ATV-nin əməkdaşlarını döyüb qovdular - VİDEO - YENİLƏNİB

6 İyun 2016 18:27

18:27

Azərbaycan Mətbuat Şurası ATV telekanalının "Yoxlama" layihəsinin əməkdaşlarına fiziki təzyiqlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, müraciətdə bildirilib ki, 2016-cı il iyunun 4-də ATV telekanalının "Yoxlama" layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki "Şamaxı" yeməkxanasında çəkiliş apararkən insident baş verib.

ATV əməkdaşlarının döyülməsinə MTRŞ-dan MÜNASİBƏT

Bununla bağlı müxtəlif kütləvi informasiya vasitələrində, o cümlədən, internet informasiya resurslarında məlumatlar yayılıb: "Sözügedən yeməkxananın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov telekanalın əməkdaşlarına fiziki təzyiq göstərib, onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıb".

Müraciətdə eyni zamanda bildirilib ki, hər bir jurnalist işinə məsuliyyətlə yanaşmalıdır. Mövcud yanaşma cəmiyyətin mənafelərinin, informasiyaya olan tələbatının yerinə yetirilməsi zərurətinə əsaslanmalıdır. Jurnalistlərin sərbəst və maneəsiz şəkildə öz peşə vəzifələrini yerinə yetirmələrinə qanuni şərait yaradılmalıdır. Məhz buna görə də ATV telekanalının əməkdaşlarının üzləşdikləri durum ciddi şəkildə nəzarətdə saxlanılmalıdır.

"Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesində yuxarıda qeyd etdiyimiz cəhətlərə, ümumən media amilinə həssas yanaşılır. Əminik ki, sizin sayənizdə ATV telekanalının "Yoxlama" layihəsinin əməkdaşları ilə bağlı insidentə də eyni həssaslıqla yanaşılacaq. Sizdən bu məsələnin ətraflı araşdırılmasına, müvafiq qanuni ölçü götürülməsinə kömək göstərməyinizi xahiş edirik", - deyə müraciətdə vurğulanıb.

---------

11:31

Daxili İşlər Nazirliyi(DİN) "Azad Azərbaycan" televiziya kanalının (ATV) əməkdaşlarının döyülməsi ilə bağlı rəsmi məlumat yayıb.

Milli.Az-ın xəbərinə görə, məlumatda bildirilib ki, iyunun 4-də saat 19 radələrində ATV-nin "Yoxlama" layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki "Şamaxı" yeməkxanasında çəkiliş apararkən oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanovla onların arasında münaqişə baş verib.

Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV-nin əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıb.

Toplanmış material rayon prokurorluğuna göndərilib.

-----------

09:52

ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin əməkdaşları hücuma məruz qalıblar.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, çəkiliş heyəti verilişin növbəti buraxılışı üçün Şamaxıdakı restoranlardan birində olub.

Restoran sahibi aparıcı Azər İsmayılov və verilişin əməkdaşlarını təhqir edərək, onları məkandan zorla uzaqlaşdırıblar.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

ATV-nin əməkdaşlarını döyüb, söyüb qovaladılar

ATV-nin əməkdaşlarını döyüb, söyüb qovaladılar - 1