Maraq çox, bilet az, endirim və əyləncə bol - Nigar Arpadarai

9 İyun 2017 08:02

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin Milli.Az-a müsahibəsi:
 



Biletlərin əksəriyyəti satılıb, artıq bəzi tribunalara bilet yoxdur.

- Nigar xanım, Formula 1 yarışlarının 2017 Azərbaycan Qran Prisinə sayılı günlər qalır. Son dəfə sizinlə söhbət zamanı dediniz ki, bu il Bakıda keçiriləcək Formula 1 yarışlarına ötən ilə nisbətən maraq daha böyükdür. Hazırda bu maraq hansı səviyyədədir? Nə qədər bilet satılıb?

- Sevindirici haldır ki, həqiqətən də ötən ilə nisbətən bu il yarışlara maraq daha böyükdür. Xüsusilə də əcnəbilərin marağı çox artıb. Bunu biletlərin satılma coğrafiyası da sübut edir. Belə ki, Bakıda keçiriləcək yarışları izləmək üçün artıq 57 ölkədən biletlər alınıb. Bu günədək bilet alan xaricilərin sayı ötən ilə nisbətən 2 dəfədən çox artıb. Bundan çox razıyıq. Ümumilikdə indiyədək satılan biletlərin yarıdan çoxu, daha doğrusu təxminən 55 faizi xaricilər tərəfindən alınıb. Amma indi biletləri daha çox azərbaycanlılar alırlar. Biletlər həm satış nöqtələrindən, həm də internet vasitəsilə onlayn olaraq alınır. Biz bunu belə də gözləyirdik. Hər şey proqnozlarımıza uyğun olaraq gedir. Gözləyirdik ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti biletləri məhz yarışa az qalmış almağa başlayacaqlar.

Ümumiyyətlə isə biletlərin əksəriyyəti artıq alınıb. Qeyd edim ki, iki tribunaya biletlərin hamısı satılıb, bircə yer də qalmayıb. Bunlar "Filarmoniya" və "İçərişəhər" tribunalarıdır. Digər tribunalara isə yerlərin yarıdan çoxuna bilet satılıb. Gözləyirik ki, onlara da biletlər tam olaraq satılacaq. Satışlardan razıyıq və istəriyik ki, bu proses son məqama qədər davam eləsin və bütün biletlər alınsın.

Bu il insanlar yarışa daha pozitiv yanaşırlar.

- Ötən ilə nisbətən bu yarışlara yerli əhalinin münasibətindəki dəyişikliklər barədə nə deyə bilərsiniz?

- Ümumilikdə müşahidələr göstərir ki, bu il insanlarımız daha çox pozitivdirlər, daha müsbət yanaşırlar. Ötən il yarışdan əvvəl işlərə başlayanda insanlar düşünürdülər ki, bizə Formula 1 lazımdırmı? Yarışlar necə keçəcək? Ümumiyyətlə, bu nədir? Deyirdilər ki, yollar bağlanır, narahatlıq olur. Qənbər daşlı yolların asfaltlanmasına etiraz edirdilər. İndi isə biz tam fərlqi atmosfer, tam başqa yanaşmanın şahidi oluruq. İndi daha çox insan daha yarışa gəlmək, baxmaq, görmək istəyir, daha çox etibar edirlər. Ona görə də indiki ab-hava ötən ilə nisbətən qat-qat pozitivdir. Biz bunu təkcə sözdə anlamırıq, həm də bazar araşdırmaları aparır, bu məlumatları birbaşa insanların fikirlərini öyrənməklə əldə edirik. Həm mətbuatdan, həm də bilet alan insanlardan gördüyünüz odur ki, ümumilikdə yanaşma çox müsbətdir. Ötən il də beynəlxalq mediada Azərbaycana qarşı münasibət müsbət idi, hətta neqativ məlumatların payı 1 faizdən də az idi. Bu il də belədir. Xarici medaiada həm Azərbaycan Qran Prisi, həm də son aylar görülən işlər barədə pozitiv məlumatların sayı qat-qat çoxdur.

Biznes qurumları bileti olanlara endirimlər təklif edir.

- Bəs biznes qurumların bu yarışa marağı hansı səviyyədədir? Bu marağı artırmaq üçün hansı işlər görülür?

Formula 1 üzrə azərbaycanlı jurnalistlər üçün təlim keçirildi - FOTO



- Hazırda bizim ən sevimli layihələrimizdən biri endirimlərlə bağlıdır. Bu məqsədlə biznes sektoru ilə sıx əməkdaşlıq edirik. Hələ keçən ildən etibarən insanlara çatdırmağa çalışırıq ki, Formula 1 bir biznes layihəsidir və buna qoşulan ölkələr iqtisadi baxımdan çox xeyir görüblər. Bunu şirkətlərlə, biznes qurumları ilə görüşlərdə daim qeyd edirik. Hazırda bizim bir kampaniyamız başlayıb. Trek ətrafında olan 50-ə yaxın obyektdə, yəni restoranlarda, otellərdə, mağazalarda Formula 1 yarışlarına bileti olan tamaşaçılara endirim kampaniyasına başlanıb. Bakıda Formula 1 yarışına bileti olan hər kəs endirim kampaniyasına qoşulan bu obyektlərə gəlib məhsul və xidmətlərə 10-20 faiz endirim əldə edə bilər. Bunu ona görə edirik ki, həm yerli biznes bundan qazanc əldə etsin, həm də marağı artsın. Qoy biznes menyular təqdim etsinlər, brendinq həyata keçirsinlər, xüsusi kiçik bayramlar və s. təşkil etsinlər. Bu, həm də bilet alan insanlar üçün də əlavə dəyər olacaq. Belə ki, tamaşaçı bileti almaqla təkcə yarışları və konsertləri izləmir, həmçinin iyunun 1-dən iyulun 15-dək 50 obyektdə endirim imkanı əldə edir. 

Bol əyləncə olacaq.

- Formula 1 yarışları çərçivəsində tamaşaçılar üçün təşkil ediləcək əyləncəli proqramlarda hansısa əlavə və ya dəyişikliklərin olması gözlənilirmi?

- Biz hələlik yalnız konsert proqramlarını elan etmişik. Belə ki, iyunun 23-25 tarixlərində Bakıda dünyanın tanınmış pop ulduzlarının iştirakı ilə 3 konsert olacaq. Bunlar Tarkan, "Black Eyed Peas" qrupu, Nikol Şerzinger, və Meray Kerridir. Tarkan ayın 23-də, "Black Eyed Peas" qrupu və Nikol Şerzinger ayın 24-də, yarışın son, əsas günü - ayın 25-də isə Meray Kerri konsert proqramları ilə çıxış edəcəklər.
 

Bakıdakı Formula 1 yarışlarında sürprizlər olacaq - FOTO



Lakin ümumilikdə əyləncə proqramları çox zəngindir. Dənizkənarı Bulvarda 2 km ərazidə çoxlu sayda əyləncələr təqdim olunacaq. Orada həm şoular, həm oyunlar, həm də uşaqlar üçün ayrıca zonalar olacaq. Bundan əlavə Azərbaycan mədəniyyətini təbliğ edən xüsusi çadırlar qurulacaq. Əyləncələr səhərdən axşamadək davam edəcək. Robotlar, transformerlər, sirk nömrələri, çoxsaylı şoular ora gələnləri darıxmağa qoymayacaq. Əyləncə zonasına gələnlərə xüsusi cədvəl veriləcək. Həmin cədvəldə nə vaxt və harda hansı əyləncələrin təşkil olunduğu göstəriləcək. Bunların hamısı bileti olanlar üçün pulsuz olacaq. Yəni bilet əldə edən insan həm Formula 1 yarışlarını izləyir, həm pilotlarla görüşmək imkanı əldə edir, həm çoxsaylı avtoqraf sessiyalarına qatılır, həm konsertlərə giriş əldə edir.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində