ASTANA, QAZAXISTAN. Görünənləri tam şəkildə əks etdirmək üçün söz tapmaqda çətinlik çəkdiyin zaman yaşanan inanılmaz emosional sarsıntı hissi... Amma yenə də oxuculara bu böyük sənət əsəri və dünya premyerası olan "İki Xalça" baletinin möhtəşəmliyini çatdırmağa çalışacağam. Bu balet, "Şirvan Xalçası" adlı əfsanə əsasında Mosaic Del Arte tərəfindən hazırlanaraq "Astana Balet" teatrının səhnəsində nümayiş olunub, və bu xalça Qara-Qırmızı rənglərdə Louvre kolleksiyasında saxlanılır, Trend-in müxbiri Astanadan xəbər verir.
Bu, iki möhtəşəm axşam oldu, tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla, "Bravo" səsləri ilə müşayiət edildi, və sonda yaradıcı kollektivə uzun müddətli ayaqüstü alqışlarla yekunlaşdı. "İki Xalça" artıq müasir baletdə yeni söz kimi qəbul edilir; fəlsəfi dərinlik, milli rəngkarlıq, vizual və xoreoqrafik möhtəşəmlik birləşib.
Bu geniş layihənin hər bir iştirakçısı xüsusi təşəkkürə layiqdir: Valeri Kopeykin - librettonun müəllifi, baş prodüser, Aleksandr Mogilev - baletmeyster-rejissor, Arseniy Smirnov - bəstəkar, Anastasiya Kapustina - dekorasiya rəssamı, İqor Chapurin - kostyum rəssamı, Asel Abakaeva - pedaqoq-repetitor, Jana Egorova - Mosaic Del Arte-nin baş direktoru, Mixail Çernıx - prodüser. Əsas rolları ifa edənlər - Tatyana Ten (Leyla), Sundet Sultanov/Erkanat Erməgambet (Samir), Nataliya Fernandez Menes (Margo). Səhnədə həmçinin "Astana Balet" artistləri və Qazax Milli Xoreoqrafiya Akademiyasının tələbələri iştirak etdi - ümumilikdə 140-dan çox nəfər!
Bütöv süjeti təkrar etməyəcəyəm, oxucular əvvəlki materiallarla tanış ola bilərlər (aşağıda linklərdə təqdim olunub), amma vurğulamaq istərdim ki, balet sadəcə bir hekayə danışmır - o, zaman, yaddaş və məhəbbət haqqında düşünür. Bu, plastika, işıq və simvollar dili ilə söylənən poema kimidir. Balet insan taleyi və əbədi dəyərlər haqqında fəlsəfi düşüncələrdir, hərəkətdə, rəqs dilində və simvollarda cisimləşmişdir. Əsər hisslər, simvollar və zaman dilində danışır - hər tamaşaçı öz məna və hisslərini tapacaq. Bu, tarixi dram, mədəni motivlər və vizual müasirliyin qarışdığı böyük sənət əsəridir!
Balet iki xalçanın - insan taleyi və mədəni yaddaş simvollarının hekayəsini danışır. Əsas məsələ odur ki, xalçalarda insanların hissləri yaşayır! Bu iki xalça simmetrik şəkildə yaradılıb, amma birində məhəbbətin qırmızı rəngi kədərin simvolu olan qara rəngə keçir, digərində isə əksinə. Hekayə coğrafi və mədəni motivləri birləşdirir: hadisələr XX əsrin əvvəlində baş verir - Bakıdan başlayır, sonra Sankt-Peterburqa keçir. Süjetə görə, kiçik Leyla və Samir birlikdə böyüyür, onların uşaqlıq dostluğu dərin məhəbbətə çevrilir.
Sonra isə müharibə, unudulma, ayrı düşmə gəlir. Samir ağır yaralanır, yaddaşını itirir, Vyana şəhərində tapılır, burada ona Margo kömək edir, amma Leyla tərəfindən toxunan xalça onun özünü tapmasına və geri qayıtmasına yardım edir. Burada məhəbbət üçün fədakarlıq məhəbbətin özüdür...
Tamaşaçılar ilk dəqiqələrdən başqa dünyaya aparılır - sənətin iplikləri ilə Şərq və Qərb birləşir, millətə məxsus motivlərdən ilhamlanan melodiyalar səhnədə qədim əfsanənin canlandığı hissini yaradır. Hər rəqs epizodu qədim xalçanın naxışını xatırladır - çoxqatlı, gizli mənalar və incə keçidlərlə dolu. Üstəlik, möhtəşəm rejissor qərarları, səhnə dekorasiyalarının da rəqsçilərlə birlikdə səhnədə hərəkət etməsi, xoreoqrafiyanın sehrinə birləşir. Hadisə yalnız səhnədə deyil, səhnənin üzərində - xüsusi yaradılmış platformada da baş verir ki, bu da məkan və çoxölçülülük hissini gücləndirir.
Balet neoklassik xoreoqrafiyadan istifadə edir, klassikanı müasir plastika elementləri və milli motivlərlə birləşdirir. Kompozisiyalar plastika baxımından çox yaradıcıdır: klassikanın yumşaq xətləri modern enerjisi ilə qarışır, milli elementlər isə avanqard hərəkətlərlə zənginləşir. Bütün bunlar təsirli dekorasiyalar, parlaq kostyumlar, sehrli işıq effektləri, animasiyalar və vizual proyeksiyalarla müşayiət olunur, səhnəni canlı tabloya çevirir. Musiqi isə ayrıca hekayədir: dərin, emosional, intonasiyalarla zəngin - sadəcə şah əsər! "Astana Balet" simfonik orkestri partiturunu ilhamlı güclə ifa etdi.
Adətən tamaşaçının diqqəti əsas qəhrəmanlara yönəlir, amma bu baletdə hətta ikinci dərəcəli obrazlar da ön plana çıxır, daxili işıqlarını açır və ümumi sənət nəfəsinin ayrılmaz hissəsinə çevrilirlər. Xüsusi istilik isə ən gənc ifaçılar - Arlan Eldosulu və Fatimə Naurızbay / Ayşabəyim Qurbanbək - kiçik Leyla və Samir rollarında çıxış etdilər. Tamaşaçıları həmçinin Diyar Kasenovun skripkaçı, Eldar Sərsəmbəyevin zabit, Tamirlan Nsanbayın xalça satıcısı, Milan Bukanova, Cayna Bayan, Altınay Cusupova, Asel Cangəskaevanın çingənə obrazları da çox təsirləndirdi. Və balet sənətində daha bir yenilik - proloqun əlavə edilməsi oldu; Leyla (Linda Nigmatulina) və Margo (Viktoriya Maslova) personajlarının dilindən qısa hekayə tamaşaçıların məzmunu dərhal qavramasına kömək etdi.
Premyera üçün xüsusi olaraq "Azərxalça" ustalarının toxuduğu unikal xalça Bakından gətirildi və teatr foyesində digər eksponatlarla birlikdə sərgiləndi - bu, iki ölkə arasında mədəni körpünün simvoludur.
"İki Xalça" baleti səfərini davam etdirəcək - tamaşa Qazaxıstanın digər şəhərlərində və xaricdə nümayiş olunacaq. Ümid edirik ki, gələcək səhnələşdirmələrdən biri də mütləq Azərbaycanda, bu poetik əfsanənin doğma vətənində baş tutacaq.
"İki Xalça" premyerası haqqında materiallar:
https://news.milli.az/culture/1295200.html
https://news.milli.az/culture/1296869.html
https://news.milli.az/culture/1297821.html
Milli.Az