"Mən bu yazıda nə tarixi şəxsiyyət Məhsəti Gəncəvinin, nə də filmdə canlandırdığım Mina obrazının əxlaqını müzakirə edəcəyəm. Sizə bu həngamənin niyə yaranmasının qısa və təvəzökar izahını açıqlayacağam. Xahiş edirəm yazdıqlarımı əyib-bükmədən götürüb paylaşasınız".
Milli.Az xəbər verir ki, bu sözləri "Məhsəti" filmində baş rolu ifa edən aktirsa Fərqanə Abdulla sosial media hesabında yazıb.
.jpg)
O, oynadığı obrazın tənqid olunmasından söz açıb:
"İlk növbədə filmin qısa sinopsisindən və mənim aktrisa kimi obrazım haqqında nələr hiss etdiyimdən söhbət açım. "Məhsəti" filmi, gənc aktrisa Minanın "Məhsəti" tamaşasına hazırlanmasından bəhs edir. Bu gənc aktrisa belə dərin və çoxşaxəli obrazı canlandırmaq üçün öz sərhədlərini çeynəyir və filmdə biz onun bu səyahətini izləyirik. Mən bir aktrisa olaraq ilk dəfə bu təklifi alanda fərqli bir obraz olduğu üçün çox həyəcanlanmışdım, amma eyni zamanda narahatlıq da keçirirdim. Çünki mən də canlandırdığım "Mina" obrazı kimi öz sərhədlərimi çeynəməliydim. Gözləmirdim ki, Məhsətini, Minanı və məni sosial media meydanına çıxarıb orta əsrlərdəki kimi daşlayacaqlar. Çünki nə mənim öz əxlaqıma, nə canlandırdığım obrazın əxlaqına şübhəm yoxdu. Və ya mənim dəyərlərim kişi hegemoniyasıyla üst-üstə düşmür.
İndi isə gəlin məsələnin əxlaq keşikçiliyinə. Təəssüf ki, dünya elə Məhsəti Gəncəvinin dövründən, hətta daha öncədən bu günə kimi qadın düşmənçiliyindən əziyyət çəkir. Qadınlar öz təbiətlərinə görə vəhşi, qorxulu məxluq, əhilləşdirilməli bir canlı kimi görülür. Onlar erkən yaşdan etibarən cəmiyyət, ailə tərəfindən müəyyən rollara girməyə məcbur edilirlər. Bu rollara sığmayanları isə meydanlara çıxarıb daşlayır, yandırır, ölüsündən belə qisas alırlar.
Patriarxiyanın qadınlara biçdiyi cəmi 2 rol var: 1 - bakirə qalıb, bir kişiylə evlənib, uşaq doğan qadın (müqəddəs ailə ocağının qoruyucusu), 2 - bu xətti davam etdirə bilməyib, bədənini satan qadın ( kişilərin arzu və şəhvətlərinin qurbanı). Bir də bu rollara sığa bilməyən, özünü axtarmaq, tapmaq və yenidən yaratmaq istəyən qadınlar var. Onlar sadəcə bu əsrdə deyil, hər dövrdə var idilər və var olacaqlar da. Məhsəti Gəncəvi də onlardan biri idi. Onlar sadəcə rəqs etmək, əylənmək, sərxoş olmaq, sevişmək və yaratmaq istəyirdilər. Hər hansısa orta statistik kişinin etdiyi kimi... Amma bunu qadınlar etdiyi üçün "əxlaqsız" damğası vurmaq necə bir ikiüzlülükdü?".
Qeyd edək ki, Rejissoru Suad Qara (Suada Qarayeva) olan "Məhsəti" filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi "Baku Cinema Breeze 25" film festivalı çərçivəsində keçiriləcək Bakı Beynəlxalq Film Festivalının proqramından çıxarılıb. Mədəniyyət Nazirliyi və Kino Agentliyi isə məlumat yayaraq bildirib ki, ekran əsərinin baş rolu olan şairə Məhsəti Gəncəvi filmdə əxlaqsız obraz kimi təsvir olunub.
Fidan
Milli.Az