Cinsi inqilab - Ondan nə gözləyirdilər, nəticə necə oldu?

24 May 2017 21:25

Milli.Az İlkin İzzətin tanınmış yazıçı və filosof Rövşən Abdullaoğlu ilə cinsi inqilab mövzusunda növbəti söhbətini təqdim edir:  

"Bir stəkan su içmək üçün bir vedrə suyu başa çəkməzlər".

- Sizinlə təxminən 3 ay əvvəl "Bir stəkan su" nəzəriyyəsi və ya cinsi, seksual inqilab barədə danışmışdıq. Müsahibəyə olan böyük marağı nəzərə alaraq sizinlə mövzu ətrafında başqa məsələləri də müzakirə etmək istərdim.

- Buyurun, böyük məmnuniyyətlə.

- Sizcə gənclərin elan olunmuş cinsi inqilabdan olan gözləntiləri özünü doğrultdu?

- Bir çox hallarda gəncləri buna təhrik edən cinsi ehtiyacları idi. Lakin onlar unudurdular ki, bir stəkan su içmək üçün bir vedrə suyu başa çəkməzlər. Əks halda insanın boğulması təhlükəsi vardır. Soyuqdan qorunmaq üçün də bir tonqal kifayətdir, bütün meşəni yandırmağa gərək yoxdur. Lakin bunu düşünməyən insan o dövrdə cinsi ehtiyaclarının ödənilməsi üçün bütün dünyada cinsi hərcmərcliyin yaranmasına rəvac verdi.

Cavanlar bu inqilabın nəticələrini düşünmədən kor-koranə ona dəstək verdilər. Ancaq sonradan bu inqilabın onların evlərinə, ailə üzvlərinə, qohumlarına qədər gəlib çıxdığını gördükdə, onun fəsadlarını öz üzərlərində hiss etdikdə peşman oldular. İnqilab onların təsəvvür etdikləri kimi olmadı. Cavanlar düşünürdülər ki, cinsi inqilab onlara sadəcə olaraq cinsi münasibətlərdə azadlıq və rahatlıq gətirəcək. Sonradan isə anladılar ki, bu  bir atəşdir, yandırıldıqda bütün ətrafı alova bürüyür, heç kəsə də aman vermir. Ondan sonra insanlar özlərini aldanılmış gördülər. Düzdür, heç bir halda oyanmayan sadəlövlər də vardır.

- Bəziləri hesab edirlər ki, cinsi istək təbii bir hissdir və cinsi inqilab o dövrün mühafizəkar mühiti üçün zəruri idi. Psixoloqlar və həkimlər cinsi ehtiyacların ödənilməməsinin hormonal pozuntulara, psixoloji vəziyyətin, əhval-ruhiyyənin korlanmasına, insanın daha aqressiv və gərgin olmasına səbəb olduğunu deyirlər.

Azad sevgiyə dəvət və ya "bir stəkan su" - "Seksual inqilab"ın əsl mahiyyəti haqqında

- Cinsi məsələlərin insan həyatındakı zəruriliyinin ifrat şişirdilməsi də məhz seksual inqilab dövrünə xasdır. Bunun da nəticəsi olaraq cinsi hisslər digər hisslərdən daha ali, daha mühüm və dəyərli kimi təqdim edilirdi. Cinsi inqilabın yetişdirdiyi elm adamları az qala bütün psixoloji, fizioloji, ictimai və ailə problemlərinin səbəbini cinsi məmnunsuzluqda görürdülər. Lakin dəqiq statistik məlumatlar bunun əksini deyir. Belə ki, dünyada hər 5 adamdan ən azı 1-i müxtəlif səbəblərdən intim əlaqəyə girmədən yaşayır. Bəzi ölkələrin ailə planlama mərkəzlərinin statistik məlumatları göstərir ki, əhalinin təxminən yarısı bir aydan çox intim əlaqəyə girmir, bəzilərində isə əhalinin isə 1/3-i ildə yalnız bir dəfə intim əlaqəyə girir. Bir çox araşdırmalara görə isə qadınlar üçün intim münasibətlər heç də bəzilərinin uydurduğu "elmi mif"lərdə deyildiyi qədər də önəmli deyilmiş.

Uzun müddətli intim məhrumiyyət bütün bu insanlarda vəd olunduğu kimi nə fiziloji, nə də psixoloji heç bir problem yaratmayıb. Düzdür, cinsi tələbatın uzun müddət ödənilməməsi müəyyən problemlərə yol aça bilər, ancaq bu, heç də ictimaiyyətə təqdim olunan səviyyədə deyildir.
 

Cinsi inqilab nəticəsində insan iki hissəyə bölündü - beldən yuxarı və beldən aşağı

- Cinsi hissin mühüm olduğunu bu qədər təbliğ etmək digər insani hisslərin dəyərsizləşdirilməsinə səbəb ola bilər?

- "Həyatımızı idarə edən cinsi istəkdir", "cinsi hisslər təmin olunmadıqda insan ən pis psixoloji və fizioloji xəstəliklərə tutulur, həyatı məhv olur, aqressivləşib vəhşi heyvan kimi olur" və sairə kimi şüarlar cinsi hissin əhəmiyyətinin ifrat şəkildə şişirdilməsidir. Vilhelm Rayx, Ziqmund Freyd kimi şəxslərin də bu təbliğata böyük töhfələri olub. Nəticədə digər insani hisslər, yəni məhəbbət, fədakarlıq, bütün mənəvi hisslər, şəxsiyyət hissi, inam, vicdan, insaf, bütün intellektual hisslər, humanizm hissi, həmçinin sevginin müxtəlif obyektləri - valideyn, övlad, vətən kölgədə qaldı. Daha çox diqqət şəhvət hissinə yönəldi. Sonda insan heyvanın səviyyəsinə düşdü, mənəvi varlıqdan çıxıb şəhvətlərinin əsiri olan, həyatına yalnız seksual istəklərin hakim olduğu biocanlıya çevrildi. Seksual inqilabın yetişdirdiyi insanın fikri-zikri yalnız bir şey oldu - "cinsi istəklərin anındaca tamlığı ilə təmin edilməsi". Əks halda o, psixoloji xəstə olar, böyük cismani xəstəliklərə tutular. İş o yerə çatıb ki, seksual inqilabın həvariləri olan bəzi "alimlər" davamlı intimin az qala xərçəngi belə müalicə edəcəyini deyirlər. Hətta davamlı intim münasibət insanın müdrikliyinə belə təsir edirmiş, az qala desinlər ki, bütün xəstəliklərin müalicəsi intim əlaqədədir. Onların dediklərini eşitdikdə təəccüb edərək düşünürsən: "Görəsən Afrikanın vəhşi qəbilələri, fahişə qadınlar, əyyaş həyat tərzi keçirən kişilər niyə dünyanın ən müdrik, ən ağıllı insanları olmurlar?! Nəyə görə ən çox psixoloji və cismi xəstəliklər məhz onlarda tapılır?!" Bəli, seksual inqilabın həvariləri bunu düşünməyiblər. Sadəcə belələri üçün mühüm olan öz düşüncələrinin mütləq formada qəbul olunmasıdır. Bunun üçün də məlumatların təhrif olunması, informasiyanın şişirdilməsi də daxil olmaqla hər yola əl atmağa hazırdırlar. Bu inqilabın ən elmli, savadlı sayılan nəzəriyyəçilərində belə vəziyyət bu cürdür.

Cinsi inqilabın nəticəsi olaraq insan bir bütöv olmaqdan çıxdı və iki hissəyə bölündü - beldən yuxarı və beldən aşağı. Bu inqilabın tərəfdarları insan bədənində beldən aşağı hissənin daha mühüm olduğuna təkid edirdilər. Özləri beldən aşağı düşünür, fəlsəfələri də buna əsaslanırdı. Nəticədə isə beldən yuxarıda bütün ülvi hisslərin məkanı olan qəlb və bütün intellektual hisslərin məkanı olan beyin diqqətdən kənarda qaldı və zamanla dəyərsizləşdi. "İnqilabçılar"a görə düşünmə və mühüm hiss orqanları beldən aşağıda yerləşir və əvvəllər düşündüyümüz kimi insanı heç də beldən yuxarıda olan baş idarə etmir...

- Bəs, ziyalılar cinsi inqilabı niyə dəstəkləyirdilər?

- İnqilabı bütün ziyalılar dəstəkləmirdi. Dəstəkləyənlər isə bunu bəzi məqsədləri və şəxsi mənfəətləri üçün edirdilər. Məsələn, onlar bu inqilabın totalitar rejimlərə, teokratiyaya, dinin bütün sahələrdə hegemonluğuna son qoya biləcəyini düşünürdülər. Məsələn, alman filosofu və kulturoloqu Herbert Markuze "Eros və sivilizasiya" kimi esselərində cinsi azadlıq uğrunda mübarizəni siyasi azadlıq üçün bir vasitə bilirdi.

Cinsi inqilabın əsasını qoyan nəzəriyyəçilərdən olan Vilhelm Rayx isə cinsi hisslərin tam azadlığını insanın psixoloji sağlamlığı ilə əlaqələndirirdi. Rayxa görə, hətta uşaqların da cinsi hisslərini istədikləri kimi ödəmələri üçün azad şərait yaradılmalıdır. Onlara imkan verilməlidir ki, onanizmlə məşğul olsunlar, öz yaşıdları ilə istədikləri kimi seksual oyunlar oynasınlar. Onun hesablamalarına görə, bu, uşaqların psixoloji sağlam böyüməsinə, bununla da cinayətlərin azalmasına, azğınlıqların qarşısının alınmasına səbəb olacaqdı.

Rayx hesab edirdi ki, cinsi inqilab bütün ictimai əxlaqsızlığın, pornoqrafiyanın yayılmasının, zorakılığın, cinsi təcavüzün qarşısını alacaqdır. Ona görə insan cinsi məsələlərdə tam azad olduqda artıq öz şəhvətini qeyri-qanuni yollarla təmin etməyə də ehtiyac duymur.

Rayxın fikirləri sonradan Simone de Bovuar kimi eksiztensializm nümayəndələri də daxil olmaqla başqaları tərəfindən istifadə olunmağa başladı.

Dəhşət doğuran statistika

- Rayxın fikrində az da olsa həqiqət varmı? Cinsi azadlıq ictimai fəsadın, cinsi hərcmərcliyin, təcavüzün qarşısını almaqda heç cür faydalı ola bilməzmi?

- Əslində elə həyatın özü rayxkimilərin öz nəzəriyyələrində yanıldıqlarını göstərdi. Lakin dünya bu nəticəyə çox ağır itkilər bahasına gəldi. Heç bilirsinizmi bu uğursuz eksperiment hansı acı nəticələrə səbəb oldu? Tam cinsi azadlığın cinsi hərcmərclikdən nə fərqi var ki?! Bu ikisi də eyni şey deyilmi?! Cinsi hərcmərcliklə cinsi hərcmərcliyin qarşısını necə almaq olar? Bir cəmiyyətdə narkotik maddələrin azad istifadəsinə şərait yaratmaqla narkomaniyanın qarşısını almaq olarmı?

Mən bayaq bəzi statistik göstəriciləri açıqladım. Həmin məlumatları hər kəs Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və digər səlahiyyətli qurumların rəsmi hesabatlarında görə bilər. Bunun üçün mövzu üzrə statistika aparan qurumların rəsmi saytlarına, etibarlı xəbər portallarına müraciət etmək də kifayətdir.

ÜST-nin açıqlamasına görə, qadınlara şiddət və zorakılıq halları qloballaşıb. Açıqlamaya əsasən, qadınların 35 faizi həyatında öz intim tərəfdaşı, yaxud da başqası tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır. Dünyada qadın qətllərinin 38 %-i intim tərəfdaşları tərəfindən törədilir.

ABŞ-da keçirilmiş ictimai sorğuya əsasən, 17 yaşdan yuxarı qadınların 14,8 %-i ömürlərində ən azı bir dəfə cinsi təcavüzə məruz qalıblar, 2,8 % qadınlara qarşı isə zorlama cəhdi olub.

Orta məktəblərdə keçirilən sorğular da narahatedicidir. Məsələn, Kanadada məktəb qızlarının 23% -i məktəbdə cinsi sataşmaya məruz qaldıqlarını deyirlər. Bütün bunlar cinsi inqilabın dünya cəmiyyətinə olan "töhfəsi"dir. Bu inqilabın təsiri azyaşlı qızlardan da yan keçməyib. Azyaşlı qızlara təcavüz dünyada kəskin surətdə artır. Amerikada təcavüzə məruz qalan qadınların yarıdan çoxu 18 yaşa qədər şəxslərdir. Bunların da 22 %-ni 12 yaşa qədər olan qızlar təşkil edir.

Azyaşlı uşaqların iştirakı ilə çəkilmiş porno filmlərin də sayı artır. Bu da belə filmlərə olan tələbatın çoxaldığını göstərir. Dünyada fahişəliyi özünə daimi sənət seçmiş qadınların sayı da kəskin surətdə artır.

Ən qəribəsi odur ki, valideynlər tərəfindən uşaqlara qarşı əxlaqsız davranışların sayı çoxalıb. Müxtəlif araşdırmalara görə uşaqlara qarşı edilən cinsi sataşmanın 40 %-i onların valideynləri tərəfindən edilir. Cinsi inqilab artıq valideynlərin nəzərində belə bu cür davranışları adiləşdirib.

Cinsi inqilabın fonunda qadın alveri də "çiçəklənir". Hesablamalara görə, ildə 700 mindən 2 milyonadək qadın xarici ölkələrə cinsi istismar üçün satılır. Halbuki, 5 il əvvəl bu göstərici bundan 50 % aşağı idi.

Qadınlara qarşı olan cinsi xarakterli sataşmalar son onillərdə Qərbdə güclü diskusiya predmetinə çevrilib. Amerikada İşçinin Peşəkar Keyfiyyətinin Qorunması Təşkilatının keçirdiyi sorğunun nəticələri cəmiyyəti dəhşətə gətirib. Belə ki, sorğuda iştirak etmiş 10 min qadının 42 % -i iş yerində seksual sataşmaya məruz qaldıqlarını bildirib, 62 %-i onlara seksual xarakterli toxunuşların olduğunu etiraf edib, 20 %-i isə işdə cinsi təcavüzə, yaxud da zorlama cəhdinə məruz qaldıqlarını etiraf ediblər.

Hətta 1986-cı ildə Amerikada cinsi sataşmaya görə cinayət məsuliyyəti də nəzərdə tutulub. Buna baxmayaraq, şikayətlər ildən-ilə daha da çoxalır. Belə ki, 5 il ərzində bu göstərici düz 2 dəfə artıb.

Cinsi inqilabın "töhfələri"ndən biri də homoseksuallığın, eynicinsli evliliklərin leqallaşmasıdır. Bir çox araşdırmalar bunun nəticəsi olaraq azyaşlı oğlan uşaqlarına və yeniyetmə oğlanlara qarşı cinsi təcavüzün sürətli şəkildə artdığını göstərir. Əgər XX əsrin yarısına qədər dövrlərdə daha çox qadına təcavüzdən söhbət gedirdisə, cəmiyyətdə qadını qoruma işləri gücləndirilirdisə, indi oğlan uşaqlarının da cinsi istismar təhlükəsi yüksəkdir. İnkişaf etmiş ölkələrdə aparılmış araşdırmalar 5-10 % kişilərin uşaqlıqda cinsi zorakılığa məruz qaldıqlarını göstərir. Bəzi ölkələrdə bu göstərici kişilər arasında 20 %-dir. Əslində isə reallıq bu göstəricilərdən daha dəhşətlidir. Belə ki, məktəblərdə, zindanlarda, bağçalarda, qaçqın düşərgələrində, xəstəxanalarda, psixoloji dispanserlərdə cinsi zorakılığa uğramış azyaşlıların, qız və ya oğlan yeniyetmələrin dəqiq statistikasını aparmaq mümkün deyildir. Ekspertlər deyirlər ki, təcavüzə məruz qalmış insanların əksəriyyəti, xüsuən də kişilər heç zaman bunu heç kəsə bildirmirlər. Buna səbəb utanmaq hissi, ictimai qınaq, özünü müqəssir bilmək, qorxu və digər amillərdir.

Dünyanın bir çox tibb mərkəzlərində həkim kişilər tərəfindən xəstələrə və tibb bacılarına qarşı təcavüz halları da artıb. Bütün bu dəhşətli göstəricilər cinsi inqilabın iflasını göstərir.

Cinsi azadlıq hər şeyə biganə insan yetişdirir

- Görəsən, cinsi hisslərin azad buraxılması nəyə görə vəd olunduğu kimi cəmiyyəti islah etmək əvəzinə vəziyyəti daha da pisləşdirdi?

Maska geymiş cəmiyyət və onun arxasında gizlənən həqiqətlər


 

- Çünki cinsi ehtirasın sonu və həddi yoxdur. Rayxın dediyi kimi uşaqları erkən yaşlarından heç bir əxlaq normalarına bağlı olmadan, seksual azad böyütmək cəmiyyətə seksual hissləri ifrat oyanmış, ehtirasını nəyin bahasına olursa olsun ödəməyə çalışan, məsuliyyətsiz bir şəxs təqdim etmək deməkdir.

Elə buna görədir ki, bu inqilabın bir çox tərəfdarları sonradan öz yanıldıqlarını etiraf edib, fikirlərindən dönüblər. Hətta Herbert Markuze belə sonradan gənclərin seksual azadlıqları barəsində olan fikrini dəyişib. 1968-ci ildə o, Qərbi Berlində yerləşən kommunaların birində olur. Bu kommuna "sağlam orqazm" adlanırdı və burada cinsi hərc-mərclik hökm sürürdü. Markuze burada olan pozğun cinsi həyat yaşayan insanların biganə, sönük xarakterlərini görüb dəhşətə gəlir. Ondan sonra əsərlərində vurğulayır ki, cinsi azadlıq mütləq olaraq siyasi əxlaqla birgə olmalıdır. Anlayır ki, cinsi azadlıq hər şeyə biganə bir insan yetişdirir.

- Ancaq bəzi ölkələrə baxanda Amerika və Avropa ölkələrində vəziyyət elə də pis deyil. Elə ölkələr var ki, onlarda cinsi sataşma və zorakılıq halları daha yüksəkdir.

- Məsələn hansı ölkələr?

- Götürək elə Cənubi Afrika Respublikasını (CAR). Statistikaya görə dünyada ən çox cinsi təcavüz və seksual xarakterli sataşma halları məhz CAR-da baş verir...

- Düz deyirsiniz. CAR bu cəhətdən siyahıya başçılıq edir. BMT-nin məlumatlarına əsasən, dünyada ən çox cinsi təcavüz məhz orada baş verir. Müqayisə üçün deyim ki, ABŞ-da 100 min nəfərə 27,3 təcavüz halı baş verirsə, CAR-da bu göstərici 132,4-dir. 2011-2012-ci ildə orada 64 min cinsi təcavüz halı qeydə alınıb. Bu rəqəmin hardasa yarısını uşaqların payına düşür.

Əslində bu, cinsi inqilabın iflasına daha bir dəlil hesab olunmalıdır. CAR mühafizəkar, yaxud teokratik bir dövlət deyil. CAR cinsi inqilaba qucaq açmış ilk Afrika ölkəsidir. Bu ölkə hətta bəzi addımlarına görə istənilən Avropa ölkəsini mat qoyar. Bu ölkənin parlamentinin 80 %-i 2006-cı ildə həmcinslərin nikahına müsbət səs verməklə onu qanuniləşdirib. Beləliklə, CAR Afrikada bu addımı atmış ilk və dünyada isə beşinci ölkə oldu. Homoseksualların rəsmən ilk hüquqları barəsində addımlar isə daha əvvəldən - 1998-ci ildən atılıb.

Sistemdə olan boşluqlara, bir çox ictimai faktorlara görə seksual inqilabın fəsadları burada özünü daha qabarıq göstərir. Avropa və Amerikada ictimai asayiş, mühafizə sistemi güclü olmasaydı, seksual inqilab oranı CAR-ın vəziyyətinə döndərərdi.

CAR-ı cinsi zorakılıqda dünya reytinqində birinci yerə çıxardan orada cinsi azadlığa icazə verilməsi və bir də Qərb ölkələrindən güclü təsirlənməsidir.

Seksual inqilabın baş verdiyi Qərb ölkələrində qadın zorakılığı, cinsi fəsad kifayət qədərdir. Halbuki, bu ölkələrdə cəzalar sərtdir və qanun keşikçilərinin də fəaliyyəti zəif deyil. Əgər Amerika və Avropa ölkələrində cəza və hüquq sistemi, ictimai nəzarət çox aşağı səviyyədə olsaydı, vəziyyətləri CAR-dakından da pis olardı. Belə götürəndə, ABŞ reytinq cədvəlində ilk beşlikdədir. Bu, isə kifayət qədər dəhşətli faktdır. Bəzi illərdə isə siyahında dünyada qadına ən çox təcavüz olunan 3-cü ölkə statusuna qədər yüksəlib. İsveç isə bəzi araşdırmalara görə ikinci yeri tutur. Ümumiyyətlə, elə bir Avropa ölkəsi yoxdur ki, qadın zorakılığı, yaxud da cinsi sataşma göstəricisi qənaətbəxş olsun. Statistikalar insanı dəhşətə gətirir. Belə olduqda Amerika və Avropa ölkələrində vəziyyətin qismən yaxşı olmasından danışmaq düzgün deyildir.

Müsəlman ölkələrində cinsi zəmində törədilən cinayətlər daha azdır.

- Bəs müsəlman ölkələrində vəziyyət nə yerdədir?

- Təbii ki, müsəlman ölkələrində də qadına təcavüz hallarına rast gəlinir. Ancaq bu hallar seksual inqilab olan ölkələrdən qat-qat azdır. Müsəlman ölkələrində əxlaqsız filmlər, gecə klubları, fahişəlik və sairə qadağandır. Qərbdə isə qadınlar vitrinlərdə çılpaq dayanaraq özlərinə müştəri cəlb edirlər. Bir çox böyük küçələri sadəcə fahişəlik sənayesində çalışanlar üçün ayırıblar, cinsi xidmətin demək olar ki, bütün növlərini leqallaşdırıblar.

Müsəlman ölkələrində bu cür fəsad işlər qadağan olduğuna görə, onlarda cinsi zəmində olan cinayətlərin göstəriciləri çox aşağıdır.

- Ancaq hər bir halda İslam ölkələrinin sərt şəriət qanunları, mühafizəkarlıqları cinayətin, xüsusən də zorlamaların qarşısını tam ala bilməyib.

- Təbii ki, intellektual və əxlaqi çökmüş insanlar hər bir ölkədə var. İnsan olan yerdə nəfs, istək, cinayət etmək fikri də olacaq. Təbii ki, bəzilərinin qarşısını nə ictimai qınaq, nə də qanun ala bilər. Belələri hər yerdə cinayət törədəcəklər. Sadəcə burada söhbət cinayətin faizindən, minimallaşdırılmasından, cinayətin qarşısını almaq üçün cəmiyyətin, dövlətin hansı üsulları seçməsindən, hansı addımın cinayətin daha da artmasına gətirib çıxarmasından gedir.

Bir də ki, onu da unutmayaq ki, müsəlman ölkələrinin özündə belə İslam qanunları tamlığı ilə tətbiq olunmur. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Müsəlman ölkələrində baş verən özbaşınalıq daha çox yad mədəniyyətin təsiri altında olan, İslami dəyərlərdən uzaq qruplar arasında yayılıb. Ancaq nə cür olursa olsun, bütün statistik göstəricilərə görə burada cinsi pozğunluq seksual inqilab baş vermiş ölkələrdən çox aşağıdır.

Lakin...

- Məncə cinsi hisslərin tam boğulması da doğru deyil, əks halda bunun ictimai fəsadları qaçılmaz olar...

- Əlbəttə. İnsan daxilinə qoyulmuş hər bir hissin qarşılığının verilməsi təbiidir. Amma bu məsələdə orta xətti gözləmək mühümdür. İntim mövzularda tam sərbəstlik və tam qadağa yanaşmaları arasında qızıl ortanı tutmaq lazımdır. Biz bu mövzulara tam qapalı olan bəzi mühitlərin də bir çox problemlərlə üzləşdiklərini görürük. İnsanı ona verilmiş heç bir təbii hissdən məhrum etmək olmaz. Sadəcə bizim mövzumuz cinsi azadlıqdan olduğu üçün bu məsələnin yaratdığı problemləri açıqladıq və digər tərəfinə toxunmadıq.

Söhbətləşdi İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində