxadakı körpüləri yandırın" kitabı 2014-cü ildə Türkiyədə də çap edilib. Bədii janrda yazılmış ilk əsəri olan "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016-2017-ci illərdə Azərbaycanda ən çox satılan kitab olub.

Bəs "Abaddon" romanı onlardan nə ilə fərqlənir və onu oxucu üçün bu dərəcədə maraqlı edən nədir? Romanın əsas süjet xəttini nə təşkil edir? Yazıçı kitabda nəyi təlqin etməyə çalışır?

Bununla bağlı izahı kitaba resenziya yazan filoloq Sevda Məmmədova verib. O, "Abaddon" haqqında belə deyib: "İrlandiyanın nağılvari gözəlliyə malik bir liman şəhərində baş verən dəhşətli qətlləri, qatilin tapılması cəhdlərini izləyən fabula son səhifələrə qədər oxucunu həyəcanda saxlayır. Müəmmalı qatilin qeyri-adi fantaziyaları, qətl hadisələrini bir-birinə bağlayan təkrarlanan qorxunc elementlər, cinayətlərin üzərini örtmüş mistika pərdəsi inadla axtarışlarına davam edən İrlandiya polisi ilə birlikdə oxucunu da heyrətləndirməyi bacarır. Əsər boyunca qatilə tuşlanmalı olan obyektiv gah illər əvvəl yoxa çıxmış kriminal avtoriteti, gah öz sakit həyatını yaşayan ötəri obrazları, gah da mistik varlıq olan cəhənnəm əcinnəsini hədəfə alır, bəzi məqamlarda isə diqqət hətta cinayət axtarış dəstəsinin üzvlərinə yönəlir. Süjet hər nə qədər realistik olsa da, bəzi məqamlarda uğurla istifadə edilmiş mistik elementlər təhkiyəni daha maraqlı edir".

Son aylar rekordlar qıran yazıçı: "Düşünmüşəm ki, birdən kitabımdakı mənaları anlaya bilməzlər"

Filoloqun sözlərinə görə, detektiv süjeti ilə yanaşı əsərin intellektual-psixoloji motivləri də diqqət çəkir: "İnsan şəxsiyyətinin ən gizli qatlarına işıq salmağa çalışan müəllif oxucunun əlindən tutub onunla birlikdə ruh deyilən varlığın dərinliyinə səfər edir. Bu səfərin hər mənzilində yeni-yeni həqiqətlər üzə çıxır. Məsələn, əmin olduğumuz doğruların fərqli baxış bucaqlarından nə qədər yanlış göründüyünü əsərin baş qəhrəmanlarından biri olan baş müstəntiq Şon Onilin simasında izləmiş oluruq. Romanın sonuna qədər oxucu haqqın cəbhəsində olsa da, caniləri çox acımasız şəkildə cəzalandıran müstəntiqin daxilindəki qəddar despotunmu, yoxsa həqiqi ədalət keşikçisininmi qalib gələcəyini intizarla gözləyir.

Bu mövzu - insanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər, demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Qorxunun insan taleyini necə yönləndirə bildiyini göstərmək üçün müəllif oxucunu uşaqkən qorxuya yenilmiş üç obrazla tanış edir. Onlardan biri çətinliklə də olsa, ayağa qalxır və hətta ilk məğlubiyyətindən qorxu peyvəndi kimi istifadə edərək ətrafındakı hər kəsdən daha cəsarətli, mübariz, iradəli bir şəxsiyyətə çevrilir. İkincisi illərini uşaqkən yenildiyi qorxusuna bəraət qazandırmağa sərf edərək buna bir şəkildə nail olmuş və hətta bu səyləri nəticəsində işində böyük nailiyyətlər qazanmış yüksək intellekt və bacarığa malik kriminal psixoloqdur. Qorxuları həyatını əsir almış digər bir maraqlı obraz da yeniyetmə yaşlarında aldığı davamlı mənəvi zərbələrdən əsl şəxsiyyəti dərin yuxuya getmiş gəncdir. Kriminal psixoloqun həqiqi şəxsiyyəti oyatmaq üçün göstərdiyi bütün cəhdlər, hipnotik təsirlər uğursuzluqla nəticələnir, lakin bir gün onun əbədi yuxuya getməsinə hesablanmış sınaq gözlənilmədən əks təsir göstərir və bədənin həqiqi sahibinin ayılmasına səbəb olur. İlk dəfə məğlub olduğu üçün bu vəziyyətə düşməsinə səbəb olan o hadisə təkrarlandığı zaman gəncin nə cür davranacağını oxucu da böyük həyəcan və gərginliklə izləyir".

S.Məmmədova qeyd edib ki, kitabda bir-birini əvəz edən dinamik hadisələrin fonunda ən təbii insani duyğular - özünə inam, sevgi, dostluq, tənhalıq mövzuları da ara-sıra qarşıya çıxır: "Qəhrəmanlar arasında özlərindən xəbərsiz baş qaldıran incə bağlılıq zərif yumorla, saf, güvən verən bir hiss kimi tərənnüm edilərək cinayətlər, potensial qatillərlə əlaqəli yaranmış gərgin auranı xeyli yumşaldır. Obrazların evlilik, ailə bağları barədə fərqli düşüncələri də maraq doğurur. Qəhrəmanların simasında İrlandiya xalqının vətənə, milli-mənəvi dəyərlərə, həyatın müxtəlif məsələlərinə münasibəti və bunun fonunda Tanrıya, dini inanclara özünəməxsus yanaşması əsər boyunca ana xətti müşayiət edərək müxtəlif rakurslardan işıqlandırılır. Sonda mozaikanın bütün daşlarını bir yerə toplayan müəllif maraqlı bir təsvir yaratmaqla əsər boyu oxucunu düşündürən tapmacanın açarını təqdim edir".
 

Zərif Nisə

Milli.Az