Bakcell cavab verdi: o telefon talan edilib

3 İyun 2014 15:08
"Bakcell" şirkəti mediada müştərilərini aldatması ilə bağlı yayılmış məlumatlara reaksiya verib. Şirkətdən Milli.Az- daxil olan məlumatda deyilir ki, Validə Zərbəliyevanın istifadə etdiyi iPhone 5 markalı mobil telefon cihazının bloklaşdırılmasının səbəbi həmin cihazın dələduzluq yolu ilə talanması ilə bağlıdır. Hal-hazırda "Bakcell" MMC-yə məxsus olan bu telefon cihazının qeyri-qanuni satışı dələduzluq faktı üzrə polis orqanları tərəfindən aparılan ibtidai araşdırmanın obyektidir.

Daha konkret desək, xanım Zərbəliyevanın telefonu ilə bağlı bütün məsuliyyət, cihazın talanmış olmasını bilib-bilmədən satan dükanın üzərinə düşür. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" MMC hər bir istehlakçının hüquqlarına hörmətlə yanaşır. Buna baxmayaraq, şirkət müvafiq telefon cihazlarının qeyri-qanuni yolla əldə olunmasına və müxtəlif satış nöqtələrində qanunsuz satışa çıxarılmasına görə məsuliyyət daşımadığını bildirir.

Şirkət tərəfindən telefon cihazında bloklaşdırmanın həyata keçirilməsini iddia edən vətəndaşlardan polis orqanları tərəfindən aparılan ibtidai araşdırmaya kömək göstərmək məqsədilə "Bakcell" MMC-nin xidmət mərkəzlərinə müraciət etməsi və müvafiq İMEİ kodlu telefon cihazları barədə yazılı məlumat (əldə olunma yeri və tarixi, alqı-satqını təsdiq edən qəbz və ya digər sənəd) verməsi xahiş olunur. Telefonların İMEİ kod üzrə bloklaşdırılması ilə bağlı bildiririk ki, telefon cihazının qanuni sahibindən telefonun talanması barədə məlumat daxil olduqda, həmin telefon tələb olunarsa, müvafiq SİM-kart şirkət tərəfindən bloklaşdırılır.

Bu kimi tədbirlər digər operatorlar tərəfindən də həyata keçirilə bilər. İstənilən vətəndaş bu cür problemlə rastlaşarkən operatora müraciət edərək buna dair onu maraqlandıran bütün suallara cavab ala bilər. Əlavə olaraq bir daha bildiririk ki, talama yolu ilə əldə edilən müvafiq telefon cihazlarının satışı ilə məşğul olan dükanlar (şəxslər) hüquq mühafizə orqanları qarşısında cavabdehlik daşıyırlar.

Milli.Az


Bakcell Azərbaycan vətəndaşlarını necə aldadır? - FOTO