(Əvvəli burada)
Azərbaycan hökuməti bacardığı qədər işlər gördü və son nəticədə beynəlxalq aləmin subyektinə çevrilməyə başladığı bir vaxtda Rusiyanın güclənməsi Cənubi Qafqazda geosiyasi vəziyyəti daha da gərginləşdirdi. Bolşeviklərin xarici işlər naziri Çiçerin Azərbaycan və Gürcüstan hökumətinə müraciət edərək onları Denikinə qarşı birgə mübarizə aparmağa çağırdı və buna görə də hərbi saziş bağlamağı təklif etdi. Maraqlıdır ki, Rusiya imperiyası dağıldıqdan və Sovet Rusiyası yarandıqdan sonra bolşeviklər özünün ilk müttəfiqini Cənubi Qafqazda axtarırdı. Bunun maraqlı səbəbini hörmətli professorumuz Əli Həsənov belə qeyd edir: "Rusiyanın Cənubi Qafqaza xüsusi diqqət yetirməsi səbəbsiz deyildi. İmperiyanın dağılması və bolşevik inqilabı nəticəsində bu regionu itirməklə Rusiya dünyada zəifləmiş və kiçilmişdi. Cənubi Qafqaz üzərində təsir qazanmadan Rusiya dünyada böyük və aparıcı dövlət ola bilməzdi. Bundan başqa, zəngin neft mənbələri və əlverişli strateji mövqeləri olan Azərbaycan üzərində nəzarət əldə etmədən proletariat diktaturası hökuməti qurmaq və onun mühafizəsini təşkil etmək xeyli çətin idi. Ona görə də Rusiyanın ilk hədəfi Azərbaycana və Bakıya sahib olmaq idi". (Bax, s.71)
Paris sülh konfransında Azərbaycanın müstəqilliyinin tanınmasından sonra Azərbaycan hökuməti Sovet Rusiyası tərəfindən gələn təzyiqləri dəf etmək üçün fəaliyyətini gücləndirməyi qərara alaraq hərbi nazirlik, müdafiə və milli ordunun ehtiyacları haqqında memorandum imzalayaraq onu müttəfiq dövlətlərin hərbi ekspertlərin Şurasına göndərir. Azərbaycanda Avropa dövlətlərinin bir-birinin ardınca səfirlikləri fəaliyyətə başlayır. Cənub qonşumuz İranla martın 20-si 1920-ci ildə dostluq haqqında müqavilə imzalanır və iki ölkə arasında diplomatik münasibətlər yaranır. Hörmətli professorumuz fəxrlə yazır ki, Azərbaycan hökumətinin 1920-ci il aprel böhranına qədərki dövrdə xarici siyasət sahəsində apardığı ciddi işlər xalqımızın milli istiqlaliyyətinin tanınmasında mühüm rol oynadı. Həyata keçirilən xarici siyasət xətti dünyada Azərbaycanın sivil, demokratik respublika kimi tanınmasına ciddi təsir göstərdi. Lakin bolşeviklər sakit oturmurdular. Cənubi Qafqaz, ən başlıcası Bakı kimi strateji bir şəhər onların əlindən çıxmışdı və bununla barışa bilmirdilər. Bu barədə Əli Həsənov öz kitabında yazır: "Bolşevik hakimiyyəti formal olaraq çarizmin xarici siyasət niyyətlərindən imtina etdiyini bəyan etsə də, klassik alman geosiyasətçilərinin "dövlət canlı orqanizmdir" kimi məhşur geosiyasi nəzəriyyələrindən çıxış edərək Sovet Rusiyasının ərazilərini keçmiş imperiya sərhədlərində bərpa etməyə çalışırdı ki, buna da bir qədər sonra nail oldular. Rusiyanın böyük dövlət olmasının yolu ilk növbədə Cənubi Qafqazdan, onun açar ölkəsi olan Azərbaycana yiyələnməkdən keçirdi. Lenin bolşevik hakimiyyətinə nəyin bahasına olursa olsun Azərbaycanın istiqlalına son qoymağı, Bakı neftinə, Azərbaycanın əlverişli strateji mövqelərinə və zəngin təbii sərvətlərinə yiyələnməyi tövsiyyə edirdi". (Bax, s.77)
Kitabı oxuduqca, qeydlərimi apardıqca, təhlilimi etdikcə düşünürəm ki, görəsən belə sadə dillə, akademik pafoslardan, başgicəlləndirici terminlərdən uzaq, xalqın başa düşdüyü tərzdə digər alimlərimiz də yaza bilməzdimi? Kitab şox anlaşıqlı, başa düşülən dildə yazıldığından inanıram ki, hər cümləni fəhlə-kəndliyə oxusan belə onlar da başa düşəcək. Əslində belə olmalıdır. Yoxsa politologiyadan kitab yazanlar, özü də tələbələrə dərs deyənlər elə akademik dildə terminlər işlədirlər ki, onu nəinki dinləyiciləri, hətta öz həmkarları belə başa düşmürlər. Bir ara elmi ictimaiyyətdə belə dəb düşmüşdü; kim öz əsərində, yaxud fikrində, cümlələrində nə qədər çox qəliz termin işlədərsə, bu onun ağıllı və bilikli olmasına dəlalət edirdi. Nəticə nə oldu? Ziyalı zümrəsi ayrıca, məmur zümrəsi ayrıca özü üçün danışıq və dəftərxana dili yaradaraq xalq dilindən ayrıldılar. Nəticədə "yuxarıların" və "aşağıların" dilində yaranan fərqlilik bütün sahələrdə özünü göstərdi. Bu baxımdan Əli Həsənovun kitabının dili siyasi terminlərlə çox zəngin olsa da, tez başa düşünülən və qavranılandır. Hörmətli professorumuz bu sahədə də yenilik etdi. Çox gözəl nümunədir.
"Əmir Teymur" romanını yazanda bir hadisə ilə üzləşdim. Deməli, böyük Cahangir məşhur salnaməçi Nizaməddin Şamini yanında gəzdirərdi ki, onun fəaliyyətini qələmə alsın, gələcək nəsillərə çatdırsın. Bir gün Əmir Teymur onu yanına çağırıb yazdıqlarını oxumasını istəyir. Nizaməddin Şami bir saata qədər öz qeydlərini ona oxuyur. Əmirin onun oxuduqlarından nə tükü tərpənir, nə də sual vermək həvəsi olmur. Bir saat keçdikdən sonra Teymur onun sözünü ədəblə saxlayır və soruşur:
- Hörmətli Nizaməddin, sən bu "Zəfərnamə" kitabını kimin üçün yazmısan? - Nizaməddin Şami susur. - O isə davam edir. - Elə qəliz dildə, ərəb, fars, türk sözlərini istifadə etmisən ki, o sözlər xalq tərəfindən istifadə olunmur və qavranılmır. Sizin yazdıqlarınızı mən çətinliklə başa düşürəmsə, xalq necə başa düşəcək? Başa düşməyəcəksə arxamızca necə gələcək, bizi necə dəstəkləyəcək? Salnaməçi yenə susur. Əmir Teymur bir neçə gündən sonra onu salnaməçilikdən uzaqlaşdırır. Onun haqqında bir neçə ildən sonra ən gözəl və dolğun "Zəfərnamə" kitabını Şərafəddin əl Yəzdi yazır.
Əmir Teymur doğru deyirdi. Yazarın əsərini çoxluq başa düşməyəcəksə, kitab kimin üçün yazılır?
Bax, Əli Həsənovun yazdığı kitab bu qəbildən-xalqın başa düşəcəyi qəbildəndir.
Nə isə qayıdaq 1920-ci il ağır aprel hadisələrinə. Müəllif Azərbaycan Cümhuriyyətinin süqutunu ürək ağrısı ilə yazır və bunun bölgədə geosiyasətin necə dəyişdiyini qeyd edir. O yazır ki, 1920-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanın ətrafında bolşeviklərin planlarının reallaşmasından ötrü əlverişli beynəlxalq şərait yaranmağa başlayır. Keçmiş Antanta ölkələrinin bir qisminin bolşevizmi beşiyində boğmaq və Türkiyənin keçmiş mülklərinə sahib olmaq istəkləri yaxın keçmişdə bir- biri ilə düşmən olan Türkiyə ilə bolşevik Rusiyasının yaxınlaşması iflasa uğradı.
Əli Həsənov Türkiyənin o dövrdəki mövqeyini aydınlıqla və ardıcıllıqla yazır: "... 1920-ci ilin aprelin 23-də Ankarada qurulan Böyük Millət Məclisi hökumətinin başçılıq etdiyi istiqlal hakimiyyəti hakimiyyəti üçün "... çox ağır vəziyyət yaranmışdı. Türk xalqının istiqlal savaşında onu müdafiə edən və yardım göstərən ölkə yox idi. Bu zaman Daşnak Ermənistanı Anadolu torpaqlarına sahib olmaq və bu ərazilərdə öz müstəqil dövlətini yaratmaq uğrunda Türkiyəyə qarşı Şərqdə ikinci bir cəbhə açmışdı. Türkiyə həm Qərbdə, həm də Şərqdə hərbi əməliyyat aparmaq məcburiyyətində qalmışdı...
Mustafa Kamal 1920-ci il aprelin 26-da Rusiyanın ümumi siyasətini nəzərə alaraq sovetlərə bir məktub göndərdi..." (Bax, s. 78)
Daha sonra hadisələrin xronologiyası və ardıcıllığını nəzərə alaraq yazır ki, RSFSR xalq xarici işlər komissarı G. Çiçerin bu müraciətə iyunun 3-də cavab verdi. Cavab məktubunda Türkiyə ilə müttəfiqlik tələb olunan bir sıra siyasi və ərazi məsələləri ilə yanaşı, Cənubi Qafqazın gələcəkdə Rusiyanın tam təsir dairəsinə verilməsi tələbi qoyulurdu.
Beləliklə də proses başladı. Böyük geosiyasi, geostrateji, geoiqtisadi maraqlar regional və milli maraqları öz ağuşuna alıb uddu və Rusiya-Türkiyə müttəfiqliyi baş tutdu. Faktiki olaraq Azərbaycan hökuməti getdikcə təklənirdi. Bunun da bir çox səbəbləri vardı və Əli Həsənov öz kitabında bunun səbəblərini ətraflı şərh edir.
Beləliklə, 1920-ci il aprelin 28-də Azərbaycanın dövlət müstəqilliyinə son qoyuldu və Xalq Cümhuriyyəti hökuməti buraxılaraq onun yerində Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.
Müəllif bu süqutdan sonra belə nəticəyə gəlir ki, Rusiya Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycana, onun təbii sərvətlərinə, əlverişli coğrafi mövqelərinə yiyələnərək böyük bir dövlətə çevrilmək istiqamətində səylərini artırdı. Artıq İran və Türkiyə zəif və kiçik Azərbaycan, Gürcüstan və Ermənistanla deyil, ağır vəziyyətdə olmasına baxmayaraq, güclənməkdə olan Rusiya ilə qonşuya çevrildilər. Bu isə nəinki regionda, o cümlədən dünyada gedən geosiyasi proseslərə ciddi təsir edən ciddi faktorlardan biri oldu. Beləliklə, Rusiya-Türkiyə müttəfiqliyi Qərb ölkələri üçün mənfi nəticələr doğursa da, ən ağır zərbə Azərbaycan və Gürcüstana dəydi.
Ardı var
Yunus Oğuz