Xəbər verdiyimiz kimi, bu gündən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi ilə bağlı qərar qüvvəyə minib. İnterçeync (interchange) nağdsız ödənişlər zamanı kartı buraxan bank (emitent) və ödənişi qəbul edən bank (ekvayer) arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır. Bu vəsait adətən satıcının banka ödədiyi xidmət haqqından (ekvayrinq) banklar tərəfindən bölünür və loyallıq proqramları (keşbek) üçün istifadə olunur.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Milli.Az-a açıqlamasında bildirib ki, kart ödənişləri üzrə komissiyalara limit tətbiq olunması ilk növbədə sahibkarların xərclərinin azalmasına xidmət edir.
Onun sözlərinə görə, xüsusilə kiçik və orta biznes subyektləri üçün POS-terminal əməliyyatlarına görə ödənilən komissiyaların aşağı salınması nağdsız ödənişlərin qəbulunu daha cəlbedici edə bilər:
"Bu addım sahibkarların gəlirlərinin bir hissəsinin komissiya xərclərinə yönəlməsinin qarşısını alır və eyni zamanda nağdsız hesablaşmaların daha da genişlənməsinə şərait yaradır".
İqtisadçı qeyd edib ki, kəşbeklərin gələcəyi ilə bağlı müəyyən dəyişikliklər istisna deyil. O bildirib ki, bankların kart əməliyyatlarından əldə etdikləri gəlirlərin bir hissəsi məhz bu komissiyalar hesabına formalaşır:
"Komissiya gəlirlərinin azalması bəzi bankların kəşbek proqramlarına yenidən baxmasına, faizləri azaltmasına və ya kampaniyaların şərtlərində dəyişiklik etməsinə səbəb ola bilər. Lakin bu, avtomatik və məcburi proses deyil".
A.Nəsirlinin sözlərinə görə, kəşbeklərin taleyi hər bir bankın biznes strategiyasından, müştəri siyasətindən və digər gəlir mənbələrindən asılı olacaq.
Vurğulayıb ki, yeni qaydaların sahibkarlar üçün əsas üstünlüyü əməliyyat xərclərinin azalmasıdır:
"İstehlakçılar üçün isə əsas məsələ bankların bu dəyişikliklərə necə reaksiya verəcəyidir. Kəşbeklərin azalması ehtimalı mövcud olsa da, bunun hansı səviyyədə olacağını yalnız bankların gələcək qərarları göstərəcək".
Mina Mikayılova
Milli.Az