"Pasta in krosta" - FOTO

10 May 2016 07:00

Milli.Az makaronlu zapekankanın hazırlanma qaydasını təqdim edir

Günün təamı - beşamel souslu makaron - FOTO

Tərkibi (6-8 pay): 

500 q makaron
200 q göy noxud (təzə və ya dondurulmuş)
200 q motsarella
200 q parmezan, yaxud digər bərk pendir
1 baş soğan 
1 lay qat-qat xəmir 
zeytun yağı
dəniz duzu

beşamel sousu:
1 l süd
75 q kərə yağı
2 x.q. un
muskat cevizi
dəniz duzu
qara üyüdülmüş istiot

Əvvəlcə beşamel sousunu hazırlayın. 
Kərə yağını orta itilikli odda əridin, qarışdıraraq un qatın, 4-5 dəqiqə qarışdıraraq qovurun, qaynar, azca duz qatılmış süd qatın, eynicinsli kütlə alınanadək qarışdırın, azca duz, istiot və muskat cevizi qatın, qaynara düşəndən sonra daha 3-4 dəqiqə, qatılaşanadək bişirin. Xamadan duru alınmalıdır. Əgər qatı alınarsa, bir qədər də süd qatıb bişirin (Bişirərkən daim qarışdırmağı unutmayın).  
Sobanı 200 dərəcə qızdırın. 
Motsarellanı kubik doğrayın, parmezanı sürtgəcdən keçirin (onun yerinə suluquni, hisə verilmiş, yaxud hörük pendir də götürə bilərsiniz).  
Soğanı xırda doğrayıb zeytun yağında yüngülcə qızardın. 
Təzə göy noxudun üzərinə qaynar duzlu su tökün (dondurulmuşun donunu açmayın). Süzün, zeytun yağı və soğan əlavə edin, qarışdıraraq 5 dəqiqə qovurun. 
Makaronu duzlu suda 6-7 dəqiqə bişirin (hazır olanadək), süzüb üzərinə soyuq su gəzdirin. Aşsüzənə yığıb suyunu çəkməsini gözləyin. 
 Beşamel sousunun yarısını makaronla qarışdırın. Sousun qalanını isə isti yerdə saxlayın (vam odun üzərində).  
Formaya makaronun və noxudun yarısını düzün. Üzərinə motsarella ilə sürtgəcdən keçirilmiş pendirin yarısını düzün. Bir qədər beşamel sousu tökün. Yenə makaron+noxud+pendir layından sonra beşamelin qalanını üzərinə gəzdirin. Üzərinə yağlı qat-qat xəmir çəkin, üzərini yağlayın. 
Sobada 30-40 dəqiqə bişirin. 
Süfrəyə isti-isti verin. 
Əgər birnəfərlik qablarda bişirəcəksinizsə, o zaman sobada bişmə müddəti 10-15 dəqiqədir. 

Nuş olsun! 

Milli.Az